Azərbaycanda yas qaydası dəyişir? - Yeni qanun, ölü sahibinə kart, “votsap” qrupu, məmurlara qadağa...
20-03-2024, 00:03
Azərbaycanda bir neçə kənddə yas mərasimində yemək verilməməsi qərara alınıb.
Şəki rayonunun Şirinbulaq kənd camaatının ümumi qərarı ilə bundan sonra yas mərasimlərində yemək verilməyəcək.
Sosial şəbəkə istifadəçiləri həmçinin Şəkinin Böyük Dəhnə, Kiçik Dəhnə və Oxud kəndlərində də artıq yaslarda yemək verilməsi adətinin tədricən aradan qalxdığını bildiriblər. Hətta qeyd edilib ki, artıq bir neçə ildir Şəkinin Orta Zəyzid kəndində bu qayda tətbiq olunur. Xatırladaq ki, daha əvvəl də Naxçıvanın Mahmudkənd və Culfa rayonunun Camaldın kəndinin sakinləri yas mərasimlərində yemək verilməsini dayandırmışdılar. Bunu israfçılıq hesab edən kənd sakinləri Camaldın kəndində yas mərasimlərində yalnız çay süfrəsi olacağını bildirmişdilər.
Qeyd edək ki, son illər daha çox müşahidə edilən yas və toy mərasimlərində israfa yol verilməsi aktual olaraq qalır. Toy mərasimlərində şadlıq saraylarının təqdim etdiyi və toy sahiblərinin də razılaşdığı menyuda öz əksini tapan yemək və içkilərin sayının həddindən artıq olması ictimaiyyət tərəfindən heç də birmənalı qarşılanmır. Bəzi vətəndaşların arzusu ilə seçilən bu menyu insanlar üçün həqiqətən böyük xərcə çevrilir. Ancaq insanlar “qonşudan qalma geri” prinsipinə əsaslanaraq, borc xatirinə də olsa “bol menyu standartı”na riayət etmək məcburiyyətindədirlər.
Eyni mənzərəni yas mərasimlərinə də şamil etmək olar. Belə ki, son illər yas mərasimlərində ehsan verilərkən masaların üzərində içkilərdən başqa hər şeyi görmək mümkündür. Bu sahədə elə bir vəziyyət yaranıb ki, aztəminatlı ailələr belə məcbur qalaraq imkanlı ailələrin yasında təqdim edilən menyunu tətbiq etməli olurlar. Bu vəziyyət isə onsuz da yaxın adamını itirmiş insanlar üçün əlavə borc yaradır.
Problemi aradan qaldırmaq üçün bir müddət öncə yas mərasimlərində yeni qayda tətbiq etməyə cəhd göstərildi, hətta yerli icra orqanları yas mərasimlərinə müdaxilə etməli oldular. Hətta bu problemi həll etmək məqsədilə yas mərasimlərini çadır və yaxud mərasim evlərində deyil, fərdi evlərin həyətində təşkil edənlər də oldu ki, istədiyi yeməyi təqdim etsin və müvafiq qurumlar bundan xəbər tutmasın. Ancaq bu vəziyyət uzun müddət davam etmədi və bu gün artıq yas mərasimləri yenə menyu və “borc” bolluğunda davam edir.
Halbuki keçmişdə, adət-ənənələrimizə uyğun toy və yas məraimləri təşkil olunar, insanlara sadə menyular təqdim edilirdi. Hazırda toy və yas mərasimləri bir çoxları üçün öz maddi imkanının nümayiş meydanına çevrilib. Bəzi bölgələrdə isə insanlar maddi imkan olmadığından, bu qaydaya etiraz bildirir, dəbdəbəli “ehsan menyusu”ndan imtina edirlər.
Qeyd edək ki, toy və yas mərasimlərindəki bu “menyu yarışı” ziyalılar, dövlət qurumları tərəfindən də müzakirələrə səbəb olsa da, vəziyyət dəyişmir. Çıxış yolu nədir və bu problemi həll etmək üçün mərasim evlərinə menyu ilə bağlı vahid qayda tətbiq edilə bilərmi?
Millət vəkili Ceyhun Məmmədov “Cebhe.info”-ya bildirib ki, bu, mürəkkəb məsələdir və problemin iki həll yolu var:
“Birincisi, insanlar özləri bu prosesə getməlidir. Məsələn, bir neçə kənddə sakinlər bu seçimi ediblər. İkincisi, bu məsələnin həlli üçün ən optimal variant qanunun qəbul edilməsidir.
Həmin məsələ mürəkkəb olsa da, könüllü şəkildə heç bir yas evi bunu etməyəcək. Çünki bu məsələnin hamısı biznes üzərində qurulub. Nə qədər ki, bu barədə qanun, hüquqi-normativ akt, sənəd yoxdur, bu məsələni tənzimləmək mümkün olmayacaq. Hələ ki, qanun real görünmür. Çünki məsələyə fərqli yanaşmalar var. Biz ümumiyyətlə, yas və toylarla bağlı sənəd hazırlayıb orada bütün məsələləri qeyd etməliyik ki, onu tənzimləyək. Nə qədər ki, bunu etməmişik heç nə dəyişməyəcək. Əgər hansısa bir xeyir-şər evi özü bu seçimi edərsə, yaxşı olar. Çünki mərasim evlərinin bu seçimi etmək ehtimalı azdır. Onlar da əsaslandırırlar ki, su, qaz, işçi pulu və s. ödəyirlər”.
Deputat xatırladıb ki, toylarda da belə vəziyyətdir:
“Ona görə də bu istiqamətdə təbliğatı daha çox aparmalıyıq. Vətəndaşlar özləri bu məsələyə münasibətlərini bildirib imtina etməlidirlər. Eyni zamanda, yalnız bir istiqamətdə deyil, həm toy, həm də yasların necə keçirilməli olması ilə bağlı hüquqi- normativ akt hazırlanmalıdır ki, hamı buna əməl etsin”.
Millət vəkili Fazil Mustafa isə deyir ki, bu məsələ mərasim evlərinin iradəsi ilə həll olunmur:
“Mərasim evlərinə zalı icarəyə verirlər. Onların təqdim edilən menyuya aidiyyəti yoxdur. Əslində dəbdəbəli ehsandan imtina edən sakinlərin qərarını stimullaşdırmaq, alqışlamaq lazımdır. Çünki insanlar yas adı ilə böyük bir israfçılığa, əziyyətə düçar olurlar. Ona görə də bu qərarlar ölkə ərazisində insanlar tərəfindən qəbul edilməlidir. Çünki belə qərarlar bilavasitə mədəni səviyyəni inkişaf etdirir. İnsanlar öz faydalarına uyğun davranış nümayiş etdirirlər. Faydalarından kənara çıxmağa ciddi lüzum görmürlər. Biz bu istiqamətdə birlikdə məsələləri cəmiyyət olaraq həll etməliyik.
Cəmiyyət olaraq özümüzə qarşı olan çətinlikləri ortadan qaldırmağa çalışmalıyıq. Hər kəs bilməlidir ki, bu, birbaşa insanların özlərinə əziyyətdir. Bu əziyyətdən insanları xilas etmək lazımdır”.
Onu da vurğulayaq ki, bəzi vətəndaşlar mərasimlərdə yas sahibinin kədərinə şərik olmaqdansa, təqdim edilən ehsanı müzakirə edirlər. Hətta yas mərasimlərinin birində belə bir hadisənin şahidi olduq.
Ehsan olaraq bir neçə yemək təqdim edilməsinə baxmayaraq, yasa gələn insanlardan biri “vəfat edən şəxsin adına layiq yaxşı ehsan verilmədi” deyə fikir bildirdi.
Bununla bağlı ilahiyyatçı Tural İrfanın sözlərinə görə, ehsan o demək deyil ki, sırf süfrə açılsın:
“Hər hansı bir bir yaxşılıq ehsandır. Bizim cəmiyyət niyəsə hər şeyi qarınla, yeməklə, boğazı ilə ölçür. Ehsan süfrələrinin məhdudlaşdırılması haqqında çox təkliflər etmişik, lakin bəzi işbaz "ruhanilər", ara mollaları və xurafata, xarici təsirlərə meyilli adamlar imkan vermirlər ki, bu israfçılığın qarşısını alaq. Bir müddət əvvəl Şərurun Mahmudkənd kəndində bunu ləğv etdilər, indi də Şəkidə bunun növbəti nümunəsini görürük. Yaxşı olar ki, başqa rayonların ağsaqqalları da bu işlərə rəvac verib təmtəraqlı, şan-şöhrətli, israfçı yas mərasimlərini ləğv etsinlər. Bakıdakı mərasim evlərində xüsusi menyular tətbiq olunmalıdır. Standart yas masası menyusu- çay, xurma, limon və bir növ kökə-könbə.. Çünki tam da süfrəni qurutmaq olmaz. Səfərdən gələn, xəstə olan, uşaqlar var”.
İlahiyyatçı deyib ki, bahalı, dəbdəbəli yas süfrələri açmaq çox pis adətdir:
“Bu adət kasıbın belini sındırmaqdır. Dinimizdə belə şeylər yoxdur. Yası düşən şəxsə camaat ət, yağ, ərzaq, pul aparıb verməlidir. Özləri də oturub yemək gözləməməlidirlər. Yas yeri yemək yeri deyil. Camaatı maarifləndirmək lazımdır. Bunu da ağsaqqallar, icra nümayəndələri, bələdiyyələr, din xadimləri etməlidir. Ancaq niyə etmirlər? Çünki məmurlar özləri də yaxınları öləndə təmtəraqlı ehsanlar verir, bahalı başdaşı qoydururlar. Bu alverdir. Yəni belə edir ki, özü gedib pul yazdırdığı məmurlar da gəlib əvəzini ödəsinlər. Din xadimləri də ona görə etmirlər ki, özləri də orada aş, bozbaş, halva yeyib kəmərin altını bərkidirlər. Ölü üçün dəfnin üç günlüyündə çay, xurma, limon vermək kifayətdir.
Yerdə qalan 7, 40, cümə axşamı, il məclislərini tamamilə ləğv etmək lazımdır. Uzaqdan gələnlər, yaşlılar, uşaqlar, dərman içənlər üçün yüngülvari nahar vermək olar. Onu da ölü sahibi özü almamalıdır, yasa gələnlər etməlidir ki, yas sahibinin başı qarışıq olduğu üçün istifadə etsin. Yoxsa gedib onu ziyana salmaq günahdır”.
İlahiyyatçının fikrincə, yavaş-yavaş onlayn ehsana keçmək lazımdır:
“Məsələn, pis bir adətimiz var.
Uzaq rayonda vəfat edən qohumun üçün gərək mütləq Bakıdan gedəsən. Yaxud rayondan Bakıya gələsən.
Filan qədər xərc-israf, əziyyət. Bunun vəfat edən şəxsə də heç bir faydası yox. Ondansa ölü sahibinin adına kart açılır, “vatsap” qrupunda ölünün bir yaxını elan edir, uzaqdakı qohumlar, yaxınlar, xarici ölkədə olanlar, üzrlü səbəbdən gələ bilməyənlər o karta müəyyən dəstək, müəyyən məbləğ vəsait köçürürlər. Ümumiyyətlə, həm ehsan süfrəsi məsələsində, həm də qəbir daşlarında konkret qanun qəbul edilib standart göstəricilər olmalıdır. Yoxsa belə iynə ilə gör qazmaq olmaz. Bu, xəlbirlə su daşımaq kimi bir şeydir. Buradan biz təbliğ edirik, iki kənddə ehsan məsələsi həll olunur. Oradan hansısa məmur təmtəraqlı mərasim zalları tikib şöhrətli menyularla ehsan təşkil etdirir. Belə olmaz. Gərək qaydalara hamı eyni şəkildə riayət etsin”.
Beləliklə, bu gün reallıq odur ki, hələlik bu sahədə köklü dəyişiklik mümkün görünmür. İndiyədək 7 kənd belə təmtəraqlı yas mərasimindən imtina edib. Belə davam edərsə, bütün ölkədə bunun reallaşması üçün hələ uzun illər gözləməli olacağıq.