Tehranın əsas istəyi Ermənistanın Azərbaycan qarşısında duruş gətirməsidir
11-04-2024, 10:34
Ermənistanın baş naziri Nikol Paşinyan 5 aprel Brüssel görüşündə ABŞ və Avropa İttifaqından istədiklərini və arzuladıqlarını ala bilmədiyinə görə, Rusiya və İranın narahatlığını azaltmağa qərar verib. Paşinyan parlamentdəki son çıxışında İrəvanla Moskva arasında münasibətlərin çətin dövrlərdən keçdiyini etiraf etsə də, ölkəsinin Rusiya ilə münasibətlərdə yanlış addımlar atmadığını vurğulayıb. “Ermənistan Rusiya ilə mübahisə etmək fikrində deyil” deyən Paşinyan Ermənistanın Rusiya qarşısında öhdəliklərini yerinə yetirdiyini bildirib.
Nikol Paşinyanın bu sözləri Moskvada müsbət qiymətləndirilib ki, Rusiya prezidentinin mətbuat katibi Ermənistanı Rusiya Federasiyasının yaxın tərəfdaşı və müttəfiqi adlandırıb. Onun sözlərinə görə, Rusiya-Ermənistan ikitərəfli münasibətlərinin əhəmiyyətini qiymətləndirmək çətindir. Peskovun iki ölkə arasında tarixi bağlılığa işarə edərək “Rusiya hesab edir ki, Ermənistanla münasibətlərdə bütün mürəkkəb anlar öz həllini dialoq çərçivəsində tapacaq” cümləsini işlətməsi Kremlin Paşinyana yumşaq təzyiq forması kimi qiymətləndirmək lazımdır. Kreml Ermənistanı itirmək istəmir.
Nikol Paşinyan Tehranın da narahatlığını nəzərə alaraq İranın ünvanına da xoş sözlər deyib. “İrəvan Brüssellə əməkdaşlığı Tehranla münasibətlər hesabına inkişaf etdirmir” deyən Paşinyan bununla İranı sakitləşdirmək istəyib. Paşinyan Ermənistanın Qərblə münasibətlərinin İran əleyhinə olmadığını vurğulayıb. Nikol Paşinyanın Brüsseldəki görüş və müzakirələri Moskvadan fərqli olaraq Tehranı onsuz da narahat etməyib. Doğrudur, İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani Brüssel görüşünü şərh edərkən bildirib ki, Cənubi Qafqazın geosiyasi rəqabət meydanına çevrilməməsi gərəkliyibi bildirib. Bunlar ümumi sözlərdir. Tehranın əsas istəyi Ermənistanın Azərbaycan qarşısında duruş gətirməsidir. Əgər ABŞ və Avropa İttifaqı Ermənistanın zəifləməsinin qarşısını alacaqlarsa, bu Tehranın da maraqlarına uyğundur.
Elxan Şahinoğlu
TEREF