Cənubi Qafqazda sülh prosesinə Vaşinqtonun, Moskvanın və Tehranın baxış bucaqları
11-04-2024, 12:04
Azərbaycan və Ermənistan arasında gərginliyin davam etdiyi bir vaxtda İran, Rusiya və ABŞ tərəfləri sülhə çağırıb.
Bu çağırışlar aprelin 5-dən başlayaraq iki ölkənin sərhədləri boyunca qarşılıqlı silahlı atışmaların davam etdiyi vaxta təsadüf edir. İki ölkə arasında yeni silahlı gərginlik aprelin 5-də Brüsseldə ABŞ-Avropa İttifaqı-Ermənistan üçtərfəli görüşündən sonra başlayıb.
Bundan öncə rəsmi Bakı Azərbaycan və Ermənistanın sərhəd komissiyalarının martın 7-də baş tutan görüşündən sonra Ermənistanın Tavuş rayonu və Azərbaycanın Qazax rayonuna yaxın, Ermənistanın nəzarətində olan dörd kəndin ilkin olaraq azad olunmasını tələb edib.
“Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş 4 eksklav olmayan kəndinə (Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı) gəldikdə, onlar mübahisəsiz Azərbaycana məxsusdur və dərhal azad edilməlidir”, rəsmi Bakı martın 9-da bəyan edib.
Azərbaycan hesab edir ki, 4 kənd qaytarıldıqdan sonra digər anklav kəndlərlə və delimitasiya ilə bağlı danışıqları davam etdirmək olar.
Ermənistanın Baş naziri Nikol Paşinyan sözügedən kəndlərin - Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılının de yure Azərbaycan ərazisində yerləşdiyini bildirib. Bununla yanaşı həmin kəndlərin Azərbaycana qaytarılması hələ baş verməyib.
Təhlilçilər isə Cənubi Qafqazda beynəlxalq güclərin maraqları arasında ziddiyyətlərin dərinləşməkdə davam edəcəyini düşünür.
Belə ki, Brüssel görüşü Azərbaycan və Rusiya tərəfindən tənqidlə qarşılanıb. Bu gün isə rəsmi Tehran Brüssel görüşünə münasibət bildirib.
“İran hesab edir ki, Cənubi Qafqaz geosiyasi rəqabət meydanına çevrilməməlidir”, Iran Xarici İşlər Nazirliyinin nümayəndəsi Nasser Kənani bildirib.
Kənani həmçinin Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olmasının vacibliyini vurğulayıb.
"İqtisadi əməkdaşlığın gücləndirilməsi və əlaqələrin genişləndirilməsi Cənubi Qafqaz regionunda sülhün və sabitliyin bərqərar olmasında, iqtisadi inkişafda səmərəli rol oynayır, və bu baxımdan mübahisələrin sülh yolu ilə həlli üçün regional strukturların, o cümlədən "3+3" məşvərət mexanizminin potensialından istifadə etmək lazımdır", o qeyd edib.
Bu arada Rusiya Xarici İşlər Nazirliyi Bakı və Yerevana Cənubi Qafqazdakı gərginliyi azaltmaqla bağlı çağırış edib.
"Bakı ilə Yerevan arasında bütün ərazi mübahisələri və qarşılıqlı iddialar siyasi və diplomatik üsullarla həll edilməlidir. Regionda davamlı sülh və rifahın bərqərar olması üçün zəruri mexanizmlər, o cümlədən Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında üçtərəfli razılıqlar var", Rusiya Xarici İşlər Nazirliynin sözçüsü Mariya Zaxarova brifinqdə çıxışı zamanı deyib.
Zaxarova qeyd edib ki, Moskva regional problemlərinin həllinin tapılmasında, o cümlədən sərhədlərin müəyyən edilməsində kömək etməyə həmişə hazırdır. Onun sözlərinə görə, Rusiya özünü Cənubi Qafqaz üçün effektiv vasitəçi kimi göstərib.
“Bundan sonra Qərb proseslərə mane oldu. Qərb regionda sülhün bərqərar olmasından ehtiyanlanır. Ona görə də bölgə ölkələrinə qarşı fəaliyyətə başlayıb. Ermənistana gəlincə, deməliyəm ki, hər bir suveren ölkənin öz yanaşması var. Məsələ ondan ibarətdir ki, Qərbin müdaxiləsi regionda əldə olunmuş harmoniyanı pozur”, o qeyd edib.
ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller isə aprelin 8-də keçirdiyi brifinqdə Turan Agentliyinin sualına cavabında deyib ki, ABŞ Azərbaycan və Ermənistan arasında dialoqun asanlaşdırılması üçün istənilən rolu oynamaqdan məmnundur və buna davam edəcək.
Onun sözlərinə görə, ABŞ bu problemi həll etməyin yolunun danışıqlar masasında olduğunu açıq şəkildə bildirib.
“Mən qarşıdan gələn görüşlər barədə danışmaq istəmirəm, lakin biz həmişə dialoqu alqışladığımızı açıq şəkildə bildirmişik. Dövlət katibi Ermənistan və Azərbaycan liderləri ilə danışanda açıq şəkildə bildirdi ki, onlar arasında dialoq olmalıdır. Bu dialoqun asanlaşdırılması üçün istənilən rolu oynamaqdan məmnunuq və buna davam edəcəyik. Hər hansı konkret görüşlərdən əvvəlcədən danışmaq istəmirəm”, Dövlət Departamentinin sözçüsü əlavə edib.
amerikaninsesi