İntihar edən psixoloqun 8 gün öncəki açıqlaması: “İntiharların səbəbi maddi sıxıntı və ümidsizlikdir”
26-01-2017, 08:50
Xəbər verdiyimiz kimi tanınmış psixoloq Dəyanət Rzayev intihar edib. O, evdə kəmərlə özünü asıb. İntiharlara qarşı kəskin mövqe sərgiləyən psixoloqun bu addımı çaşqınlıq və təəssüflə qarşılanıb.
Yanvarın 25-i, axşam saatlarında intihar edən psixoloq Dəyanət Rzayev yanvarın 18-də ölkədə baş verən intihar hadisələri ilə bağlı musavat.com-a açıqlama vermişdi.
O, bildirmişdi ki, intiharların əsas səbəbi maddi çətinlik və ümidsizlikdir: “Biz əgər Norveç və ya Finlandiyadakı intihar səbəblərini araşdırsaq görərik ki, bu, daha çox tənhalıqdan, bir-birilərinə qarşı olan soyuqluqdan irəli gəlir. Bizdə isə əksinədir. Biz tənhalıqdan yox, çox ünsiyyətdən əziyyət çəkirik.
İntiharların başvermə səbəbi daha çox ümidsizlik və maddi durumla bağlıdır. Bizdə münasibətlər normal qurulmayıb, neytrallıq da yoxdur. Hərdən baxırıq ki, insanı elə şeylərə görə qınayırlar ki, bu onu depressiyaya aparır. Məsələn, hansısa qadın əri narkoman olduğu və ya ona işgəncə verdiyi üçün boşanır. Cəmiyyət onu qınamağa başlayır və ona müxtəlif adlar qoşurlar. Araşdırılmır ki, bu adam nəyə görə boşanıb. Yaxud da ki, maddi durum. İnsanın həyatda heç bir sığortası yoxdur.
Tutaq ki, birinin banka 3 min dollar borcu olur. O, borcunun 1000 manatını qaytarsa da, devalvasiya baş verir və borcu elə 3 min manat kimi qalır. Halbuki 250 manat maaş alırsa, borcunu necə verə, ailəsini necə dolandıra bilər? Şimal ölkələrinə baxanda Azərbaycanda səbəblər bu cür fərqlidir. Sadəcə olaraq, intiharların səbəbləri dərindən araşdırılmalıdır.
Düzdür, çox zaman əsl səbəblər gizlədilir, yaxud da qohumları deyir ki, ruhi xəstə idi. Azərbaycanda intiharların səbəbi öyrənilməli və onu aradan qaldırmaq istiqamətində iş görülməlidir. Bu, uşaqlara da təsir edir. Əgər bir uşaq məktəbə gedir, özü ilə müqayisədə digər uşaqların ondan daha yaxşı geyindiyini görürsə, o, depressiyaya qapıla bilir. Yaxud da evə gələndə görürsə ki, ata-anası qəmgindir, ailədə daim mübahisə var, o zaman uşaq da psixoloji baxımdan gərilir, əlacsız qalır və intihara əl atır”.
Musavat.com