“Döymədim, başa saldım”- AKİF ÇOVDAROV ZƏRƏRÇƏKƏNLƏ ÜZLƏŞDİRİLDİ
31-01-2017, 11:16
Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə qapalı keçirilən prosesdə zərərçəkmiş qismində sahibkar Mübariz Məmmədov ifadə verib. O, istintaqa verdiyi ifadəsini təsdiq edib. M.Məmmədov deyib ki, MTN binasında onu A.Çovdarov döyüb: “Döyüləndən sonra Mərkəzi Gömrük Hospitalında ürəyimdən əməliyyat olunmuşam”.
İttiham aktına əsasən, M.Məmmədov Badamdar qəsəbəsində yerləşən 18 sot torpaq sahəsini satarkən A.Çovdarov onun müştərisi olub və zərərçəkmiş Rafiq Tağıyevin vasitəsilə həmin ərazini 600 min dollara almağa razılaşıblar. Bunun üçün də 300 min dollar beh verib. Lakin sonradan bəlli olub ki, torpağın iki sahibi var, biri M.Məmmədov, ikincisi isə Gənclər və İdman Nazirliyidir. A.Çovdarov işin içində başqa bir dövlət qurumunun olduğunu bildikdən sonra M.Məmmədovu otağına gətirdərək döyüb, işgəncə verib. Bu yolla M.Məmmədovdan behini geri tələb edib, sonra isə torpağın təmənnasız öz yaxın adamının adına keçirilməsinə nail olub.
Daha sonra məhkəmə iclasında Mərkəzi Gömrük Hospitalının həkimləri ifadə veriblər. Onlar bildiriblər ki, M.Məmmədovun ürəyinə stend qoyulub.
A.Çovdarov digər epizodlardan fərqli olaraq bu məsələ ilə bağlı ətraflı ifadə verib. O, bildirib ki, torpağın müştərisi özü olmayıb: “Rafiq Tağıyev MTN-ə gəlib Mübariz Məmmədovdan şikayət etdi, aldadıldığını, 300 min dollar pulunun dələduzluq yolu ilə ələ keçirildiyini bildirdi. Biz də araşdırma apardıq, həmin ərazinin nazirliklərdən birinə aid olduğu üzə çıxdı. Məsələni həll etmək üçün Mübariz Məmmədovu idarəyə çağırdıq, orada onunla söhbət etdim. Döymədim, başa saldım ki, pulu qaytarsın. Sonra da torpağın taleyinin necə olduğundan, pulun qaytarılıb-qaytarılmadığından xəbərim olmadı”.
Vəkil Sadiq Rəsulov musavat.com-a açıqlamasında deyib ki, M.Məmmədov məhkəmədə ziddiyyətli ifadə verib. Vəkilin sözlərinə görə, M.Məmmədov MTN zabiti Səlim Məmmədov və 3 nəfər tərəfindən döyüldüyünü deyib. Amma o, məhkəmədə Səlim Məmmədovu tanımadığını söyləyib: “Mübariz Məmmədovun dostu Hafiz Abukarov da ifadə verdi. O, dedi ki, Mübarizin döyülməsindən və ailəsi ilə hədələnməsindən xəbərsiz olub. Akif Çovdarov isə bu işə görə Mübarizə əsəbləşib, üzərinə qışqırdığını etiraf etdi. Amma Çovdarov onu vurmadığını bildirdi. Mübariz Məmmədov bundan sonra ürək xəstəliyinə tutulduğunu Mərkəzi Gömrük Xəstəxanasında əməliyyat olunduğunu söyləyib. Xəstəxananın həkimləri də məhkəmədə ifadə verdilər. Onlar Mübariz Məmmədovun ürəyindən əməliyyat olunduğunu desələr də, xəstəliyə səbəb olan hadisə barədə məlumatsız olduqlarını qeyd etdilər”.
Bildirək ki, A.Çovdarovla birlikdə müttəhimlər kürsüsünə ləğv edilmiş MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanov da çıxarılıb.