Mingəçevir polisindən hadisə ilə bağlı açıqlama gəldi

29-01-2017, 11:32           

Mingəçevir şəhər DYP rəisi polkovnik-leytenant Bəlyar Bəşirli məsələ ilə bağlı saytımıza açıqlamasında şikayətçinin dediklərini tamamilə təkzib edib və müəyyən faktlar təqdim edib. Bildirib ki, Anar Allahverdiyev Şəfa Zeynalovu döyməyib: “Saxlanılan avtomobilin üstündə həbs olub. Ödənilməyən cərimələrə görə 480 manat borc yığılıb. Ona görə maşın gecə ikən saxlanılıb və sürücü, Müdafiə Nazirliyinin polkovnik-leytenantı Yusif Musayevi sürücülük vəsiqəsindən məhrum edilib və maşın cərimə meydançasına aparılıb.

Yanvarın 15-i səhər hər ikisi mənim qəbulumda olublar. Mən də cərimələrin çıxarışını onlara vermişəm. Onlardan cəriməni ödəmələrini istədim. Amma hələ də cəriməni ödəməyiblər.

Mən rəis olaraq polkovnik-leytenanta qarşı humanistlik edib maşınını buraxdım. Amma onlar da etibarsızlıq edib, hələ də o cəriməni ödəmirlər.
Ümumiyyətlə, Anar Allahverdiyev onu döyməyib. Onlar yalnız bir-biriləri ilə telefonda danışarkən söyüşüblər”.

Bəlyar Bəşirli qeyd edib ki, nazirlik məsələ ilə bağlı araşdırma apardıqdan sonra Anar Allahverdiyev işdən çıxarılıb: “Daxili İşlər Nazirliyinin əməkdaşları polis şöbəsinə gəlib məsələni araşdırdılar. Şöbənin kameralarından çıxarışlar götürdülər. Amma döyülmə söhbəti yüz faiz olmayıb. Əgər Şəfa Zeynalov döyülmüşdüsə, niyə tibbi ekspertizaya getməyib? Yüngül xəsarətlər olsa belə getməli idi.

Artıq həmin məsələ ilə bağlı nazirlik tərəfindən əmr də verilib. Anar Allahverdiyev həmin vəzifədən kənarlaşdırılıb”.

O, Allahverdiyevin işdən çıxarılmasını davranışlarındakı qüsurlarla əlaqələndirib: “Mən də qəbul edirəm ki, Anar polis kapitanı kimi hərəkət etməli idi. O söyüş söyən adamlara qoşulmamalı idi. Özü də söyüş söyüb, təhqirə əl atmamalı idi. Bizim işimiz hər kəsə nəzakətlə xidmət etməkdir. Bizi söyüb, artıq kəlmələr də deyə bilərlər. Amma biz yalnız ona qarşılıq olaraq raport yazıb məruzə etməliyik. Düzdür, Anar mənə məruzə edərək, vətəndaş tərəfindən ağır ifadələrlə təhqir olunduğunu bildirdi, mən də raport yazmasını istədim. O isə yazmadı, amma Şəfa yazdı”.

Rəis Şəfa Zeynalovun niyə bu addımları atdığını da bildirib. O iddia edib ki, şikayətçi dəfələrlə onoloji addımlar atıb: “O bununla qorxu yaratmaq, hər yerdə sözünün eşidilmisinə çalışır. Durun gəlin şəhərə, onun barədə soruşun. Ona görəcəksiniz, necə adamdır”.

B.Bəşirli Anar Allahverdiyevlə Şəfa Zeynalovun hər ikisinin təhqir və söyüşlər səsləndirdiyi telefon danışıqlarının səs yazısını redaksiyamıza təqdim edib. Səs yazısından görünür ki, şikayətçi küçə söyüşləri ilə kimisə təhqir edir.
BakiPost.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.