“Moskva ləzgiləri” Milli-Mədəni Muxtariyyatı təşkilatı Rusiya Dövlət Dumasına elçi düşüb - Milçək bir şey deyil, vızıltısı isə ürək bulandırır

25-01-2017, 11:11           
“Moskva ləzgiləri” Milli-Mədəni Muxtariyyatı təşkilatı Rusiya Dövlət Dumasına elçi düşüb - Milçək bir şey deyil, vızıltısı isə ürək bulandırır

İki gündür ki, sosial şəbəkələrdə və Dağıstanın bəzi informasiya agentliklərində “Moskva ləzgiləri” Milli-Mədəni Muxtariyyatı təşkilatının sədri Madrudin Maqomed-Eminovun Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Valodinə müraciəti yayılıb. Həm də professor olan məktubun sahibi spikerdən xahiş edir ki, Rusiya-Azərbaycan parlamentlərarası əməkdaşlıq komissiyası dörd məsələni müzakirəyə çıxarsın. Hamısını sadalamaq istəmirik. Çünki “Sadval” və digər ləzgi separatçı təşkilatlarının uzun illər saqqız kimi çeynədiyi bəzi fikirlərdir. Sadəcə, bir qədər “mədəniləşib”, yəni ultimatum xarakteri daşımır. Müraciət müəəlifi Madrudin Maqomed-Eminov parlamentlərarası qrupa “dəyərli” tövsiyyələr verib. Birinci bəndi oxuyanda lap xəcalət çəkirsən. Markası bilinməyən bu “siyasi sabun” Azərbaycanda rus dilinə dövlət statusu verilməsini və bu statusun digər yerli xalqlara da şamil olunmasını istəyir. BMT-nin Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktını və Avropa Şurasının İnsan Hüquqları və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Konvensiyasını əsas götürür. O sənədləri ki, dünyanın heç bir ölkəsində işləmir. Sonra keçir Azərbaycana siyasi məsləhətlər verməyə. Deyir ki, biz Gömrük İttifaqına birləşməliyik və yaxın gələcəkdə Avrasiya İqtisadi İttifaqında müşahidəçi olmalıyıq. Bundan əlavə, “ikiyə bölünmüş” ləzgi xalqının sərhəd-keçid məntəqələrindən keçmə prosedurlarını sadələşdirməliyik və sair. Sonda Madrudin Maqomed-Eminov Dövlət Dumasının spikerindən xahiş edir ki, 2017-ci ildə hər iki dövlətin qanunverici orqanlarının parlamentlərarası qrupunun üzvləri görüşərkən bu “dəyərli” təşəbbüsləri müdafiə etsinlər.

Mən bu sənədlə Dağıstanda tanış oldum. Diqqətlə oxudum və köhnə bayatılar yadıma düşdü. Yəqin hörmətli professor bilməmiş deyil ki, Azərbaycanda yaşayan ləzgilər ana dillərində təhsil alırlar, Bakıda ləzgi dilində qəzet və kitablar çıxır, Qusarda Ləzgi Dövlət Dram Teatrı var və s. Azərbaycanla Rusiya Federasiyası arasındakı sərhəd-keçid məntəqələrindəki mövcud qaydalar dövlətlərarası sazişlərlə nizamlanıb. Bir qədər dəqiq xatırlasaq, Rusiya-Çeçenistan müharibələri zamanı qarşı tərəf sərhəddini möhkəmləndirib. Digər tərəfdən, Şimali Qafqazda davam edən çoxsaylı terror aktları hər iki tərəfi sərhəd rejimini gücləndirməyə məcbur edir. Azərbaycan isə müharibə şəraitindədir. Əgər Qafqaz regionunda tam əmin-amanlıq və sülh olsaydı, sərhədlər də şəffaflaşardı. Çox təəssüf ki, belə deyil. Məni maraqlandıran başqa bir məsələ də var. Ləzgi separatçıları hər dəfə iddia edirlər ki, onlar ikiyə bölünmüş xalqdır. Yaxşı xatırlayıram. Bir dəfə mərhum prezidentimiz Heydər Əliyev Rusiya Sərhəd Qoşunlarının başçısı Andrey Nikolayevi qəbul edərkən qonaq bölünməyə işarə vurdu. Heydər Əliyev də Dağıstanda yaşayan azərbaycanlıları misal çəkdi. Belədə A. Nikolayev susmaqla kifayətləndi. Bunu elə-belə yazmıram. Məgər Samur çayı təkcə ləzgiləri ayırıb? Bəs tarixən Dağıstanda yaşayan iki yüz mindən çox azərbaycanlı necə olsun? Qədim Azərbaycan torpağı olan Dərbənddəki həmvətənlərimiz bizdən ayrı düşmədilərmi? Axı onların da bu tayda çoxlu qohum-əqrəbası var.

Azərbaycan prezidenti İlham Əliyev Rusiya Federasiyası ilə münasibətlərə böyük önəm verir. Rusiya-Azərbaycan münasibətləri strateji tərəfdaşlıq səviyyəsindədir. Bunu da istəməyən daxili və xarici qüvvələr var. Bu “ləzgişünaslar” və “azərbaycanşünaslar” daim çalışırlar ki, ləzgi kartından istifadə edib bir qarışıqlıq törətsinlər. Doğrudur, milçək bir şey olmasa da, vızıltısı ürək bulandırır. Azərbaycan parlamentindəki deputatların nəyi müzakirə edib-etməyəcəyi onların öz işidir. Bizim Rusiya paytaxtının hansı küncündəsə yerləşən, cılız və varlığını göstərmək istəyən bir təşkilatın məntiqsiz məsləhətlərinə ehtiyacımız yoxdur. Azərbaycan suveren dövlətdir, nəyi necə etməyə özü qərar verir. Bizimlə ikili standartlarla davrananlar isə elə bilməsinlər ki, bu cür məkrli və məqsədyönlü müraciətlərin nə üçün dövriyyəyə buraxılmasından guya bixəbərik.

Yeri gəlmişkən, Dağıstanda olduğum müddətdə bir ləzgi ziyalısı ilə müraciət ətrafında müzakirə apardıq. Dedi ki, iki qardaş və qohum xalqıq, bizim bir-birimizlə iddia ilə danışmağa haqqımız yoxdur. “Nə bilirsən? Bəlkə o müraciət elə Rusiyanın bəzi rəsmi və siyasi dairələrinin mətbəxində hazırlanıb? Professor nə karədir ki, ona imza atmasın?”

Müqəddəs Mehdiyev












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.