Cənubi Qafqazda yenidən gərginlik baş verərsə, Ermənistan hərbi güclərin ayaqları altında qalacaq – RƏY

25-03-2024, 07:24           
Cənubi Qafqazda yenidən gərginlik baş verərsə, Ermənistan hərbi güclərin ayaqları altında qalacaq – RƏY
Cənubi Qafqazda yenidən gərginlik baş verərsə, Ermənistan nəinki heç nə qazanmayacaq, hətta hərbi güclərin ayaqları altında qalacaq.

Bunu Gununsesi.info-ya açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

Onun fikrincə, Ermənistan regionda formalaşmış geosiyasi konfiqurasiyanın dağılmasına və Cənubi Qafqazın yeni gərginlik məkanına çevrilməsinə xidmət edən addımlar atır:

“Belə ki, Avropa İttifaqının Ermənistandakı missiyasının statusunun parlamentdə ratifikasiya olunması ABŞ hərbçilərinin də gəlməsinə imkan yaradacaq və Cənubi Qafqazı nüfuz rəqabəti məkanına çevirəcək. Ermənistan parlamentinin bu addımı aprelin 5-də Brüsseldə Paşinyanla Blinken və Ursula fon der Lyayen arasında keçirilməsi nəzərdə tutulan üçtərəfli görüşünə hazırlıqla bağlıdır. Bu görüş zamanı hətta Ermənistanın təhlükəsizliyinə zəmanət adlı sənədin qəbul olunacağı da bildirilir. Təbii ki, Qərbin bu hərəkətləri Cənubi Qafqazda baş verən prosesləri birtərəfli həll etmək niyyəti daşıyır. Bu isə Azərbaycanın maraqlarına ziddir. Çünki bütün bu proseslər sərhədlərimizdə baş verir”.

Deputat bildirib ki, Azərbaycan Ermənistana sülh və əməkdaşlıq təklif etdiyi halda İrəvan regionda ABŞ və Aİ-nın hərbi bazasını yaratmağa çalışır: “Burda sual olunur ki, ABŞ və Ai-nin hərbçiləri Ermənistana kimdən qorumaq üçün zəmanət vermək istəyir. Təbii ki, Azərbaycan müharibənin başa çatdığını və Ermənistanın ərazilərində gözü olmadığını açıq şəkildə bəyan edib. Qərbə isə Cənubi Qafqazda sülhün və əməkdaşlığın yaranması maraqlı deyil və ona görə də Ermənistanı silahlandırır. Qərbin bu addımları Cənubi Qafqazı yenidən müharibə meydanına çevirmək niyyətindən irəli gəlir”.

A.Badamov vurğulayıb ki, Qərbin hərbi bazasının Ermənistanda yerləşdirlməsi Rusiya və İranın maraqlarına da ziddir. Çünki uzun illərdir ki, Rusiya Ermənistanda 102-ci hərbi bazasını saxlayır və sərhədlərini qoruyur:

“ABŞ-nin hərbi bazasının Ermənistanda yerləşməsi Rusiyanın 102-ci bazası ilə Qərbin üz-üzə gəlməsinə gətirib çıxaracaq. Beləliklə, Rusiya hərbçiləri ilə Qərbin hərbçiləri arasında Ermənistanda toqquşmanın baş verməsi qaçılmaz olacaq. İran-ABŞ münasibətlərində də uzun illərdir ki, gərginlik yaşanır. O cümlədən ABŞ-nin müəllifliyi ilə Qərbin İrana sanksiyalar təbiq olunmuşdur. ABŞ-nin İranda da öz maraqları var. ABŞ maraqlarını həyata keçirmək üçün Ermənistan ərazisini hərbi plasdarm kimi istifadə edəcək. Bu baxımdan ABŞ-nin Ermənistanda hərbi bazasının yaradılması İranın təhlükəsizliyinə böyük zərbədir”.

“Ermənistanın ABŞ hərbçilərini gətirmək planı İran, Rusiya və Qərb arasında müharibənin alovlanacağı yeni bir ocağı əmələ gətirəcək. Baş verən proseslər hətta Üçüncü Dünya müharibəsinin Cənubi Qafqazdan başlayacağı ilə bağlı proqnozların verilməsinə zəmin yaradır. Ermənilərin tarixi ölkələrarası gərginliklər yaratmaqla zəng olub. Onlar həmişə gərginlik yaratmaqla özlərinə qazanc əldə etməyə öyrəşiblər. Amma zaman dəyişilib, bu gün Cənubi Qafqazda yenidən gərginlik baş verərsə, Ermənistan nəinki heç nə qazanmayacaq, hətta hərbi güclərin ayaqları altında qalacaq”, – millət vəkili qeyd edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.