Həbsdəki generallar bir-birilərinə qarşı çıxır
25-01-2017, 09:34
Sabiq MTN-çilər arasında toqquşma var, onların bəziləri bir-birinin əleyhinə ifadələr veriblər
Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun həbsdəki generalları arasında qızğın çəkişmə var və bu çəkişmə bu gün də davam edir. Bu haqda redaksiyamızı bilgiləndirən mənbə deyib ki, həbsdəki sabiq MTN-çilər arasında toqquşma var, onların bəziləri bir-birinin əleyhinə ifadələr veriblər.
Hazırda məhkəmədə özlərini müdafiə etmək zorunda qalan MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi olmuş general-mayor Akif Çovdarovla MTN-in Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinə rəhbərlik etmiş general-mayor Sübahir Qurbanov, yumşaq desək, yola getmirlər.
Qaynağımız bildirib ki, bu çəkişmələr əslində generallar vəzifədə olduqları dönəmlərdə də olub. Həbslərindən sonra isə münasibətlər daha da kəskinləşib.
Akif Çovdarovun vəkili Kamandar Nəsibov Sübahir Qurbanovun işində zərərçəkmiş, faktiki olaraq, generalın həbsinə əsas olan şəxslərdən birinin hüquqlarını müdafiə edir.
Aydındır ki, vəkilin işi müdafiə etməkdir. Amma məsələnin bu tərəfi də var ki, bir tərəfdən MTN generalı A.Çovdarova qarşı ağır ittihamların əsassız olduğunu ortaya qoymaq üçün çalışır, digər tərəfdən isə elə həmin generalla eyni komandanı bölüşmüş, komanda olaraq cinayətlərdə suçlanan, komandanın digər üzvünün eyni əməlləri törətdiyini təsdiqləməyə çalışır.
Xatırladaq ki, MTN ətrafında baş verənlərdən sonra bu qurumun 20-dən artıq yüksək vəzifəli əməkdaşı cinayət məsuliyyətinə cəlb olundu, xeyli general həbs edildi. Amma onların barələrindəki cinayət işi bir neçə qrupa bölündü. Hər bir idarənin rəisi və onun tabeliyində çalışmış şəxslərin işi ayrıca qrup şəklində araşdırılıb məhkəməyə göndərildi. Hazırda Sabunçu Rayon Məhkəməsində Akif Çovdarov və onun tabeliyində işləmiş Akif Əliyev, Səlim Məmmədov və Orxan Osmanovun cinayət işi üzrə məhkəmə prosesi gedir. Sabiq MTN-çilərin işinə Bakı Hərbi Məhkəməsinin hakimləri baxır. Həmin məhkəmənin divarları arasında MTN-in mütəşəkkil transmilli cinayətkarlıqla mübarizə İdarəsinin rəisi, general Sübahir Qurbanov və digərlərinin işi üzrə proses davam etdirilir.
Sübahir Qurbanovun da əsas işi mənsub olduğu qruplaşmanın digər üzvləri kimi müxtəlif şərləmə və şantaj üsullarından istifadə edərək sahibkarları qəsb etməkdən ibarət olub. Ancaq onun əməllərindən zərər çəkənlər arasında keçmiş işçiləri, peşəkar xüsusi xidmət zabitləri də var. Sübahir Qurbanov həmin idarəyə rəhbərlik etməyə başlayandan sonra peşəkarları müxtəlif yollarla sıxışdırıb işdən uzaqlaşdırıb.