Prokuror “AVİS”in direktoruna oxunmuş məhkəmə hökmündən protest verib

23-01-2017, 10:43           
Prokuror “AVİS”in direktoruna oxunmuş məhkəmə hökmündən protest verib
Süni qiymət artımında təqsirləndirilən Elmir Məhərovun barəsində olan hökmdən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti və apellyasiya şikayəti verilib.
"Report"un məlumatına görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək iclas yanvarın 26-na təyin edilib.
İşə hakim Sahibxan Mirzəyevin sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, ötən il yanvarın 29-da Baş Prokurorluğun yaydığı məlumata görə, Bakı şəhərində fəaliyyət göstərən “AVİS” aptekində dərman vasitələrinin qiymətinin süni surətdə artırılması barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş vətəndaş müraciəti əsasında Səhiyyə Nazirliyinin Analitik-Ekspertiza Mərkəzi və İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti ilə birgə istintaq-əməliyyat tədbirləri həyata keçirilib.
Aparılmış istintaq-əməliyyat tədbirləri ilə “Maymed” MMC-nin nəzdində fəaliyyət göstərən Bakı şəhəri, Ağa Nemətulla küçəsi, 45 saylı ünvanda yerləşən “AVİS” aptekində bir qutusunun qiyməti 326 manat olan “Pegintron 80” adlı dərman vasitəsinin qiymətinin süni şəkildə bahalaşdırılaraq 1220 manata satılması, eləcə də gömrük bəyannaməsi olmadan qeyri-qanuni yollarla ölkəyə gətirilmiş dərman vəsitələrinin qanunsuz satılması müəyyən edilib.
“Maymed” MMC-nin Bakı şəhəri, Nərimanov rayonu, O.Əliyev küçəsi, 9 saylı ünvanda yerləşən anbarına baxış zamanı idxal üçün rəsmi icazəsi olmayan və dərman vasitələrinin ekspertizasına dair uyğunluq sənədi verilməyən ilkin olaraq müəyyən edilmiş 104 adda dərman vasitələri, habelə açıq satışı qadağan edilmiş dərman vasitələri, qara mühasibatlığın aparılmasına dair kitablar və istintaq üçün əhəmiyyət kəsb edən digər qeydlər aşkar edilərək götürülmüşdür.
Bundan başqa, Səhiyyə Nazirliyinin Analitik-Ekspertiza Mərkəzinin əməkdaşları ilə birgə baxış zamanı “Maymed” MMC-nin Bakı şəhəri, Badamdar şossesi, 5 saylı ünvanda yerləşən “AVİS Badamdar” şöbəsində, Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti ev Q, məhəllə 556/567 ünvanında yerləşən “AVİS İstanbul” şöbəsində, Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi prospekti, 89 saylı ünvanda yerləşən “AVİS Tusi” şöbəsində dövlət qeydiyyatına alınmayan çoxsaylı dərman vasitləri aşkar edilib.
“Maymed” MMC-nin direktoru E.Məhərov vəzifə səlahiyyətlərindən sui-istifadə edilməklə, özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə dərman vasitələrinin qiymətini süni şəkildə dəfələrlə qaldıraraqhəmin dərman vasitəsinin ölkə ərazisində süni bahalaşmasına səbəb olan hərəkətləri ilə dövlətin bu sahədə apardığı tədbirlər üzrə onun nüfuzuna xələl gətirməklə, fiziki və hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, həmçinin dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmasına şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 200.1 (istehlakçıları aldatma) maddələri ilə cinayət işi başlanıb.
E.Məhərov Cinayət Məcəlləsinin (CM) 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 200.2.3-cü (külli miqdarda ziyan vurmaqla istehlakçıları aldatma) maddələri təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Məhərovun barəsində CM-nin 70-ci maddəsi tətbiq olunaraq, ona şərti cəza verilib. O, məhkəmə zalından azadlığa buraxılıb. Hökmdən narazı qalan prokuror apellyasiya protesti verib. E.Məhərov isə apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək, barəsində bəraət hökmünün çıxarılmasını istəyir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.