Britaniyalı hərbçilər təlim zamanı səhv tanka atəş açdılar
Bu gün, 17:08
Britaniya ordusunda keçirilən təlim zamanı "Warrior" tankının ekipajı "Challenger-2" tankını düşmən texnikası zənn edərək atəşə tutub.
Bu barədə "The Sun" nəşri məlumat verir.
Bildirilir ki, hərbçilər istilik kamerası vasitəsilə "Challenger-2" tankını görüb və səhvən onu düşmən tankı hesab ediblər.
Bundan sonra onlar təxminən 500 metr məsafədən 30 mm-lik "Rarden" topundan "Challenger-2" tankına altı atəş açıblar. Xoşbəxtlikdən, tankdakı dörd ekipaj üzvünün heç biri xəsarət almayıb. Top, döyüşdə adətən istifadə edilən qəlpəli-fuqas və ya zirehdeşən mərmilərin əvəzinə, partlayıcı maddəsi olmayan təlim mərmiləri ilə doldurulmuş olub.
Müdafiə Nazirliyinin nümayəndəsi təlimlər zamanı baş vermiş hadisəni təsdiqləyərək, nazirliyin rəsmi araşdırmaya başladığını bildirib.
Qurumdan həmçinin qeyd ediblər ki, insident qapalı ərazidə baş verib. Tankın özünə heç bir ziyan dəyməyib və artıq təlimlərə qayıdıb.