Tramp ruslarla anlaşa bilmədi planın ikinci hissəsi işə düşdü - daha ucuz neft və taqətdən salınmış Rusiya
9-04-2025, 12:11

Neft sürətlə dəyər itirir. Əksər beynəlxalq proqnozlar yenilənib. Xüsusilə də ABŞ prezidenti Donald Tramp kabinetinin qərarları bazarda gərginlik yaradıb.
Bir neçə gün əvvəl dünya mediasında ABŞ-ın İranı bombalayacağna dair xəbərlər fonunda neftin qiyməti qismən bahalaşsa da, sonradan aprelin 12-də keçiriləcək ABŞ-İran danışıqlarına dair qərar, o cümlədən də rəsmi Tehranın ABŞ-a yönəlik yumşaq mesajları nefti yenidən ucuzlaşdırdı.
Rusiya da öz növbəsində Oman danşıqlarından öncə İrana yönəlik təhdid bəyənatı verdi. "ABŞ İranı bombalasa Rusiya hərbi dəstək verməyəcək" cümləsi ilə başlayan Kremlin bəyənatı əslində İrana Oman danışıqlarında ABŞ-la razılaşmamaq göstərişi idi.
Lakin Tehranda yaxşı bilirlər ki, ətrafında İsrail, Türkiyə və ABŞ-la anlaşma daha faydalıdır, nəinki Suriyada zəifləmiş, Avropa ilə münasibətləri pozulmuş Rusiya.
İran və ABŞ-ın Omanda nüvə proqramı ilə bağlı danışıqlara başlaması neft bazarlarına bir neçə cəhətdən təsir edə bilər. Əgər bu danışıqlar sanksiyaların yüngülləşdirilməsi və İranın neft ixracının artması ilə nəticələnərsə, qlobal neft təklifi arta bilər ki, bu da qiymətlərin aşağı düşməsinə səbəb ola bilər.
Bu gün 9 aprel 2025-ci il tarixinə WTI markalı xam neftin qiyməti 56.95 ABŞ dollarına qədər düşüb. Brent markalı neft isə 60.69 ABŞ dolları səviyyəsində ticarət olunur.
Bu enişin nə qədər davam edəcəyi bir sıra amillərdən asılıdır, o cümlədən ABŞ-ın Çin mallarına tətbiq etdiyi yeni tariflər və qlobal iqtisadi yavaşlama qorxuları. Goldman Sachs-ın proqnozlarına görə, Brent və WTI neftinin qiymətləri 2025-ci ilin dekabr ayında müvafiq olaraq 62 və 58 ABŞ dolları səviyyəsində ola bilər. Yəni Goldman Sachs proqnozunu yeniləyib.
Lakin, neft bazarları geosiyasi hadisələrə həssasdır və İran-ABŞ danışıqlarının nəticələri, eləcə də digər qlobal iqtisadi və siyasi faktorlar qiymətlərin gələcək dinamikasına təsir göstərə bilər.
Nəhayət Tramp Ukayna ilə bağlı Rusiyanı yola gətirə bimədiyindən Tramp Rusiya ilə münasibətlərin ikinci mərhələsinə dair planı icra etməyə başlayır. Bu dəfə İranı, Səudiyyə Ərənbistanını, Qətəri, OPEK+ ölkələrini yanına alaraq neftin qiymətini kəskin ucuzlaşdırır.
Xatırlayırsınızsa, ABŞ Prezidenti Donald Tramp bu ilin yanvarın 23-də Davosda keçirilən Dünya İqtisadi Forumu zamanı etdiyi çıxışında, neftin qiymətinin aşağı salınması Rusiya-Ukrayna müharibəsini dərhal dayandıra bilər demişdi.
Tramp qeyd etmişdi ki, neftin yüksək qiymətləri Rusiyanın müharibəni davam etdirməsinə imkan yaradır və OPEC ölkələrini neftin qiymətini azaltmalıdır.
Bəli məhz bundan sonra dünyada neftin qiyməti ucuzlaşmaqda davam edəcək. Nəticədə iqtisadiyyatı əsasən enerji ehtiyatlarını xammal olaraq satıb ayaqda qalan Rusiyanın itkilərinin həcmi kəskin şəkildə artacaq.
Bəs Azərbaycan bu prossesdən necə sığortalanacaq? Hələ ki, Rəsmi Bakının yalnız açıq mənbələrə valyuta hərrraclarına dair məlumatları qapatmaq, Neft Fondundan transferlərə dair xəbərləri gizlətməkdən ibarətdir. Cari ilin büdcəsində 1 barrel neftin qiyməti 70 dollar səviyyəsində götürülüb. Düzdür birbaşa olaraq neftin qiyməti büdcəyə təsir etməyə bilər. Çünki Neft Fondunda toplanan vəsaitlər sonradan büdcəyə köçürülür. Lakin əsas məqam neft və qaz ixracatından əldə edilməli olan və proqnozlaşdırılan vergi daxilolmalıdır. Bu daxilolmalar da neft ucuz olarsa, proqnozdan aşağı olacaq.
Xüsusilə bu statistikaya diqqət edək:
2024-cü ildə Azərbaycanın dövlət büdcəsinə neft və qaz sektorundan daxilolmalar təxminən 17.97 milyard manat (təxminən 10.57 milyard ABŞ dolları) təşkil edib ki, bu da ümumi büdcə gəlirlərinin 48.4%-ni təşkil edir.
Bu məbləğin 26.6%-i, yəni 4.78 milyard manatı (2.812 milyard ABŞ dolları) vergi orqanları vasitəsilə toplanıb. Bu vergilər əsasən aşağıdakı mənbələrdən əldə olunub:
- Şahdəniz yatağından mənfəət vergisi: 2.341 milyard manat (1.377 milyard ABŞ dolları)
- Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) tərəfindən ödənilən müvafiq vergilər: 1.774 milyard manat (1.04 milyard ABŞ dolları)
- Azeri-Çıraq-Günəşli layihəsindən mənfəət vergisi: 665 milyon manat (təxminən 391.2 milyon ABŞ dolları)
Göründüyü kimi büdcə daaxilolmalarının 26.6%-i neft və qaz ticarətindən əldə edilən vergilərdən formalaşır. Qiymətin aşağı düşməsi, üstəlik ABŞ-ın dünya ölkələrinə əlavə idxal rüsumlarını artırması təchizatçıların xərclərini də artırır. Belə olan təqdirdə Azərbaycan real mənzərədə ciddi itkilərlə üzləşə bilər.
Yəqin ki, Hökumət 2025-ci ilin büdcəsində neftin qiymətinə yenidən baxacaq və proqnozları, eyni zamanda xərcləri və gəlirləri də korrektə etməli olacaq.
Razi Abasbəyli
TEREF