Eldar Mahmudov da getdi, Elmar Hüseynovun qətli açılmadı - “MTN işi”ndə müəmma

30-01-2017, 09:13           
Eldar Mahmudov da getdi, Elmar Hüseynovun qətli açılmadı - “MTN işi”ndə müəmma
Təşkilatçılar və icraçılar haqda müfəssəl məlumatlar ortada ikən, baş redaktorun qətli niyə araşdırılmır?..

Eldar Mahmudov vəzifədən uzaqlaşdırıldıqdan sonra onun 11 ilə yaxın rəhbərlik etdiyi Milli Təhlükəsizlik Nazirliyi (MTN) ləğv olundu. Qurumun yüksəkvəzifəli əməkdaşlarının həbsi böyük ajiotaja səbəb olan, cəmiyyəti silkələyən, illərlə qapalı qalan cinayətlərin nəhayət araşdırlacağına ümid yaratdı. Mahmudovun nazirliyinə uzanan cinayətlərin bolluğunda diqqəti cəlb edənlər isə az deyil.

Məsələn, 2005-ci il martın 2-də Bakıda yaşadığı binanın blokunda “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynov öldürüldü. Qətldən sonra prokurorluq orqanları azad sözə yönəlmiş bu ağır cinayətin üstünün açılması üçün bir sıra mühüm addımlar atmışdılar. Qətldə dolayısı ilə iştirak etmiş Turqay Bayramov həbs edilmiş, killer dəstəsinin 2 üzvü müəyyən olunmuşdu. Lakin cinayət işi prokurorluqdan alındı və MTN-ə ötürüldü. Bundan sonra və bu günə qədər istintaq yerində saymağa başladı, cinayətin üstü açılmamış qaldı. Halbuki Elmar Hüseynova qarşı törədilən cinayətin iştikakçıları, təşkilatçısı haqda da bu günə qədər təkzib olunmayan, lakin araşdırılıb-araşdırılmaması da bəlli olmayan faktlar ortalıqdadır.
Qətldən sonra təşkilatçı kimi MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi, general-mayor Akif Çovdarovun adı hallanırdı.

A.Çovdarovun bu qətlin təşkilatçısı olduğunu 2010-cu ilin yayında o zaman həbsdə olan jurnalist Eynulla Fətullayev gündəmə gətirmişdi. E.Mahmudov işdən qovulandan, Akif Çovdarov da daxil olmaqla onun komandasının üzvləri həbs ediləndən sonra, nəhayət ki, Elmar Hüseynovun qətlinin də araşdırılacağına ümidlər yaranmışdı. Bu gün də adı ictimaiyyətə qətlin təşkilatçısı kimi təqdim olunan Akif Çovdarovla bağlı araşdırma aparılması zərurəti ortadadır.

Elmar Hüseynovun qətlində icraçı kimi 5 Gürcüstan vətəndaşının adı keçir. Bunlar - Tahir Xubanov, Teymuraz Əliyev, Arçil Kasiya, Nuqzar Bolkvadze və Serqo Davrişovdur. Onların şəxsiyyəti, qətldən əvvəl qaldıqları ev, Azərbaycana qətl törədilən il yanvar və fevral ayında bir neçə dəfə gəlib-getmələri bilinir. Onlar sonuncu dəfə Azərbaycanı 2005-ci il mart ayının 3-də səhər saat 8:24-də - Elmar Hüseynov qətlə yetirildiyi gecənin səhəri tərk ediblər. Təşkilatçılar və icraçılar haqda müfəssəl məlumatlar ortada ikən, baş redaktorun qətli niyə araşdırılmır?

Bundan başqa, qətldən sonra üzə çıxan bir çox müəmmalar da araşdırılmamış qalmaqdadır.
Bu haqda ötən yazılardan birində qeyd etmişdik. Bir daha yazıdıqlarımıza nəzar salaq:
- Məsələn, Elmar Hüseynova mənzilinin girişində açılan atəşlərdən sonrakı dəqiqələrdə onun evində telefon işləməyib. Yaxınlarının istifadəsində olan mobil telefonlardan da zəng etmək mümkün olmayıb. Bu məsələ qətldən 2 gün sonra Azadlıq Radiosunun efirində müzakirə olunub. Müzakirədə Azərbaycan parlamentinin vitse-spikeri Ziyafət Əsgərov, “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid və o dövrdə “Monitor” jurnalının redaktor müavini olan Eynulla Fətullayev iştirak ediblər. Müzakirədə baş prokurorun müavini Ramiz Rzayevə istinadən bildirilib ki, istintaq bu ana (2005-ci il martın 4-də baş tutan müzakirə nəzərdə tutulur-E.M.) qədər ancaq mərhumun atası və xanımının qətl törədilən vaxt işıq, mobil və şəhər telefonunun qəsdən kəsilməsi barədə iddialarını araşdırıb.

Həmin müzakirədən sitat: “Cənab Rzayevin sözlərinə görə, mobil və şəhər telefonu daim işləyib. Müstəntiqlər uzağı 4-5 dəqiqə rabitədə nasazlıq olduğunu ehtimal edirlər. Şəhər telefonu isə ancaq otaqlardan birində, xətt qırıldığı üçün işləməyib”.

Bundan başqa, qətlə yetirilən baş redaktorun həyat yoldaşı Ruşaniyyə Hüseynova da müsahibələrində telefonların işləmədiyinə diqqət çəkib. Maraqlıdır ki, qətllə bağlı digər məqamlar araşdırılsa da, telefonların işləməməsi məsələsi sonradan diqqətdən kənar qalıb. Necə olub ki, rabitədə 4-5 dəqiqəlik nasazlıq yaranıb? Bu, bir təsadüfdür, yoxsa yaxşı hazırlanmış qətl planının tərkib hissəsidir?

Elmar Hüseynov öldürüldüyü gün onu yaşadığı binaya “Monitor” jurnalının kommersiya direktoru Zakir Rzayev gətirib. “Yolda Elmar mağazadan oğluna yoqurt aldı. Sonra binalarının qarşısında avtomobildən düşdü. Avtomobildən düşərkən ”Zerkalo" qəzetinin müxbiri İbrahim (İbrahim Bayandurlu, 2010-cu ildə vəfat edib) zəng etdi. O, İbrahimlə telefonla danışa-danışa binaya daxil oldu", - deyə qətldən sonra Zakir Rzayev bildirib.

Deməli, Elmar Hüseynovun telefonu binaya daxil olana qədər işləyib. Qətldən dərhal sonra isə telefon sadəcə, ümumi şəbəkədən 5-6 dəqiqəliyə ayrılıb. Həmin 5-6 dəqiqədə killer dəstəsi ərazidən uzaqlaşıb. Sonradan telefonlar işləməyə başlayıb və çağırışla əraziyə təcili yardım, hüquq-mühafizə orqanları gəliblər. Hadisə yerindən 150 metr aralıda papaq və tapança aşkar edilib ekspertizaya təhvil verilib. Amma heç bir əl izləri olmayıb. Deməli, baş redaktorun qətlində təsadüfi heç nə olmayıb. Həmçinin təsadüfən telefonların işləməməsi də. Əlbəttə, bu nüansın da araşdırılması hüquq-mühafizə orqanlarının çiyinlərinə düşür. Qətl və ondan sonra baş verənlər telefonların nasazlıq üzündən işləməməsi versiyasına çox ciddi şübhələr yaradır.

E.Mahmudovun işdən çıxarılmasından ötən 1 il 3 ay ərzində yəqinləşdi ki, Azərbaycan hüquq-mühafizə orqanları onun rəhbərliyi dövründə və altında törədilən cinayətlərin hamısının tam olaraq araşdırılmasına bır sıra səbəblərdən təzədən qayıtmaq istəmirlər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.