Vaşinqtondan sərt tədbirlərə keçid: Çinlə iqtisadi savaş dərinləşir

11-04-2024, 08:44           
Vaşinqtondan sərt tədbirlərə keçid:
Politoloq: “Çində, eləcə də dünyada nəhəng şirkətlər ABŞ bazarını itirməmək üçün bu ölkənin iradəsinə qarşı çıxmırlar”

ABŞ-ın maliyyə naziri Janet Yellen bazar ertəsi bildirib ki, Rusiyaya hərbi və ikili təyinatlı malların ixracını asanlaşdıran Çin bankları ABŞ sanksiyalarının hədəfi ola bilər. Çinə dörd günlük səfərini başa vurduqdan sonra Pekində keçirdiyi mətbuat konfransında Dövlət Şurasının Baş naziri Li Qianq və digər yüksək səviyyəli Çin rəsmiləri ilə görüşən Yellen milli təhlükəsizlik məsələləri ilə bağlı "sərt" müzakirələr apardığını və bununla bağlı narahatlığını ifadə etdiyini söyləyib. Çin şirkətlərinin Rusiya hərbi sənaye kompleksinə dəstəyinin problem olduğunu qeyd edib.

Yellen Çin şirkətlərinin Rusiyanın hərbi səylərinə “maddi dəstək” verməməli və ya “əhəmiyyətli nəticələrlə” üzləşməməli olduğunu vurğulayıb: “Mən bir daha xəbərdarlıq etdim ki, Rusiyaya hərbi və ya ikili təyinatlı malların tədarükü ilə bağlı əhəmiyyətli əməliyyatları asanlaşdıran istənilən bank Amerika sanksiyaları riski ilə üzləşir".

Çin Xarici İşlər Nazirliyinin sözçüsü isə cavab olaraq bildirib ki, ABŞ Rusiya və Çin arasında normal dövlətlərarası münasibətləri ləkələməyə çalışır və Çin şirkətlərinin qanuni maraqlarına xələl gətirməməlidir.

Qeyd edək ki, Yellenin açıqlamaları ABŞ-dan Çin şirkətlərinə edilən ən bariz ictimai xəbərdarlıqlardan biri oldu. Ötən ilin əvvəlində ABŞ dövlət katibi Antoni Blinken Çinin Rusiyaya “qeyri-öldürücü yardım” etdiyini və “öldürücü yardım” göstərməyi nəzərdən keçirdiyini açıqlamışdı. O vaxtdan bəri ABŞ Rusiyaya hərbi istehsalda istifadə oluna biləcək malların ixracına qoyulan qadağanı pozduğuna görə bir neçə Çin şirkətinə sanksiya tətbiq edib.

Rəsmi Pekinin ABŞ-ın təzyiqinin qəbuledilməzliyi ilə bağlı bəyanatlarına baxmayaraq, Çin bankları rus müştəriləri ilə münasibətləri məhdudlaşdırmağa başlayıblar. Çünki Amerika maliyyə sistemindən xaric olunmaq təhlükəsi onlar üçün Rusiya ilə əməliyyatların faydalarından daha böyük itkilərə səbəb ola bilər.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu də bu qənaəti bölüşür. Politoloq AYNA-ya bildirib ki, Çində, eləcə də dünyada nəhəng şirkətlər ABŞ bazarını itirməmək üçün bu ölkənin iradəsinə qarşı çıxmırlar: “ABŞ-ın nəzərdə tutulan sanksiyalarına əməl edən şirkətlər öz maraqlarını nəzərə almaq məcburiyyətindədirlər. Düzdür, ABŞ-ın hansısa şirkətə və ya şəxsə qarşı tətbiq etdiyi sanksiyalar beynəlxalq hüquqi öhdəlik yaratmır, amma dünyanın əsas şirkətləri ABŞ-ın sanksiyalarının tələblərinə əməl etmək məcburiyyətində qalırlar. Bunun da ciddi səbəbləri mövcuddur. Qlobal şirkətlər sanksiyaların tətbiqindən sonra seçim etməli olurlar. Kommersiya maraqlarını əsas götürən şirkətlər daha böyük olan Amerika bazarını seçirlər. Burada sözsüz ki, ABŞ-ın qəzəbinə gəlməmək qorxusu da var”.

“Ancaq bəzi şirkətlər var ki, onlar bu sanksiyalara baxmayaraq, İran, Çin və Rusiyada fəaliyyətlərini dayandırmaq istəmirlər. Bu da onunla əlaqədardır ki, həmin şirkətlərin əsas fəaliyyətləri bu ölkələrlə bağlıdır və onlar ABŞ-ın sanksiyalarına qoşulmurlar. Bütün hallarda çıxarılar diqqətlə hesablanır və bundan sonra qərar verilir. Lakin yenə deyirəm, ABŞ-ın tətbiq etdiyi sanksiyalar qeyd-şərtsiz qəbul edilməli olan öhdəlik yaratmır”, - deyə analitik əlavə edib.

Müəllif: Turan Abdulla












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.