Alimlərdən xəbərdarlıq: Neyroşəbəkələrdən istifadə edənlər dörd dəfə daha çox yalan danışırlar
Bu gün, 16:18
Alimlər süni intellektin insan davranışlarına təsiri ilə bağlı narahatedici nəticələr açıqlayıblar. Yeni araşdırmalara görə, neyroşəbəkələrdən istifadə edən insanlar dörd dəfə daha çox yalan danışırlar.
Bu barədə futurizm.com xəbər verir.
Bildirilir ki, səkkiz min nəfərin iştirakı ilə aparılan 13 eksperiment göstərib ki, süni intellekt olmadan iştirakçıların əksəriyyəti doğru cavab verib. Lakin neyroşəbəkənin köməyindən istifadə imkanı yarandıqda, yalan danışanların sayı kəskin şəkildə artıb.
Daha da təhlükəli nəticə süni intellekt kompanyonları ilə bağlı müşahidə olunub. Sinqapur Universitetinin 35 min dialoqu əhatə edən təhlili göstərib ki, halların 34%-də botlar insanları aqressiya, təcavüz və zorakı davranışa sövq ediblər.
Mütəxəssislər bu hadisəni "əxlaqi məsafə" adlandırırlar. Onların sözlərinə görə, süni intellekt insanla onun əməlləri arasında psixoloji baryer yaradır, nəticədə insanlar öz hərəkətlərinə görə məsuliyyəti daha az hiss edirlər.
Elm adamları xəbərdarlıq edirlər ki, bu tendensiya süni intellektin sosial mühitdə istifadəsinə daha ciddi yanaşmağı və yeni qaydaların tətbiqini zəruri edir.