Ölümcül gözəllik: gənclərimizi qorxunc bəladan necə xilas edək?
4-04-2024, 09:44
“Ağır depressiyaya düşmüşdüm, həyat enerjim tükənmişdi...”
Karyerasının ən gözəl çağlarında idi… Gənc olmasına baxmayaraq, bodibildinq dünyasında tanınmış və sevilən idmançılardan idi. Bir çox məşhur yarışlarda, o cümlədən olimpiya oyunlarında iştirak edib. Əslində qısa zamanda məşhurlaşmasının səbəbi sonradan aşkarlandı. Şöhrət arzusu gözünü elə bürümüşdü ki, asan yolla şöhrətə çatmaq istəyi onun sonu oldu. Yüzlərlə idmançının həyatına son qoyan steroid bəlası ondan da yan keçmədi…”
Söhbət 26 yaşında əbədiyyətə qovuşan bodibildinq ulduzu Dallas Makkarveridən gedir. Ölümündən 3 ay sonra məlum olub ki, Dallasın ölüm səbəbi steroid istifadə edən insanlar arasında tez-tez rast gəlinən ağır kardiomeqaliya (ürəyin böyüməsi – red.) olub. Onun üçün steroid istifadəsi uğura yox, ölümə aparan yol oldu. O qədər steroid istifadə etmişdi ki, ürəyi normal insan ürəyinin ölçüsündən, demək olar, üç dəfə böyük idi…
***
İdman dünyasının bəlasına çevrilən steroidlər can almağa davam edir. Təəssüf ki, idmançıların onundan doqquzu bu tələyə düşür və steroidin qurbanına çevrilir. Qurbanlar arasında Aziz Sergeyeviç Şaverşyan (Zyzz,22), Riçard Yucin Piana (Riç Piana 47), Ben Harnett (37), Corc Peterson (37), Alzado Lorns (43), Teylr Hudn (17) və s. var.
Hər birinin maraqlı və fərqli hekayəsi var. Amma onları birləşdirən şeylər heç də ürəkaçan deyil. Steroid və ölümün birləşdirdiyi bu idmançılar arasında heç 50 demirəm, 20-25 yaşına belə çatmayanlar var. Nəyin uğrunda? Nədir onları canları bahasına bu yola vadar edən? Şöhrət? Var-dövlət? Bəlkə də arzularına çatdılar, amma səfasını sürə bilmədilər…
Ümumiyyətlə, steroid nədir, nə vaxt və necə yaranıb? Niyə idmançılar ona aludə olur?
Anabolik steroidlər əzələ toxumasını təşkil edən hüceyrələrin bölünməsini sürətləndirən kimyəvi maddələr qrupudur. İlk dəfə 1930-cu illərdə əzələ böyüməsini təşviq etmək və atletik performansı artırmaq üçün kəşf edilib. 1950-ci illərdən bəri bu maddələr bodibildinq mütəxəssisləri və başqaları tərəfindən performansı və estetik görünüşü yaxşılaşdırmaq üçün istifadə edilib. Bu maddələri qəbul etdikdən sonra əzələ sistemi daha səmərəli işləyir, onun kütləsi, gücü və dözümlülüyü artır. Əlavə olaraq, qırmızı qan hüceyrələrinin sayı və sümük böyüməsinin sürəti də çoxalır. Bəzi əks təsirlərə görə ən təhlükəli dopinq dərmanlarından biridir.
Bəs, anabolik steroidlər hansı xəstəliklərin törədicisi ola bilir? İnsanı nə zaman ölüm həddinə çatdırır?
Bununla bağlı Pressklub.az saytına açıqlama verən həkim-terapevt Sübhan Hacıyev deyib ki, anabolik steroidlər uzun müddət və yüksək dozada istifadə olunduqda ürək əzələsinin cırılmasına, ürəyin ritm pozğunluğuna və qəfil ürək dayanmasına səbəb olur.
Müsahibimiz deyib ki, steroidlərin əsas təsir mexanizmi iki cür olur: anabolik effekt və androgenik effekt. Anabolik effekt insanlarda ağrıları azaldır, əzələ kütləsini artırır. Daha çox piy toxumasının deqradasiyasına (piy toxumasının əriməsi – red.) gətirib çıxarır. Həmçinin gücün, dözümlüyün artmasına səbəb olur.
Doktorun sözlərinə görə, androgenik effektlər daha çox özünü büruzə verir. Bu, istər qadınlarda, istərsə də kişilərdə fərqli hormonların balansının pozulmasına gətirib çıxarır. Məsələn, kişi idmançılarımız daha çox testesteron (kişi cinsiyyət hormonu – red.) anaboliklərindən istifadə edirlər: “Bu da saçın ciddi şəkildə tökülməsinə, dəri quruluğuna, çartlamasına, sızanağın yaranmasına səbəb olur. Eyni zamanda, reproduktiv funksiyanı da pozur. Yəni, sonsuzluğa yol aça bilir. Ciddi şəkildə xayalarda və kişi cinsiyyət orqanında atrofiyaya (orqan kiçilməsi – red.) gətirib çıxarır. Prostat vəzində hiperplaziyanın (həddən artıq hüceyrə artımı – red.) xoşxassəli və ya bədxassəli törəməsinin yaranmasına səbəb olur. Bundan əlavə, hüceyrə bölünməsi sürətləndiyi üçün digər orqanlarda da bir çox onkoloji xəstəliklərin yaranmasına rast gəlinir”.
Müsahibimiz deyib ki, steroidlər mədə-bağırsaq traktında, xüsusilə də qaraciyər və böyrək filtrasiyasında çox ciddi problemlər yaradır.
Doktor hesab edir ki, bəzi peşəkar idmançılarda steroiddən istifadəni dayandırdıqdan sonra da detoks prosedurları almadıqları zaman psixi problemlər, emosional gərginlik, şüuraltı təşviş pozuntuları yarana bilir.
Müsahibimiz steroidlərin tibdə istifadə olunmasından da söz açıb: “Tibdə də steroid hormonlar istifadə olunur. Bunlar daha çox hormonal iltihab əleyhinə preparatlar olaraq, revmatizm xəstəliklərində, xroniki birləşdirici toxumaların iltihabi xəstəliklərində istifadə olunur. Lakin onun təyini həkimlər tərəfindən yüz ölçülüb, bir biçildikdən sonra yazılır”.
Steroid tendensiyası, təbii ki, Azərbaycandan da yan keçməyib. Şirin zəhər-steroidlərin ölkəmizdə xeyli istifadəçisi var. Sərbəst satışına qadağa qoyulan bu preparatları müxtəlif yollarla əldə edənlərin sayı durmadan artır. Bu tələyə daha çox gənclər düşür. Amma süni böyüməyə səbəb olan bu steroidlər əslində daimi böyüməni ləngidir. Bəziləri başına gələcəkləri bilə-bilə, sırf fit görünüş naminə buna razı olur, bəziləri isə məlumatsızlıqdan, məhz ətrafdakılarla bəhs etmək üçün steroid qurbanı olur. Amma bilmirlər ki, əslində gözəllik qurban yox, zəhmət tələb edir.
“Yenidən o günlərə qayıtsaydım, steroid istifadəsini ağlımdan belə keçirməzdim…”
Bu sözləri gənc yaşlarından steroid istifadəçisi olan Ruslan Rəhimli Pressklub.az-ın əməkdaşı ilə söhbətində deyib.
“16 yaşımda böyük həvəslə idmana başladım. Daha çox böyümək, güclü olmaq arzusu məni steroid qəbuluna təşviq etdi. İstifadəsi zamanı özümü psixoloji və fiziki çox gümrah, qüvvətli hiss edirdim. Məşq prosesi çox rahat gedirdi. Əzələ böyüməsi, bərpası sürətlənmişdi. 20 ilə yaxın steroid istifadəçisi olmuşam. Həm anabolik, həm də androgen steroidlərdən qəbul etmişəm. İstifadəni dayandırdıqdan sonra müxtəlif sağlıq problemləri ilə yanaşı, idmanda da çətinlik çəkməyə başladım. Əvvəlki kimi gümrah məşq etmək olmur, əzələ və güc itkisi başlayır. Bundan əlavə, psixoloji problemlərim yaranmağa başladı. Ağır depressiyaya düşmüşdüm. Həyat enerjim tükənmişdi. Hər şeyə aqressiv reaksiya verirdim. Nəhayət, uzun müddət müalicə alandan sonra düzəlməyə başladım. Steroidə həvəsli gənc gördükdə onu bu fikrindən daşındırmağa çalışıram. Çünki gec də olsa, nə qədər zərərli olduğunu çox yaxşı anladım”.
Görünür, steroidlər yalnız daxili və xarici orqanlara deyil, insan psixologiyasına da zərər vurur. Hətta insanları intihar həddinə belə çatdırır.
Bununla bağlı Pressklub.az-a danışan psixoloq Heyran İbrahim deyib ki, mütəmadi steroid qəbulu insan psixologiyasına ciddi zərər vura bilər.
“Steroid hesabına testosteron səviyyəsinin artması aqressivliyin də artmasına, eləcə də idarəolunmaz qəzəb partlayışlarına səbəb olur. Psixoloji cəhətdən steroid idman zamanı gümrah hiss etdirsə də idmançının həddən artıq məşq etməsinə səbəb olaraq, sinir sisteminin gərginliyini son həddə çatdırır. Artan narahatlıq, emosional stress və qıcıqlanma da qanın kimyəvi tərkibində eyni dəyişikliklərə səbəb olur . Həmçinin özünə və başqalarına qarşı təhlükəli davranışlara, intihar vəziyyətinə də gətirib çıxara bilər”.
Maraqlıdır, idmana yeni başlayanlar steroid tələsinə düşməmək üçün nələrə diqqət etməlidir?
Bodibildinq məşqçisi Xəyyam Kazımov mətbuata açıqlamasında deyib ki, idman zalına gedən yol həkim kabinetindən keçməlidir.
“Ümumiyyətlə, nəinki steroidə, hətta idmana yeni başlayarkən ilk növbədə həkim yoxlanışından keçmək lazımdır. Sağlamlığının məşqə uyğun olub-olmadığını bilmək önəmlidir. Təəssüf ki, az insan bunu edir”.
Onun sözlərinə görə, bu steroidlər bütün idman növlərində istifadə olunur. Amma peşəkar istifadə ilə naşı istifadə çox fərqlidir: “İdmana yeni başlayan həvəskarlar bu məsələlərdə çox diqqətli olmalı, yüz ölçüb, bir biçməlidir. Onlara əlavə preparatlardan uzaq durmalarını tövsiyə edirəm. Bəzi idman zallarındakı məşqçilər şəxsi maraqları naminə yeni gələn gəncləri steroid qəbuluna həvəsləndirirlər. Ona görə də gənclər bu məsələlərdə ayıq olmalı, araşdırma etməlidir. Sağlamlığın hər şeydən öndə gəldiyini unutmamaq gərəkdir”.
Dünya ölkələri uzun illərdir idmanda bərabərlik anlayışını yerlə bir edən, haqsız rəqabət yaradan dopinq və steroidlərlə mübarizə aparır. Azərbaycan da bu ölkələr sırasındadır. Hətta “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının qanunu mövcuddur. Bundan əlavə, qadağan olunmuş maddələrin istifadəsini aşkar etmək və qarşısını almaq üçün Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) fəaliyyət göstərir.
Maraqlıdır, Azərbaycanda bu preparatları qanunsuz yolla əldə edən şəxslər barəsində tədbirlər görülürmü? Və həmin steroidlər tibbi steroidlərdən nə dərəcədə fərqlənir? Ümumiyyətlə, AMADA bu maddələrin istifadəsinə qarşı hansı tədbirləri həyata keçirir?
Mövzu ilə bağlı Pressklub.az saytına açıqlama verən AMADA-nın mətbuat katibi Səxavət Quliyev bildirib ki, qeyri-qanuni yolla əldə edilmiş steroidlər qeyri-müəyyən tərkibə və potensiala görə ciddi risk təşkil edir.
“Steroidlərin qeyri-qanuni satışı mövcuddur. Qanuna əsasən, bəzi steroidlər güclü təsir edən maddələr siyahısına daxildir. Buna görə də onların qanunsuz satışı cinayət məsuliyyəti sayılır”.
Müsahibimiz bildirib ki, tibbi olaraq tanınan steroidlər arasında kişi xüsusiyyətlərinə və reproduktiv funksiyalara təsir edən əhəmiyyətli androgen təsirləri olanlar daha təhlükəli hesab edilir. Buraya hepatotoksisitesi (qaraciyər zərəri-red) və ya qaraciyərə zərər vermə potensialı ilə tanınan müəyyən oral steroidlər və xolesterol (bədəndəki yağlı maddə-red) səviyyələrini ciddi şəkildə dəyişdirən, bununla da ateroskleroz (qan damarlarının xroniki xəstəliyi-red) və ürək xəstəliyi riskini əhəmiyyətli dərəcədə artıran steroidlər daxildir: “Hər hansı bir steroidin sui-istifadəsi təhlükəli ola bilər, lakin resept olmadan və ya tənzimlənməmiş mənbələr vasitəsilə əldə edilənlər potensial kontaminasiya və ya yanlış etiketləmə səbəbindən yüksək risk yaradır”.
Həmsöhbətimiz deyib ki, idmançılar arasında nəzarəti saxlamaq üçün AMADA həm yarış müddətində, həm də yarışdan kənar testlərdən istifadə edir. Geniş idman ictimaiyyətinə dopinqdən imtina etmək üçün maarifləndirmə prosesini həyata keçirirlər: “Buraya steroid istifadəsi ilə bağlı sağlamlıq riskləri, təmiz idman prinsipləri və antidopinq qayda pozuntularının potensial nəticələri haqqında ətraflı məlumatlar daxildir. Bu hərtərəfli səylər vasitəsilə AMADA Azərbaycanda dopinqin kölgəsindən azad olmaq və rəqabət ruhunun istedad, zəhmət və ədalət üzərində çiçəkləndiyi idman mühiti yaratmağa çalışır”.
Vaxtilə gözəllik uğrunda sağlamlığını qurban verənlər bu gün onun peşmanlığını çəkir. İnsan oğlu ömür boyu zərərə uğradıqdan sonra ağıllanıb. Anlıq həvəslə atıldıqları yolun sonu qaranlıq dünyaya açılır. Ona görə də vaxtında maariflənmək, araşdırmaq lazımdır. İnsanın ən böyük dostu da, düşməni də elə özüdür. Bacaran dost olur, bacarmayan düşmən…
Gözəllik qurban yox, zəhmət tələb edir. Gözəlliyimizi və sağlamlığımızı heç nəyə qurban verməyək!
Günay Elşən