20 yanvar qətliamı ilə bağlı yeni iddia; məxfi sənəddə nələr var?
26-01-2017, 10:10
İyirmi yeddi il əvvəlki faciə zamanı sovet qoşunları Bakıya nüvə silahı anbarını qorumaq adı ilə girib?
ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) bir milyona yaxın məxfi sənədi ictimailəşdirib. Onlarla ilkin tanışlıq göstərir ki, MKİ-nin zəngin arxivində SSRİ-nin dağılması ərəfəsində ovaxtkı sovet Azərbaycanının həyatına dair də məxfi sənədlər var.
CIA-RDP99-01448R000401660042-6 nömrəli həmin sənədlərdən biri 31 may 1991-ci il tarixində qeydə alınıb. Bu sənəd əslində “The Washington Times” qəzetində SSRİ-də nüvə silahının vəziyyəti haqqında MKİ-nin rəhbəri postundan gedən Uilyam Uebsterin mülahizələrinin yer aldığı məqalədən ibarətdir.
Məqalədə deyilir ki, Uilyam Uebster Kreml rəhbərliyinin öz nüvə silahı üzərində tam nəzarətə malik olmaması ehtimalından narahatlığını bildirib. “Biz onu müşahidə edə bilərik ki, onlar özlərinə, artıq əvvəllər olduğu kimi, əmin deyillər. Bu, öz növbəsində, bizim etibarımızın səviyyəsini aşağı salır... Onlar indi raketlərin düşmən əllərə düşməməsi üçün özlərinə vacib olan tədbirlərlə bağlı variantlar üzərində işləyirlər”,- deyə məqalədə MKİ direktorundan sitat gətirilir.
Uebsterin sözlərini əsaslandırmaq üçün məqalə maraqlı fakta istinad edir. Vurğulanır ki, 1990-cı ilin fevralında sovet qoşunları Azərbaycanın paytaxtı Bakı yaxınlığındakı nüvə silahı anbarının müdafiəsi üçün çağırılmışdı. O anbar ki, Amerika rəsmi şəxslərinin sözlərinə görə, silahlı üsyançılar tərəfindən tutulmuşdu. Məqalə müəllifi yenə Amerikanın rəsmi şəxslərinə istinadən əlavə edib ki, insidentin nəticəsi olaraq Sovet İttifaqı nüvə silahını Orta Asiya və Baltikyanı respublikaların qeyri-stabil rayonlarından çıxararaq daha təhlükəsiz regionlara köçürüb.
Məqalədə həmçinin deyilir ki, MKİ direktoru jurnalistlərin “SSRİ yaxın bir neçə ildə dağıla bilərmi” sualına cavabında bildirib: “Bu hadisə bu və ya digər formada artıq bu ilin sonunda baş verə bilər”. Xatırladaq ki, məqalə 1991-ci ilin mayında dərc edilmişdi. SSRİ isə həmin ilin dekabrında artıq mövcudluğunu dayandırdı. Başqa sözlə, SSRİ-nin dağılması Amerika rəhbərliyi üçün o qədər də gözlənilməz olmadı.
O zaman Azərbaycanda başlanan milli-azadlıq hərəkatının liderləri isə musavat.com-a açıqlamalarında bildiriblər ki, sovet qoşunlarının Bakıya məhz nüvə anbarını qorumaq üçün girməsi barədə fikirlər cəfəngiyyatdır, reallığa uyğun deyil. Milli azadlıq hərəkatının liderlərindən olan Nemət Pənahlı məsələ ilə bağlı musavat.com-a bildirib ki, həmin dövrdə Bakıda onsuz da sovet qoşunları var idi: “Deyilənlər cəfəngiyyat və xalqı yanıltmaqdır. Nüvə anbarı başlı-başına qalmamışdı ki, sovet qoşunu onu qorumaq üçün gəlsin, fövqəladə vəziyyət yaratsın. Nüvə başlığı olan hərbi hissələrin yeri bilinmirdi, nə də xalq tərəfindən hücum təhlükəsi yox idi. Mən o hadisələrin içərisində olan, hərəkata rəhbərlik edən adamam. Hərbi hissələrə hücum təhlükəsi olardısa, əlavə güclənidirilmiş tədbir görülə bilərdi.
Bunlar, deyilənlər hamısı cəfəngiyyatdır. Sadəcə, 20 yanvarda rus ordusu Azərbaycana ona görə girdi ki, Azərbaycanda milli azadlıq hərəkatını boğsun. 1988-ci ildə dubinka ilə boğmağa, vurmağa çalışdı, dəyənək gücünə xalqımızın əzmini qırmağa çalışdı. Sərhəd hadisələrindən sonra da 20 yanvar mərhələsində milli azadlıq hərəkatı elə bir zirvəyə çatdı ki, rus ordusu millətimizin gözünü qırmaq üçün qətliama getdi. O da mümkün olmadı, əks reaksiya verdi. Əksinə, Sovet İmperiyasının dağılmasına gətirib çıxardı. İkincisi də, indi həmin cəfəngiyyatlar yayılır ki, guya Sovet İmperiyası özü dağılıb. Yaxud nüvə anbarını qorumaq üçün ordunun Bakıya çağırılması yalandır. O zaman xalqlar azadlıq, istiqlaliyyət savaşına çıxdılar və mübarizəyə başladılar, nəticədə Sovet imperiyası dağıldı. 20 yanvar isə Azərbaycan xalqının mübarizəsini qırmaq, gözünü qorxutmaq üçün törədilmişdi. Nüvə anbarını qorumaq iddiası o qədər cəfəng bir şeydir ki, bununla cəmiyyəti aldatmaq olmaz”.
Hərəkatın öncüllərindən olan Sabir Rüstəmxanlı isə bildirib ki, bu kimi fikirlərin hamısı əsassız məsələdir: “Sovet qoşunları o zaman ancaq Azərbaycan xalqını yatırmaq, xalqın iradəsini qırmaq və ermənilərə kömək etmək niyyəti ilə gəlmişdi. Gəlmişdilər ki, xalq hərəkatını yatırtsınlar, xalqa ”dərs versinlər", sonra da əllərinə bəhanə düşsün, Dağlıq Qarabağı ermənilərə versinlər, ayrı niyyət yox idi. O dəvət də olmuşdu, yanvarın 15-16-da; artıq Qorbaçovun Bakıda komendant saatı elan olunması və ordunun Bakıya yeridilməsi haqqında fərmanını görmüşdüm. Qol da çəkilmişdi, Azərbaycan rəhbərliyinin dəvəti ilə artıq Bakıda idilər".musavat.com/