Terrorçulara rəhm etməyin!

30-01-2017, 10:40           

Təəccüblənməyin, əziz oxucular. Mən belə düşünürəm. Ola bilsin ki, bu sərlövhə beynəlxalq təşkilatlara özünü zorla sırıyan və onların qabağında quyruq bulayan bəzilərinin xoşuna gəlməsin. Nə edim, bu da mənim fikrimdir. İnsan hüquqlarından danışırlarsa, özgə fikrə də normal yanaşmağı bacarsınlar.

Bəs niyə bu qənaətə gəlmişəm? Əslində yeni bir söz demirəm. Yəqin ki, mənimlə həmfikir olanlar da çoxdur. Özü də təkcə Azərbaycanda deyil, dünyanın hər yerində. Azərbaycansa otuz ilə yaxındır ki, erməni terrorundan əzab çəkir. Verdiyimiz itkilərin sayı çoxdur. Erməni daşnakları daha nələr törətməyiblər ki? Təkcə gələn ay 25 ili tamam olan Xocalı soyqırımı əsl terror deyilmi? Nə qədər dinc sakin qətlə yetirildi, nə qədər körpə və uşaq vəhşicəsinə öldürüldü. Beynəlxalq aləm hələ də buna göz yumur. Bəli, bu da ermənilərin və ATƏT-in Minsk qrupunun ən çox xoşladığı ifadə olan xalqın öz milli müqəddəratını həll etmək yolu. Əslində qanlı terror! Mən hələ partladılan avtobusları, vertalyotda öldürülən dövlət xadimlərimizi, Bakı metrosunda partlayış zamanı həlak olan sakinlərimizi demirəm. Erməni terrorundan danışmaqla qurtarmaz. Hələ də düşmənimizlə müharibə şəraitindəyik, çox ehtiyatlı olmalıyıq.

Ermənilər bir qırağa qalıb, içimizdən də bəzi radikal dindarlar düşüblər ortalığa və terror eşqi ilə yaşayırlar. DTX-nın son vaxtlar keçirdiyi xüsusi əməliyyatlar nəticəsində bir neçə nəfər terrorçu zərərsizləşdirilib. İctimaiyyət arasında çoxlu müzakirələr gedir. Doğrudur, DTX tərəfindən rəsmi açıqlamalar verilib. Lakin hərə bir fikir deyir. Kimi söyləyir ki, onları tutmaq lazım idi, kimi deyir düz öldürüblər, kimi də deyir sağ ələ keçsəydilər çox şey danışardılar. Amma mən bu deyilənlərdən yalnız bir fikirlə razıyam. Terrorçuları öldürmək lazımdır! Çünki onları öldürməsələr yüzlərlə günahsız insanın canını alacaqlar. Bir terrorçunun canı hara, yüz dinc sakinin canı hara. Onsuz da bu məhv edilən terrorçuların nə qədər təhlükəli olduğunu bilib öldürüblər də. İkinci bir tərəfdən, onlara təslim olmaq əmr olunub. Lakin bu əmrə onlar tərəfindən atəşlə cavab verilib. Yaxşı, əməliyyatçılar nə etməlidirlər ki? Gözləməlidirlər ki, terrorçu onları da öldürüb partlayış törətsin? Götürək qonşu Rusiyanı. Şimali Qafqazda günaşırı antiterror əməliyyatları keçirilir. Bir də görürsən ki, FTXİ əməliyyatçıları və federallar hansısa təhlükəli bir terrorçunun hündürmərtəbəli bir yaşayış binasında gizləndiyindən xəbər tuturlar. Binada yaşayan bütün sakinlər evakuasiya edilir. Bundan sonra bizdə olduğu kimi terrorçudan təslim olmaq tələb olunur. Təslim olmadıqda qumbaratanlarla belə həmin mənzil atəşə tutulur, sonra isə terrorçunun cəsədinin qalıqları yığılır. İndi bilmirəm, çox yaxın zamanlaradək heç terrorçuların meyidləri belə ailələrinə təhvil verilmirdi. Artıq Avropa ölkələri də bir çox hallarda Rusiyadan nümunə götürməyə məcbur olublar. Terrorçuları yerindəcə məhv edirlər. Çünki başqa çıxış yolu yoxdur. Milləti, dini, məzhəbi olmayan bu adamlarla necə davranmalıdırlar ki? Mən hələ Yaxın Şərqi demirəm. Suriyadan bir dövlət kimi əsər-əlamət qalmayıb. Dünyada nə qədər terrorçu, cani və cinayətkar varsa buraya yığışıb. Hərə bir dəstə düzəldib vuruşur. Biri iqtidarı dəstəkləyir, biri müxalifəti, biri 21-ci əsrdə xilafət yaratmaq istəyən İŞİD-i, digəri İranı, və s. İndi dünya birliyi nə etsin? İmkan verilməlidir ki, bəzi böyük güclərin alt qatdan dəstəklədiyi bu terror hər birimizin evinə gəlib çatsın? Onsuz da qaçqın adı altında müxtəlif ölkələrə səpələnən bəzi suriyalılar və özünü suriyalı kimi təqdim edənlər terror aktları törətməkdə davam edirlər. Qardaş Türkiyə nə haldadır? Terrorçular dünyada Türkiyənin imicini nə qədər aşağı salıblar? Bəs bu ölkədə öldürülənlər kimdir? Polislər, hərbiçilər, dinc sakinlər, qocalar və uşaqlar və sair. Artıq bu yerdə insan haqları sözü işləmir. Çünki bombalar partlayanda və güllələr açılanda Avropa Şurası və ATƏT yada düşmür. Bir tərəf itkilər hesabına olsa da terrorçunu zərərsizləşdirməyə çalışır, qarşı tərəf isə qolu-qıçı parçalanmış və başı bədənindən qopmuş halda ətrafa səpələnir. İndi sual edirəm: Bu terrorçunu nə etmək lazımıdır? Öldürməkdən başqa çıxış yolu varmı?

Bir müddətdir ki, terror törətmək üçün canlı bombalardan istifadə dəbə minib. Bu canlı bomba adlandırılanların bəzilərinə uyuşdurucular verilir, bəzi bədbəxtlərsə heç bilmirlər ki, əllərinə verilən çantanın içində nə var. Bu işlərin adını da qoyublar cihad. Başqa ölkələr də belələrinə baxıb, islam dini əleyhinə təbliğat aparırlar. Vallah, mən də xristian olub və islam dinindən bixəbər olsaydım bəlkə də bu kompaniyaya qoşulardım. İndi müsəlmanların belə çoxunda cihad sözünə nifrət yaranıb. Əgər cihad günahsız insanların qanını tökməkdirsə, daha nəyi müzakirə edirik? Əgər kimsə “Allahu əkbər” sözləri ilə bombanı işə salırsa islam dinindən bixəbərlər bizə qarşı kompaniya aparmayıb nə etsinlər? Bu “cihadçılar” Avropada və digər ölkələrdə elə vəziyyət yaradıblar ki, sadə insanlar müqəddəs kəlam olan “Allahu əkbər” sözündən belə qorxurlar.

Şəxsən mən DTX və DİN-in keçirdiyi antiterror əməliyyatlarını dəstəkləyirəm. Allah bu əməliyyatlarda iştirak edənlərə yardımçı olsun. Çünki onlar günahsız insanların öldürülməsinin qarşısını alırlar. Onlara da eyni sözü deyirəm: Aşkarladığınız terrorçulara rəhm etməyin!

Müqəddəs Mehdiyev












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.