Kef, yoxsa, təhsil? Neft pulları hara xərclənsin

Bu gün, 00:01           
Kef, yoxsa, təhsil? Neft pulları hara xərclənsin
Yaxınlarda Qazaxıstandan bir professor xanımla tanış olduq. Bakıdan ABŞ-a uçdu. 2 övladı Birləşmiş Ştatlarda oxuyur. Uşaqları xaricdə oxutdurmaqdan 5-6 ildir yarış atına dönən biri kimi düşündüm o da mənim günümdədir. Qiymətlərdən, təhsil və yaşamaq xərclərinin bahalığından şikayətləndim, kaş milli təhsil yüksək səviyyədə olaydı, bu çətinlikləri çəkməyəydik, dedim. Bizdə ailələr sizin qədər gərgin olmur, maddi yük dövlətin üzərindədir, dedi.
Öyrəndim ki, hər il Qazaxıstan dövləti neft-qaz gəlirlərindən gənclərin xaricdə təhsili üçün milyonlarla vəsait ayırır və hər il ayırmalar artırılır. Bundan başqa, çeşidli fondlar təqaüd proqramları həyata keçirir. Ən önəmlisi, yüksək təhsil alan gənclərin ölkəyə qayıtmaları üçün onlara yüksək maaşla dövlət sektorunda iş təklif olunur. Özəl sektor yüksək ixtisaslı gəncləri cəlb etmək üçün dövlətlə rəqabət aparır. Belə perspektivdən kim qaçar?
Professor danışdıqca, ölkəmin,
gənclərin halına milyonuncu dəfə acıdım…
Azərbaycanda illərdir xaricdə təhsil proqramları məhdudlaşdırılıb. Ayrılan xırda-para vəsait, yuxarıların tanış-bilişi arasında bölüşdürülür. Sanki o tanış-bilişin övladını oxutduqmaq üçün pulu, daha dəqiqi, büdcəyə başqa girişi yoxdur... Bir soruşun, öyrənin, görün çevlənizdə xaricdə təhsil alan gənclərin neçəsi dövlət hesabına oxuyur? Axtarışdan öncə əlinizə çıraq almağı unutmayın…
Azərbaycan gənci ən yaxşı halda şəxsi imkanları hesabına xaricdən təqaüd tapıb oxuyur. Bu, bir gənc üçün perspektiv vəd etdə də, ölkə üçün, millət üçün yeri doldurulmayacaq İTKİDİR. Üstəlik o gənclərin gələcəyi ilə bağlı hökumətin planı, proqramı da yoxdur. Gənclər Vətəndə iş tapa bilmirlər, ya da indiki anormal şərtlər daxilində işləmək istəmir, sonucda Azərbaycanda beyin köçü baş verir. Ağlı, savadı olan yeni nəslimiz başqa millətlərin, toplumların inkişafı üçün çalışır.
Bir neçə il öncəyə qədər Neft Fondundan xaricdə təhsilə pul ayrılırdı. Sonra dəbbələndi. Niyəsini Allah bilir… Bir dönəm sonra yenidən məhdud imkanlar yaradıldı. Ona görə məhdud ki, 1 imtahandan keçə bilməyənlərin təqaüdü kəsilir. Cəmi 1 imtahan... Sizcə belə bir qərarı sağlam düşünən, təhsil prosesi haqqında elementar anlayışı olan biri verə bilər? Kəsirsiz tələbə olur? Bu bir gəncin üzərində necə bir psixoloji basqıdır, bunu o qərara imza atanlar dərk etmirmi? Təsəvvür edin, gənc yeni müstəqil yaşamağa başlayır. Üstəlik yad ölkədə. 17-18 yaşlı gəncin alışma sürəcində bir az ləngiməsi normal deyilmi?… Ona universiteti 3 şans tanıyır, “doğma” ölkəsi 1 şans da vermir.
Ailə düşür dərdə… Təhsili belə durumda yarımçıq qoymaq o gənci birdəfəlik bitirmək deməkdir. Hansı ailə buna razı olar. Kredit, borc-xərc, əlavə yük… Bu şərtlərdə oxuyan bir gəncə necə deyək Vətəni sev. Deməz ki, nə nağıl danışırsız mənə??? O Vətən məni yad ölkədə tükdən asılı qoymuşdu..
Milyon dəfə deyilib ki, təhsil milli təhlükəsizlik məsələsidir. Vətən ağıllı, bacarıqlı övladlarını görməsə də, onları kəşf edən mütləq tapılır. Kim iddia edə bilər ki, bu kəşf Azərbaycanın xeyrinə olur?
Bu haqda elm və təhsil naziri Emin Əmrullayevə sual ünvanlayardım. Amma ehtiyat edirəm ki, suala cavab vermək yerinə direktorlara qoşulub rəqs edər, ya da nöqtəsiz, vergülsüz, izahsız cümlələr sərf etməyə, millət qalar “cavabı” yoza-yoza.
Azərbaycan neft gəlirlərinin düzgün xərclənməsi o imkanlar hesabına insan kapitalının yaradılmasıdır. Kapitalı - əsas dəyəri insan olmayan heç bir toplum inkişaf edə bilməz.
Təəssüf ki, indilik neft gəlirlərindən tələbə təqaüdlərinə 1-2 milyon tapılmasa da, Adnan Əhmədzadə və o qəbildən olanların kef-damağına milyardlar tapılır. Axırı da belə…
Aygün Muradxanlı
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru