Bu gün Türkiyəsiz və Azərbaycanla sülh müaviləsi imzalamadan Ermənistanın yeni təhlükəsizlik konsepsiyası mümkün deyil ...

11-04-2024, 10:14           
Bu gün Türkiyəsiz və Azərbaycanla sülh müaviləsi imzalamadan Ermənistanın yeni təhlükəsizlik konsepsiyası mümkün deyil ...
Paşinyan erməni xalqının mental, xəyal dünyasının “təmir” edilməsi üçün son şansdır. O bu gün çox vacib bəyanatlar verib, 4 kəndi qaytaracaqlarından, Türkiyə ilə münasibətlərin yaxşılaşdırmağın vacibliyindən danışıb.
Amma ən maraqlı bəyanatı başqadır, sitat: “Mən şəxsən belə bir qənaətə gəldim ki, tarixi Ermənistan və real Ermənistan nəinki bir-birinə sığmır, əksinə, çox vaxt bir-biri ilə ziddiyyət təşkil edir, hətta bir-birinə ciddi təhlükələr yaradır”.
Tərcüməsi: Onillərlə xəyal, xəstə təfəkkürün məhsulu olan, xalqın, toplumun bir neçə nəsl beynini zəhərləyən “Böyük Ermənistan” nağılı, indiki Ermənistan Respublikası üçün ciddi təhlükəyə çevrilib. Onillərdir özlərini buna inandırmışdılar, Kremlin köməyi ilə birinci Qarabağ savaşında müvəqqəti qalibiyyət qazanmaları isə beyinlərini tam dumanlandırmışdı. Son 30 ildə onlar düşünürdülər ki, Ermənistanın sərhədləri Ağcəbədidən, Beyləqandan, Tərtərdən, Horadizdən başlayır, inanmışdılar ki, o sərhədlərdən İrəvana, Qafana və digər Ermənistan şəhərlərinə 150-250 km məsafə var. Ancaq 44 günlük Vətən müharibəsindəki möhtəşəm qələbəmizdən sonra bir gün ayıldılar ki, Qafanın 2 km-də Azərbaycan Əsgəri müqəddəs bayrağımızı ucaldıb, Ordumuzun dayandığı sərhədlərimizdən düz yolla İrəvana 1,5 saatlıq yol var. Bu erməni xalqında şok effekti yaratdı, amma onları tam ayıltmadı, bəzi ağıllı adamları publik deməyə başladılar ki, ayılın, Qarabağ da bizim olmayacaq, Türkiyəyə və Gürcüstana ərazi iddialarından isə əl çəkin, unudun, biz kiçik, demokrafik faciə yaşayan, coğrafi dalanda yerləşən xalqıq. Amma yenə dinləyən, başa düşən az idi – sonra Azərbaycan dövləti 2023-ün sentyabrında Moskvanın bütün maneələrinə baxmayaraq Xankəndi və ətrafında separatizmin kökünü qazıdı, suverenliyimiz və ərazi bütövlüyümüz tam bərpa olundu. Məhz bundan sonra Ermənsitanda ciddi ayılma prosesi başladı, özləri üçün müqəddəs və güclü saydıqları 200 illik təhlükəsizlik konsepsiyaları darmadağın oldu, onları yeni təhlükəsizlik modelləri axtarmağa məcbur buraxdı. Amma, yeni təhlükəsizlik modelinin də əsas “çətiri” Türkiyə ola bilər – indi bunu “həzm” edə bilmirlər, bu fikirlə yaşamaq onlara ağır gəlir. Bu gün Türkiyəsiz və Azərbaycanla sülh müaviləsi imzalamadan Ermənistanın yeni təhlükəsizlik konsepsiyası mümkün deyil - əslində ABŞ və AB-də dolayısı ilə bunu deyir. Paşinyan bunu anlayır, öz xalqına anlatmağa çalışır – amma proses ağır gedir, çünki onillərə, bir neçə nəslə yayılmış “mərəz”, mental xəyallar tez “sağalmır”, buna zaman və geosiyasi reallıqların çılpaqlığı lazımdır.
Bizim zamanız var – Azərbaycan öz problemlərini tam və qəti şəkildə, ən fantastik müsbət ssenari ilə həll etdi, ordumuz və müttəfiqlərimiz güclüdür, NATO ölkəsi olan qardaş Türkiyə ilə birgə təhlükəsizlik “çətirimiz” var. Deməli zaman bizə işləyir, ona görə də, Rusiya-Ermənistan sözlü, imitasiya xarakterli, və ya lap real olan-olacaq davasını ancaq kənardan izləməli, bu məsələyə heç cür daxil olmamalıyıq...
Kiçik haşiyə: Bir neçə il öncə Avropa ölkələrinin birində yenə Azərbaycan-Ermənistan əlaqələri, Qarabağ məsələsi ətrafında beynəlxalq tədbirdə idim. Ermənistandan olan ekspertlərən biri yenə “Böyük Ermənistan” nağılından söz açdı, tarixi məsələləri müasir siyasi-ərazi iddialarına transformasiya etməyə çalışdı. Tədbirdə bir neçə ölkədən nümayəndələr də var idi – mən söz alıb həmin adama, “lütfən, tarixi Ermənistanın sərhədlərini, ərazisini deyin, biz də işimizi bilək”, deyə sual verdim. Adam Yunanıstandan başladı, Türkiyədən keçdi, Gürcüstanın, Azərbaycanın yarısı içinə alan bir xəyali xəritə “cizdi”. Ümumiyyətlə, xarici konfranslarda onları bu mövzuya çəkmək ciddi effekt verirdi, hamı xəstə mental düşüncəni açıq görürdü. Onun cavabından sonra mən, “sizin çəkdiyimiz “xəritə”, təqribən, 2 mln. km2 ərazi edir və oralarda 100 mln.-dan çox insan yaşayır onları hara, ən vacibi, necə qovacaqsınız bəs? Axı siz monoetnik ölkə modeli seçmisiz. Bundan başqa, siz Ermənistanda real olaraq cəmi 2 mln. nəfərsiz – yəni, kişili-qadınlı-uşaqlı hamınız sərhəddə düzülsəniz belə hər km2-ə 1 nəfər “sərhədçi” düşür, yaxşı, bu sərhədlərinizi necə qoruyacaqsınız”, dedim, zalda gülüş səsləri ucaldı, adam cavab verə bilmədi və qızarıb tərbiri tərk etdi...
Natig Cəfərli
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.