Almaniyanın Bakıya təzyiqinin şok səbəbi – Videofaktlar
30-01-2017, 16:31
Avropa, xüsusilə Almaniya Federativ Respublikasından Azərbaycana insan haqları və azad sözlə bağlı iradların səsləndirilməsini zaman-zaman müşahidə edirik. Ələlxüsus AŞPA sessiyalarında iştirak edən alman deputatların səsləndirdiyi bu iradlar isə Azərbaycanı sevməyən və bəhanə axtaran qüvvələrə arqument vermiş olur.
Əlbəttə, ikili standartları istisna etmək olmaz və Avropa ambisiyaları naminə bəzi hallarda bundan siyasi təzyiq kimi istifadə etməyə cəhd göstərir. Ancaq etiraf etməliyik ki, məsələ hüquqi müstəviyə keçəndə avroparlamentarilərin səsləndirdiyi iradların arxasında hansısa sənədlərin dayandığı üzə çıxır. Bu, Azərbaycan əleyhinə arqumentə çevrilən “tutarlı sənədlər” nədən ibarətdir?
“Siyasi mühacir” istehsal edən şəbəkə
Hər şey Oğuz rayon sakini İntiqam Əliyevin Axar.az-a müraciətindən və Almaniyada mühacir həyatı yaşayan, diaspor rəhbəri kimi fəaliyyət göstərən Rəşad Quliyev adlı şəxsin onu aldadaraq, dələduzluq yolu ilə 13.550 dollar vəsaitini mənimsədiyi barədə iddiasından başladı (İ.Əliyev artıq bir həftədən çoxdur Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinə rəsmi şikayət ərizəsi də ünvanlayıb).
Bu yazının ictimailəşməsi ilə Almaniyadan redaksiyanın ünvanına anoloji ittihamlar və sənədlər göndərilməyə başladı. Ən ilginc məqam isə Azərbaycan vətəndaşlarını müxtəlif vədlərlə aldadıb, Almaniyaya aparan və orada pullarını alaraq, onlara saxta sənədlər düzəldən böyük şəbəkənin üzə çıxması oldu.
Külli miqdarda pula satılan saxta sənədlər
Hazırda Almaniyada olan Neftçala şəhər sakini, 21.06.1972-ci il təvəllüdlü Fuad Vəli oğlu Mürvətovun video-müraciətində bildirilir ki, müxtəlif vədlərlə bu ölkəyə aparıldıqdan sonra onun xanımı İlahə Mürvətovaya saxta jurnalist vəsiqəsi, həmçinin Bakıda “aktiv siyasi fəaliyyətlə” məşğul olduğu üçün hakimiyyətin təzyiqi ilə üzləşdiyini, hətta ölüm təhdidi ilə qarşılaşdığını “təsdiqləyən” sənədləri azərbaycanlılardan ibarət mühacirlər külli miqdarda pul hesabına satıblar.
Anoloji halla Tərtər rayon, Leninabad kənd sakini, 02.01.1963-cü il təvəllüdlü Adil Sabir oğlu Ağayev də üzləşib. Onun da xanımına “hakimiyyətin siyasi təqibləri və ölüm təhdidi” ilə üzləşdiyi barədə sənəd verilib.
Kənd qadınını “əzabkeş jurnalistə” kimlər çevirir?
Şikayətçilərin göndərdiyi sənədlərdən belə anlaşılır ki, onlara Azərbaycan Xalq Cəbhəsi və yaxud Müsavat partiyalarının üzvləri olduqları barədə saxta üzvlük və jurnalist vəsiqələri verilir, daha sonra isə bu “əzabkeşlərin” Bakıda siyasi təzyiqə məruz qaldıqlarını “təsdiqləyən” möhürü, rəsmi qeydiyyatı, hüquqi ünvanı olan, ancaq Azərbaycanda heç kəsin tanımadığı qurumlardan məktublar Almaniyaya göndərilir.
Azad Söz MMC
Bu qurumlardan biri özünü “Azad Söz” Məhdud Məsuliyyətli Cəmiyyət kimi təqdim edir. 15.07.2015-ci ildə bu qurum 1815/72-94 saylı “mötəbər” arayışlarından birini Fuad Mürvətovun xanımına verib. Arayışda göstərilir ki, sən demə, Neftçalada yaşayan evdar qadın İlahə Mürvətova “həqiqətən də” Azərbaycanda hakimiyyətin siyasi təzyiqləri ilə üzləşmiş, həyatına ölüm təhlükəsi olmuşdur. Onun ölkəyə qayıdacağı təqdirdə həbs və ölüm təhlükəsi varmış və s.
Bütün bu cəfəngiyyatı Azad Söz MMC-nin rəhbəri olduğu bildirilən F.Məmmədov adlı şəxs imzalayıb. Bu qurumun rəsmi ünvanı kimi Mətbuat prospekti 529-cu məhəllə (Azərbaycan Nəşriyyatı) göstərilib, telefonu isə 955 889 93 85-dir.
Qazeta Analitik İnformasiya Mərkəzi
Bu cür saxta sənədlər istehsal edən qurumlardan biri də Qazeta Analitik İnformasiya Mərkəzidir. İlahə Mürvətovanın jurnalist və siyasi təzyiqlər altında “məhv olmaq təhlükəsi” ilə üzləşdiyi yalanını gücləndirmək üçün bu “mötəbər qurum” da eyni gündə - 15.07.2015-ci ildə Almaniyaya sənəd göndərib. N-7811/15 saylı arayışda qurum özü haqda məlumat verib: 2010-cu ildə dövlət qeydiyyatına alındığı, VÖEN-i (2001687911), üç dildə və iki internet ünvanında fəaliyyət göstərdiyini açıqlayır.
Qazeta AİM də göndərdiyi arayışda guya İlahə Mürvətovanın 16 iyun 2015-ci ildə onlara müraciət etdiyini, təzyiqlərlə üzləşdiyi barədə mediada yazılar getdiyini bildirir və “ölüm təhlükəsi ilə üzləşən” bu “jurnalistə” yardım göstərilməsini xahiş edir.
Məktubu Qazeta AİM-in rəhbəri Anar Mammadov imzalayıb.
Bu məktubda maraqlı məqamlardan biri qurumun Avropa.info, teref.az, Xalqxeber.az, Gündəminfo.az, Azadliq.info saytları ilə, o cümlədən siyasi mühacirlərlə (yuxarıda adı gedən Rəşad Quliyev də siyasi mühacir olaraq göstərilib) işləməsidir.
Avropa.info saytının baş redaktoru Ruslan Bəşirli Axar.az-a açıqlamasında nəinki Qazeta AİM-lə hər hansı informasiya mübadiləsi etdiyini, ümumiyyətlə, belə bir qurumun mövcudluğundan xəbəri olmadığını bildirdi...
Nömrələr də mövcud deyil
Arayışlarda göstərilən nömrələrlə əlaqə saxlayıb, bu saxta sənədlərə mövqelərini öyrənmək istədik. Məlum oldu ki, həm Azad Söz MMC, həm də Qazeta AİM-in (055 499 42 38) göstərdiyi nömrələr ümumiyyətlə mövcud deyil.
Ancaq Vergilər Nazirliyinin rəsmi saytında Qazeta AİM-in qeydiyyatdan keçdiyi və fəaliyyəti görsənir...
Nəticə
Kənddə yaşayan evdar xanıma və Almaniyaya üz tutan nə qədər adama bu saxta sənədlər verilib? Bu sənədlərdən neçə mini Almaniya Xarici İşlər Nazirliyi və Miqrasiya İdarəsinə təqdim edilib? Almaniya hökuməti bu qədər “mötəbər sənədə” görə nə qədər adama sıyasi sığınacaq verib?
Ortada faktiki olaraq böyük bir cinayətkar şəbəkə var. Onlar pul qarşılığında azərbaycanlıları Avropaya (bu kontekstdə Almaniyaya) aparır, onlara guya Azərbaycanda siyasi təzyiqlərlə üzləşdiyini, hətta ölüm təhlükələri olduğunu bildirən saxta sənədlər verilir, AXCP və Müsavat Partiyasının köhnə tarixə “üzvlük vəsiqələri” düzəldilir və onların siyasi mühacir statusu almasına çalışılır.
Nəticədə isə mühacir statusu alıb-almamasından asılı olmayaraq, bu cür saxta sənədlərlə Almaniya XİN və Miqrasiya İdarəsi “dolub-daşır”. Bu cinayətkar şəbəkənin saxta sənədləri sonradan Azərbaycan əleyhinə çevrilir, ölkədə insan haqlarının və azad sözün pozulması barədə hesabatlarda əksini tapır.
İllərdir Azərbaycan əleyhinə işləyən bu cinayətkar şəbəkə niyə ifşa olunmayıb? Vaxtaşırı olaraq medianın gündəminə gələn bu məsələlərlə bağlı hüquq-mühafizə orqanları niyə hərəkətə keçməyib? Niyə hələ də bu şəbəkənin azərbaycanlıları aldatması və pullarını alması, daha sonra isə bir-iki saxta sənəd verilərək, Almaniya küçələrinə buraxılması prosesi davam edir? Burda həm də insan alverinin predmeti mövcuddur.
Daxili İşlər Nazirliyinin bu faktları diqqətdən qaçırmayacağını güman edirik.
P.S. teref.az olaraq bu gün Axar.az saytından mənə müraciət edilmişdi. Mən öz fikirlərimi bildirmişəm.Nədənsə, ya saytın siyasətinə uyğun gəlmədiyinə görə, ya da ola bilər yaddan çıxsın, teref.az-nun fikirləri yayınlanmayıb. teref.az olaraq Qazeta. AİM-lə heç bir əməkdaşlığımız olmayıb. Lakin olsa idi şad olardım. Qaldı QAT-ın iki qanadının savaşının predmeti olmaq heç də xoş deyil və həmkarlarımızın bizi bu savaşın bir tərəfi etmək cəhdini heç də yaxşı qarşılamırıq.
teref.az