İş yerində işçidən mobil telefonun alınması qanunidirmi? - Hüquqi izah

Bu gün, 16:44           
İş yerində işçidən mobil telefonun alınması qanunidirmi? - Hüquqi izah
Bəzi şirkətlərdə iş saatı ərzində işçilərin telefonları yığılır. Bu isə həm işçilər, həm də rəhbərlik arasında narazılıq yaradır. Maraqlıdır, qanun buna necə yanaşır? İşəgötürən işçilərdən telefonları toplamağı tələb edə bilərmi və hansı hallarda bu mümkündür?

İnsan resurslarının idarə edilməsi üzrə mütəxəssis, təlimçi Xəyyam Əsgərov Valyuta.az-a bildirdi ki, bu məsələni həm əmək qanunvericiliyi, həm də şəxsi əmlak hüququ və ondan istifadə ilə bağlı qanunvericilik tənzimləyir, eyni zamanda bu məsələ özündə praktiki yanaşma tələb edir: “Əmək məcəlləsinin 9-cu maddəsi işçi hüquqlarından bəhs edir. İşçinin hüquqlarından biri də odur ki, işçi qanunvericilikdə və əmək müqaviləsi üzrə öhdəliyinə düşməyən işləri yerinə yetirməyə məcbur deyil. Yəni işçi iş müddətində telefonu tələb edən şəxsə və ya işəgötürənə təhvil verməyə bilər”.

Bu situasiyalarda istisnaları diqqətdə saxlamaq lazımdır

Mütəxəssis eyni zamanda bildirdi ki, Əmək məcəlləsinin 10-cu maddəsi də işçinin vəzifəni müəyyən edir: “Qeyd etdiyimiz maddəyə görə də, işçi əmək qanunvericiliyi və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməyə borcludur. Sual yaranır ki, işəgötürənin ixtiyarı varmı ki, hər hansı bir sənəd və ya əmək müqaviləsində mobil telefonun yığılması ilə bağlı müddəa göstərsin? Bir mənalı olaraq xeyr. İşəgötürənin elə bir ixtiyarı yoxdur. Amma istisnalar var”.

İşçi telefonu yalnız bu kimi hallarda təhvil verə bilər

X.Əsgərovun sözlərinə görə, istehsalat zərurəti ilə bağlı təhlükəsizliyin təmin olunması, kommersiya sirrinin qorunması, işçilərin həyat və sağlamlıqlarının müdafiəsi və ya iş prosesinə mənfi təsir göstərə biləcək halların qarşısının alınması üçün işəgötürən daxili qaydalarla telefon istifadəsinə məhdudiyyət qoya bilər: "Lakin bu, telefonların tamamilə yığılması formasında deyil, məhz əmək müqaviləsində və ya daxili intizam qaydalarında istifadə ilə bağlı məhdudiyyətlərin açıq şəkildə göstərilməsi ilə həyata keçirilməlidir. Əgər işçi bu qaydalara əməl etməzsə, bu, hətta əmək müqaviləsinə xitam verilməsinə səbəb ola bilər. Qısacası, telefonların ümumilikdə yığılması qanunsuzdur. Amma işəgötürən müəyyən vaxtlarda və istehsalat prosesinin gedişinə əsasən, əsaslandırılmış məhdudiyyətlər tətbiq edə bilər".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru