Prezident Əliyev Lavrova və Sərkisyana sərt cavab verdi

24-01-2017, 10:20           
Prezident Əliyev Lavrova və Sərkisyana sərt cavab verdi
Ermənistan prezidenti Serj Sərkisyan, gözlənildiyi kimi, Rusiya xarici işlər naziri Sergey Lavrovun son Qarabağ açıqlamasından əməllicə ruhlanıb. Belə ki, yanvarın 20-də 4 günlük aprel savaşında iştirak edən və tərxis olunan hərbçilərlə görüşdə o daha ürəklə maksimalist və təxribatçı mövqedən çıxış edib, növbəti dəfə danışıqlar prosesini sıfırlayan, böyük müharibəni yaxınlaşdıran və BMT Təhlükəsizlik Şurasının işğalla bağlı qətnamələrini qulaqardı edən fikirlər söyləyib.

Məsələn, Xocalı canisi ərz edib: “Heç kim Dağlıq Qarabağın taleyini həll eləmək hüququna malik deyil”. Bildirib ki, “Dağlıq Qarabağ erməniləri öz talelərini yalnız özləri müəyyən edə bilərlər”. Başqa sözlə desək, guya Azərbaycanın Dağlıq Qarabağ üzərində heç bir haqqı, suveren hüququ qalmayıb, region artıq Azərbaycanın tərkib hissəsi kimi qəbul edilmir dünyada. Halbuki, Azərbaycan bu haqqı, ərazilərini nə vaxtsa silah gücünə azad eləmək hüququnu indi də özündə saxlayır və kimsəyə verməyib. Belə bir hüquqi sənəd, anlaşma mövcud deyil. Bunu Sərkisyan da, onun rusiyalı havadarı, ilana zəhər verən kərtənkələ - Kələntərov-Lavrov da yaxşı bilir.

Ancaq “Qarabağ məsələsi təkcə Azərbaycanın daxili mövzusu deyil” deyən Lavrovdan Sərkisyan necə ilham almasın ki? Odur ki, bir az da qabağa gedərək bəyan edib: “Status dəqiqləşməyincə, ərazi qaytarılmasından söhbət gedə bilməz”.

Oxşar fikir ki, məlum mətbuat konfransında faktiki şəkildə S.Lavrov tərəfindən də dilə gətirilmişdi. Rusiya XİN rəhbəri, üstəlik, BMT TŞ-nin Dağlıq Qarabağa dair qətnamələrinin mahiyyətini erməni maraqlarına uyğun təhrif və təqdim etməyə çalışmışdı. Bu yerdə indi politoloq Eldar Namazovun qəzetimizə verdiyi müsahibdə bir fikirlə necə razılaşmayasan ki, “Lavrov gercəkdən, erməni lobbisinin tərkib hissəsidir”.


*****

Politoloq Elxan Şahinoğluya görə, Sərkisyanın həmin görüşdəki çıxışının və verdiyi cavabların əsas leytmotivi budur: 1. Dağlıq Qarabağın statusu müəyyənləşmədən ətraf torpaqların boşaldılmasından söhbət belə gedə bilməz; 2. Ermənistan münaqişənin həllinə bugünkü qədər yaxın olmayıb və beynəlxalq vasitəçilər İrəvanın mövqeyini dəstəkləyir; 3. Madrid prinsipləri statusun müəyyənləşməsini diqtə edir; 4. İrəvan silah almaqda Bakı ilə ayaqlaşa bilməsə də, Ermənistanın müdafiə xarakterli kifayət qədər silahı var.

Onun sözlərinə görə, Sərkisyanın bu tezisləri danışıqlar prosesinin İrəvanı qane etdiyini təsdiqləyir. “Buna görə də onlar status-kvonu mümkün qədər uzatmağa çalışacaqlar. Müharibənin əleyhinə olan beynəlxalq mühit də rəsmi İrəvanın maraqlarına xidmət edir. Sərkisyan ölkəsinin və özünün vassal olduğunu göstərməmək üçün görüşdə bir dəfə də Rusiyanın adını çəkməyib. Ancaq onun sadaladığı bütün tezislərin arxasında Kremlin dəstəyi və Sergey Lavrovun mətbuat konfransında vurğuladığı məqamlar dayanır”, - deyə politoloq vurğulayıb.

*****

Lakin Serj Sərkisyanın Qarabağ məsələsində yenə “yuxarıdan” getməsi onun öz ölkəsindəki daxili ictimai-siyasi durum, Ermənistanın günü gündən ağırlaşan iqtisadi vəziyyəti, əhalinin hakim rejimə qarşı güclənən nifrəti ilə tərs mütənasibdir. Bunu “Qraparak” nəşrindəki məqalə bir daha təsdiq edir (publika.az).

Məqalə müəllifi öncə aprel döyüşlərində iştirak eləmiş erməni hərbçilərinə Sərkisyan iqtidarının rüsvayçı münasibətindən söz açıb. Sərkisyan rejiminin erməni xalqının başına açdığı oyunlara toxunan Tavoş Arsakyan yazıb: “Apreldə ölən əsgərlər qəhrəmanlaşdırıldı, İrəvan meriyası onların ailələrinə mənzillərin veriləcəyini canfəşanlıqla bildirdi. Lakin zaman keçdikcə hər şeyin, sadəcə, sözdən ibarət olduğu ortaya çıxdı”.

“Qraparak” qəzetinin məlumatına görə, Ermənistan ordusundan tərxis olunan əsgərlərin hərbi biletlərində aprel döyüşləriində iştirak etdikləri haqda heç nə qeyd edilməyib: “Tərxis olunan əsgərlərdən biri Madagizdəki döyüşdə iştirak edib. Lakin onun hərbi biletində harada xidmət keçməsi haqda bölmə rənglənərək, görünməz hala salınıb. İndi o əsgər heç kəsə sübut edə bilməyəcək ki, döyüşlərdə iştirak edib”, - nəşr qeyd edib.

Məlumata görə, tərxis olunmuş bir neçə əsgər bu məsələyə görə qəzetin redaksiyasına müraciət edib. Qəzet daha sonra yazıb ki, hakimiyyətin məqsədi döyüşlərdə iştirak etmiş əsgərlərin gələcəkdə güzəştlərdən istifadə edə bilməsinin qarşısını almaqdır: “Misal üçün, döyüşlərdə iştirakçı olmuş əsgərlərə təhsil haqqının 20 faizi güzəşt edilir. Hakimiyyət bu kiçik imkanları da onların əlindən alır”. T.Arşakyan sonda yazır ki, Sərkisyan rejimi artıq uçuruma yuvarlanır. “Hakimiyyətin əsgərlərə kompensasiya verməməsi, onların güzəşt imkanlarını kəsməsi sual yaradır: yəni ölkə bu qədərmi kasıblayıb? Lakin cavab fərqlidir: hakimiyyət o qədər qudurub ki, əsgərin payına da göz dikir”, - deyə o qeyd edib.

*****

Ermənilərin özlərinin də etiraf elədiyi kimi, işğalçı ölkə belə bir miskin kökdədir və getdikcə sosial-iqtisadi durumu daha da ağırlaşmaqdadır. Bu arada Azərbaycan prezidenti İlham Əliyev həm S.Lavrovun məlum bəyanatına, həm də “rusun iti” Sərkisyanın yuxarıdakı özündənrazı fikirlərinə tutarlı cavab sayıla biləcək mühüm açıqlamalar verib.

Belə ki, dünən Müdafiə Nazirliyinin Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində “N” hərbi hissəsinin yeni inşa edilmiş hərbi şəhərciyinin açılışına qatılan prezident öncə aprel döyüşlərinin Azərbaycan Ordusunun böyük qələbəsi olduğunu deyib. “Həmin döyüşlər zamanı Ermənistanın öz ordusu ilə bağlı uzun illər yaratdığı mif dağıdıldı”, - ölkə başçısı vurğulayıb.

“Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Ermənistan işğalın aradan qaldırılması üçün beynəlxalq təşkilatların qətnamə və qərarlarına məhəl qoymur. Azərbaycan gücləndikcə münaqişənin həlli yaxınlaşır. Münaqişənin həlli isə çox sadədir. Birinci, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. Biz Azərbaycan ərazisində ikinci qondarma erməni dövlətinin yaranmasına heç vaxt icazə verməyəcəyik, Dağlıq Qarabağa heç vaxt müstəqillik verilməyəcək. Kimsə bunu gözləyirsə, qoy, əbəs yerə gözləməsin. Bu, olmayacaq. Dağlıq Qarabağ Azərbaycan torpağıdır, tarix və dünya birliyi də bunu belə qəbul edir” - İlham Əliyev işğalçıya və onun havadarlarına bir daha aydın mesaj göndərib.

Prezidenti qeyd edib ki, Azərbaycan Ordusunda ruh yüksəkliyi var, vətənpərvərlik hissi yüksək səviyyədədir: “Ordumuzun döyüş qabiliyyəti bu gün dünya ictimaiyyəti tərəfindən də yüksək qiymətləndirilir. Müxtəlif təhlillər aparılır, hərbi mütəxəssislər öz fikirlərini söyləyirlər. Biz bunu bilirik. Bu gün dünya da bilir ki, döyüş qabiliyyəti, hərbi-texniki təminat baxımından Azərbaycan Ordusu güclü ordular sırasındadır. Bütün bu nailiyyətləri biz özümüz öz hesabımıza, güclü iqtisadiyyat hesabına əldə etmişik. Güclü iqtisadiyyatımız olmasaydı, bu işləri görə bilməzdik. Bu hərbi şəhərcik həm ordumuzun, həm dövlətimizin gücünü göstərir”.

Prezidentin ordumuz və onun döyüş qabiliyyəti barədə yüksək səviyyəli fikir və mesajları da heç şübhəsiz ki, S.Lavrovun “Qarabağ mövzusu Azərbaycanın daxili məsələsi deyil” sözlərinə başqa rakursdan cavabdır. Yəni Azərbaycan öz silahlı qüvvələrini yalnız təlimlər keçirmək üçün gücləndirmir və zəruri məqamda ordumuz öz sözünü mütləq deyəcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.