İlham Əliyevin açılışını etdiyi zavod işçilərinə maaş vermir
28-01-2017, 00:18
2012-ci ildə ölkə başçısı İlham Əliyevin işə saldığı “Azgüntex” Günəş Modulları Zavodu 7 aydır işçilərinin maaşını vermir. İşçilər deyirlər ki, zavodda 60 nəfər çalışır. Onlardan təxminən 30 nəfərin maaşı verilmir. Şikayətçilər maaşları verilmədiyinə görə müxtəlif vaxtlarda işdən çıxıblar.
“İyul ayından bu yana maaş almırıq. Bu gün, sabah deyib uzatdılar. Vəziyyət o yerə çatıb ki, 7-ci aydır, artıq 8-ci aya keçib ki, maaşımızı almamışıq. Yeni ildə 100, 200 manat verdilər ki, “başınızı aldadırıq””- zavodun keçmiş işçisi Vüsal İsayev deyir.
“Bu ayın axırına qədər hesablasaq, şirkətin mənə 2800 manat borcu var. Yanvarın 1-də 200 manat pul verdi, çıxdı getdi ki, al, budur”- bu sözləri hələ də şirkətdə işləyən Məhərrəm Bədəlov deyir.
Zavodda mühafizəçi işləmiş Elnur Vəlizadə : “Keçən ilin iyun ayından burada işləmişəm – 6 ay. Bir ayın maaşın almışam, 100 manat da “premiya” kimi almışam, qalan pulun da hamısı burada qalıb. Hesablasan, 1000 manatdan çox pulum var burada, ala bilmirəm”.
Şikayətçilər deyirlər ki, onların heç biri ilə əmək müqaviləsi bağlanmayıb. Bununla bağlı Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət etsələr də, vəziyyət düzəlməyib.
Keçmiş işçi Elnur Vəlizadə : “Əmək Müfəttişliyinə şikayət olunub, yazılıb, gəlib bura lazımi sözləri deyiblər, bunlar da özləri onlarla danışıblar, vəssalam. Olan bizə olub, yenə heç bir xeyrin görməmişik”.
“Bir ara elə vəziyyətə çatmışdım ki, dövlət başçısına məktub yazım, dedilər kimə deyirsən, get de. Bu dərəcədə… Bunların arxası hara bağlıdır ki, dövlət başçısını deyirsən, ondan da qorxmurlar, çəkinmirlər. Bunlar hara bağlıdırlar, mənə maraqlıdır”- Məhərrəm Bədəlov deyir.
Zavodun istehsalat üzrə rəisi Nizami Əsgərov işçilərin əmək müqaviləsi olmadan çalışdırıldığı iddiasını qəbul etmədi. Maaşların verilməməsinə gəlincə, bu haqda danışmaq istəmədi.
“Onlar bilmək istəyirlərsə, gəlsinlər məndən soruşsunlar. İkinci də, gedin onların özlərindən soruşun ki, niyə əmək müqaviləsi olmadan işləyiblər? Əgər elə bir şey varsa…Elə bir şey yoxdur”- Nizami Əsgərov deyir.
Zavodu Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi inşa edib. İşçilər Dövlət Agentliyinin sədri Akim Bədəlovun zavodu idarə etdiyini deyir. Amma Agentlik bunu inkar edir. Agentlikdən bildirirlər ki, zavoda sifarişlərin verib, məhsulların alırlar. Onların işlərinə qarışmadıqların desələr də, Dövlət Agentliyinin mətbuat katibi Rübabə Qasımova fevralın 1-nə qədər zavodun işçilərinin maaşlarını ödəyəcəklərini açıqlayır.
“İşçilərin maaşlarını almama səbəbi bir az büdcə məsələlərinə görə olub. Büdcə məsələlərində qarışıqlıq yarandığı üçün onların maaşlarında problem yaranıb. Yanvar ayının sonuna qədər bütün işçilərin maaşları verilib bitmiş olmalıdır. Bu dəqiqə də mühasibatlıq bunun üstündə çalışır ki, gələn həftə ərzində o maaşı bitirsinlər”.
Dövlət Agentliyi 24 noyabrda ölkə başçısının fərmanı ilə Energetika Nazirliyinin tabeliyinə verilib.
İşçilər isə maaşlarını alacaqları halda 7 ayda yığdıqları borcları bağlayacaqlarını deyirlər.
“Biz də ondan-bundan borc alıb, elə dolanırıq. Ümid edirik ki, buradan pul verərlər, borcumuzu qaytararıq”- işçi son ümidindən danışır.