Yeni nazir təyinatı gözləntisi - kim daha şanslıdır?
Bu gün, 10:50

Ekologiya və təbii sərvətlər naziri postuna üç namizəd göstərilir, biri parlamentdəndir - iki deputatdan fərqli rəy
Azərbaycanda Ekologiya və Təbii Sərvətlər Nazirliyi rəhbərsiz fəaliyyətini davam etdirir. Ancaq rəsmi açıqlama olmasa da, nazirliyə yeni rəhbər təyinatı gözlənilir. Yada salaq ki, uzun illər nazir olan Muxtar Babayev Bakıda keçirilən uğurlu COP29-dan sonra Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi təyin edilib. O vaxtdan nazir postu vakant qalıb.
Yada salaq ki, Azərbaycan Prezidentinin 23 may 2001-ci il tarixli fərmanı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yaradılıb.
Qeyd edək ki, Muxtar Babayevdən əvvəl ekologiya və təbii sərvətlər naziri postunu Hüseynqulu Bağırov tutub. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əsas səlahiyyətləri isə bunlardır: ətraf mühitin mühafizəsi, təbii sərvətlərdən səmərəli istifadə, ekoloji təhlükəsizlik, meşə təsərrüfatı, su ehtiyatlarının qorunması və s.
Modern.az-a daxil olan məlumata görə, yeni ekologiya və təbii sərvətlər naziri parlamentdən gətiriləcək. Saytın yazısında iddia olunur ki, həmin şəxs müasir yanaşmaları ilə seçilir və siyasi dairələrin etimadını qazanıb. Amma adı hələlik gizli saxlanılır. Parlamentdən yüksək vəzifəyə təyinat yenilik deyil. Qaçqınların və Məcburi Köçünlərin işləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Diasporlarla iş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov, sabiq ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev vaxtilə vəzifəyə təyin olunmuş deputatlardır.
Başqa bir versiyaya görə, hazırda nazirlikdə çalışan müavinlərdən biri rəhbərliyə gətirilə bilər. Çünki bu şəxslər nazirlik sisteminə yaxşı bələddir və çevik idarəçilik təcrübəsi var. İnstitusional davamlılıq baxımından bu seçim məntiqli görünür. Məlumat üçün deyək ki, hazırda ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Rəşad İsmayılovdur. Rauf Hacıyev, Vüqar Kərimov və Umayra Tağıyeva isə nazir müavinləridir.
Siyasi dairələrdə yayılan digər versiya isə sürpriz ehtiva edir. Belə ki, tamam fərqli sahəni təmsil edən bir dövlət qurumunun rəhbəri nazirlik üçün nəzərdən keçirilir. Bu hal dəyişiklik rüzgarlarının daha geniş miqyasda əsdiyini göstərir. Qeyd edək ki, mediada yayılan xəbərlərə görə, payıza doğru iqtidarda kadr dəyişiklikləri ilə yanaşı nazirlik və komitələrdə struktur dəyişiklikləri gözlənilir. Bəzi nazirliklərin, komitə və xidmətlərin birləşdiriləcəyi iddia edilir. Bundan başqa, Azərbaycanda yerli icra hakimiyyətlərində genişmiqyaslı struktur islahatlarının aparılması da yenə gündəmdədir. Belə ki, müasir idarəetmə tələblərinə cavab verməyən bəzi idarələrin ləğvi, digərlərinin isə yenidən təşkili planlaşdırılır. Nəzərdə tutulan islahatlarda məqsəd idarəetmədə çevikliyin və effektivliyin artırılmasıdır. Müvafiq məsələ ilə bağlı rəsmi qərarların yaxın aylarda açıqlanacağı gözlənilir.
2025-ci ilin ilk həftəsindən etibarən Azərbaycan hökumətində bir sıra dəyişikliklər baş verib. Belə ki, 19 il maliyyə naziri vəzifəsində çalışan Samir Şərifov baş nazirin müavini təyin edilib. Prezident İlham Əliyev bu barədə müvafiq sərəncamdan təxminən bir ay sonra əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevi vəzifəsindən azad edərək maliyyə naziri təyin edib. İmzalanan digər sərəncamla isə Sahil Babayevi onun müavini Anar Əliyev əvəzləyib.
Böyük Azərbaycan Partiyasının (BAP) sədri, deputat Elşad Musayev “Yeni Müsavat”a dedi ki, bu nazirlikdə vaxtilə Firdovsi Əliyev çalışırdı, rayonlara gedəndə onun fəaliyyətini görürdü: “Mən obyektiv yanaşmanın tərəfdarıyam, onun işlədiyini müşahidə edirdim. İndi isə Azərbaycanda bu qədər komitələrə, nazirliklərə ehtiyac yoxdur. Sözügedən nazirliyin də bir strukturda birləşməsi daha yaxşı olardı. Çünki büdcəyə də yükdür. Struktur islahatları nəticəsində daha çevik, mobil iş qurmaq mümkündür. Azərbaycanda bu qədər qurumların olmasına zərurət görmürəm. Onlar bir strukturun tərkibində də faydalı ola bilər. Eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bir strukturun tərkibinə verilməsini təklif edərdim. Ancaq sözsüz ki, dövlət başçısının və hökumətin mövqeyi fərqli ola bilər. Sadəcə, dünya təcrübəsində də görmək olar ki, artıq çoxlu nazirliklər, komitələr saxlamırlar, xərcləri də azaldırlar”.
Deputat Arzuxan Əlizadə “Yeni Müsavat”a bildirdi ki, idarəetmə sistemi, islahatlara gedilməsi ilə bağlı zaman-zaman təkliflər irəli sürülüb: “Bizim tərəfimizdən də müxtəlif təkliflər olub. Ancaq konkret olaraq bu nazirliyin birləşdirilməsi, yaxud həmin quruma yeni kadr təyinatı üçün mütəxəssislər səviyyəsində müzakirələrə ehtiyac var. Ümumilikdə isə qurumlarda, nazirliklərdə daha yığcam komanda olması daha məqbuldur. Yəni struktur islahatları ilə büdcəyə qənaət edilmiş olur”.
Deputat qeyd etdi ki, əslində ayrı-ayrı nazirliklərin fəaliyyəti uyğun görünə bilər, amma bir əldə birləşməsi təcrübəsi də var: “Məsələn, Gənclər və İdman Nazirliyi yaradılıb. Bundan əlavə, gömrük, vergi və maliyyənin bir strukturda birləşməsi təklifləri səslənib. Bütün bunlar kompleks müzakirələr tələb edir. Ancaq şəxsi qənaətim odur ki, struktur islahatları üçün mütəxəssislər tərəfindən təkliflər paketi hazırlana bilər. Təbii ki, son sözü prezident deyir. Sadəcə, zaman keçdikcə islahatlara gedilməsi müsbət effektini verir, o baxımdan, reformaların aparılması hər zaman vacibdir”.