Dekan müavininin yeni səs yazısı yayıldı: "Sizin deyəsən, ipinizi çox boş buraxmışıq" - VİDEO
27-01-2017, 23:30
“Mən ultimatumu təkcə Farizə göndərməmişəm. Mən ultimatumu bütün fakültənin tələbələrinə göndərmişəm. Eşitdiniz sizə nə dedim mən? Sizin deyəsən ipinizi çox boş buraxmışıq. Lağa qoyacaq dərəcədə qalxmısınız artıq…”
Abzas.net xəbər verir ki, bu sözləri Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekan müavini Aytəkin Zeynalova tələbələrə səsli mesaj göndərəndə bildirib.
Gənc dekan müavini tələbələrdən birinə səsli mesaj göndərərək həmin mesajı digər tələbələrin də olduğu qrupa atmağını istəyib.
“Abırınız olsun biraz!”
“O qrupunuzun ağzı göyçək tələbələri Farizi lağa qoyublar, can, bəh-bəh elədiyin müəllimən sənə ultimatum göndərir, can, bəh-bəh elədiyin müəllimən səni tənqid edir, təhqir edir… Mən ultimatumu tək Farizə göndərməmişəm. Mən səsli mesajımda göndərib demişəm ki, (nə dediyimi də çox gözəl bilirəm) dünən axşam məni Fariz, Leyla, Qoşqar əsəbləşdiriblər. Deməmişəm ki, ay Farizə töhmət verəcəm, ay Leylaya töhmət verəcəm, ay Qoşqara töhmət verəcəm. Demişəm ki, bundan sonra fakültənin mətbəxini sosial şəbəkəyə çıxardanın hamısının izahatını alıb, birinci xəbərdarlıq, ikinci töhmət verdirəcəm. Uşağa da bəsdirin mənçün orda lağa qoyub can-can, bəh-bəh elədiyin müəllimən sənçün bunları deyir… Abırınız olsun biraz!”
Daha sonra dekan müavini səsli mesajında təkrar bildirib ki, göndərdiyi mesajı tələbələrin olduğu whatsapp və ya facebook’dakı qrupa atsın və hamı da dinləsin.
Qeyd edək ki, Aytəkin Zeynalova bundan öncə də tələbələrə səsli mesaj ataraq hədələmişdi. Tələbələrə xəbərdarlıq edərək bildirmişdi ki, bir nəfər dekanlıq, hətta tutorlar haqqında facebook-da tənqidi fikirlər paylaşdıqda onlarla bağlı ciddi tədbir götürüləcək.
Bakı Dövlət Universitetinin mətbuat xidməti məsələ ilə bağlı araşdırma başladıldığı bildirilib. Amma ondan sonra hadisənin araşdırılmasının əksinə tələbələrə təzyiqlər olub. Onlardan kimin saytımıza məlumatı ötürdüyünü öyrənməyə çalışıblar.
Aytəkin Zeynalova kimdir?
O, 1982-ci ildə Bakı şəhərində anadan olub. 1999-2004-cü illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin bakalavr, 2004-2006-cı illərdə isə həmin universitetin magistratura təhsilini alıb. 2007-ci ildə BDU-nun beynəlxalq jurnalistika kafedrasının doktorantı olub.
Aytəkin Zeynalova əmək fəaliyyətinə də BDU-da başlayıb. O, 2006-cı ildə Beynəlxalq jurnalistika kafedrasında baş laborant kimi fəaliyyətə başlayıb, 2011-ci ildə həmin universitetin “TEM-də Tyutorların əlaqələndirilməsi və nəzarət qrupu”nun rəhbəri olub, 2013-cu ildə isə universitetin Jurnalistika fakültəsində dekan müavini təyin olunub.
Media qurumlarından xahiş edirik ki, məlumatı yayarkən Abzas.net-ə istinad edin, bu və bundan əvvəlki səs yazısını saytımız əldə edib, sosial şəbəkələrdən götürülməyib.