Tehranın yaratdığı presedent, ABŞ-nin maraqları, İsrailin cavab zəngi - TƏHLİL
17-04-2024, 07:09
İranın öz ərazilərindən və Livandakı “Hizbullah”, Yəməndəki husi hərəkatı ilə koordinasiyalı şəkildə İsraili bombardmana məruz qoymaq cəhdi eskalasiya tendensiyasına yenilik gətirdi.
Belə ki, İranın atdığı ballistik və qanadlı raketlər, zərbə dronları İsrailə qarşı effektiv zərbə səviyyəsinə yüksəlməsə də, ortada bir presedent yarandı.
İran bu zamana qədər İsraillə birbaşa qarşıdurmaya oxşar ssenarilərdə müdafiəyə çəkilirdisə, bu dəfə hücum taktikasını seçdi. Bunun özü İranla İsrail arasındakı mübarizənin ruhunu təzələyir.
İran öz ərazilərindən, Livandan və Yəməndən atdığı raketlərin, dronların İsraili zərbə altına qoyacağını düşünsə də, bunun baş verməməsinin iki əsas səbəbi var:
Birincisi, ABŞ, Böyük Britaniya, Fransa, İordaniya İran silahlarının İsrail hava məkanına “sürü” şəklində daxil olmasının qarşısını əhəmiyyətli şəkildə aldı.
İkincisi, İsrailin özünün müdafiə imkanları və vaxtından əvvəl əldə etdiyi kəşfiyyat məlumatları İranı nisbi zəifliyə məruz qoyurdu.
İran birbaşa sərhədi olmayan İsrailə öz ərazilərindən atəş açarkən raketlərin hədəflərə çatmasında xəta ehtimallarını hesablamamış deyildi. Üstəgəl, Tehran başa düşürdü ki, həmin raketlər və dronlar İsraillə müttəfiqlik edən ölkələrin hava hücumundan müdafiə strategiyası əsasında məhv ediləcək.
Bunlara baxmayaraq, İranın buraxdığı raketlərin bir qismi İsrail səmasına daxil ola bilib və Təl-Əviv bundan müəyyən zərərlər görüb.
Ümumilikdə isə sual oluna bilər: Bütün bunlar bilinə-bilinə İran nəyə nail oldu?
İran SEPAH komandirlərinin İsrailin hücumları zamanı ölümünə və buna görə daxili auditoriyada artan qisas çağırışlarına operativ cavab verə bilmək görüntüsünü yarada bildi. Bunun daha çox fasad olduğunu göstərən əlamət İranın, həqiqətən, regional müharibəyə səbəb ola biləcək gərginləşmədən qaçmaq istədiyinə dair beynəlxalq aləmə siqnal göndərməsidir.
Lakin Tehran strateji baxımdan İsraillə davam edən münaqişənin mahiyyətini öz xeyrinə dəyişdirəcək yeni bir presedent yaratmağa çalışırdı.
Presedentin illüstrasiyası ondan ibarətdir ki:
- İran öz torpaqlarından İsrailə birbaşa hücum edə bilər,
- İran İsrail daxilində mülki insanları hədəfə ala bilər.
Yeri gəlmişkən, İranın nüvə proqramını əhəmiyyətli dərəcədə böyütməsi hələ də müzakirə mövzusudur.
Üstəlik, İranla ABŞ arasında rəqabət şiddətlənsə də, Vaşinqton, İsraildən fərqli olaraq, Tehrana qarşı ən radikal seçimlərin tətbiqini üstün tutmur. Bunun özü İranla ABŞ arasındakı dialoq kanallarının açıq qalmasını və iki dövlətin sövdələşməsini stimullaşdırır.
Beləliklə, İran, İsrail və ABŞ-nin onilliklər boyu inkişaf etdirdiyi oyun kitabına baza olaraq xüsusi bir dəyişiklik gətirməyib. Dəyişən, sadəcə olaraq, üsul və metodlardır ki, bunun özü regionda şişən bədxassəli hərəkətlərə rəvac verir.
ABŞ, sadəcə olaraq, idarəolunan eskalasiyada maraqlıdır və bunu uzunmüddətli faydasına işləyəcək formada uğurla qurmaq istəyir.
Buna görə də İran və İsrailin növbəti addımlarının necə olacağı, ABŞ-nin buna reaksiyası maraq doğurur.
Hələlik Birləşmiş Ştatlar beynəlxalq gəmiçiliyi müdafiə etmək və Qırmızı dənizdə husilərin bacarıqlarını aşağı salmaq üçün dar şəkildə müəyyən edilmiş bir missiyanı daha üstün tutur.
Daha geniş missiya isə İsrail-Fələstin münaqişəsinin həllində Vaşinqtonun çəkisini artırmaq və İranın bölgədə Ağ Evin maraqlarına qarşı digər addımların önündə sipər çəkmək olacaq.
İsrail ABŞ-nin xeyir-duası olmadan İran ərazilərində güclü kəşfiyyat əməliyyatları aparsa, bu zaman Vaşinqtonun idarəetmə xüsusiyyətlərində çətinliklər yaranacaq.
İsrailin İranda həyata keçirə biləcəyi əməliyyatlara gəlincə, bu, əsasən, nüvə obyektlərinin hədəfə alınmasını və ölkə daxilində xaotik vəziyyəti təhrik edən motivləri əhatə edə bilər.
Aqşin Kərimov
TEREF