Xalq şairi Rəsul Rzanın Demokratik Cümhuriyyətin əleyhinə yazdığı şeiri - “...Müsavat hər ingilisin ayağını yalayanda”
31-01-2017, 13:13
Kitabxana və arxivlərimizə hər dəfə üz tutub araşdırma apararkən gözləmədiyimiz halda qarşımıza heyrət doğuran materiallar çıxır. Açığı, onlar içərisində daha çox maraq və təəccübümüzə səbəb materiallar da olur. Belə materiallardan biri də 1938-ci il 1 may tarixli “Ədəbiyyat qəzeti”nin (№20 (165) sayında dərc edilib. Həmin material Xalq şairi Rəsul Rzanın “Stalin yoldaşa” adlı şeiridir. Şair şeirində Demokratik Cümhuriyyətin zamanında Müsavat hökumətinin xalqa bəla, zülm gətirdiyini və türklərin ölkəmizi çapıb taladığını yazır. Milli hökuməti aşağılayan ifadələr işlədərək, bolşeviklərin tərifini göyə qaldırır.
Onların bu kimi addımları bolşevik zülmünün tüğyan etdiyi bir dönəmdə - 1937-1938-ci illərdə atıblar. O zaman bu, üzdə olan şair, yazıçı və alimlərimizin başlarını salamat saxlaması baxımından başa düşüləndir. Qətiyyən heç kimi qınamaq olmaz. Ancaq zamanın və dövrün məngənəsində sıxılmayanlar bu gün kimi istəsələr qınayırlar. Çünki özləri ağır sınaqlarla qarşı-qarşı durmayıblar. Enter.News saytı olaraq bu yazını təqdim etməkdə məqsədimiz kimisə qınaq obyektinə çevirmək deyil. Lakin düşünsək ki, keçmişdə yazılanların hər biri bir tarixdir və o tarixlə də bugünkü insanlarımız tanış olmalıdır. O baxımdan araşdırıb, üzə çıxarıb oxumaq və oxutdurmaq insanların halal haqqıdır. Nə keçmişinizə daş atın, nə də haqqınızdan keçin...
Stalin yoldaşa
Ey sənətə ilham verən, bizə doğru yol göstərən,
Məhəbbəti şahin kimi üstümüzdə qanat gərən!
Ey sözləri yaz yeli tək ruhumuza qüvvət verən,
Salam sənə xalqımızdan, onun sənət ordusundan,
Ey sənətin böyük dostu, ulu rəhbər, böyük insan!
Qaşında qoy mən sazımın tellərini dilləndirim.
Dərya kimi coşan könlün sellərini dilləndirim,
Şən elimdə əsən bahar yellərini dilləndirim,
Onlar desin ağ günümdən mahnılarım dilə düşsün.
Gözlərimdən sevinc yaşı axsın gilə-gilə düşsün.
Qara günlər keçirmişəm hamı bilir mən başımdan,
Daş əriyər, günəş sönər çıxmaz o gün yaddaşımdan.
Gəlin minbir solan ömrün qəm sorağı hər daşımdan.
Bu yerlərdə müsavatın at sürdüyü qara gündən,
Ruhu azad mərd xalqının böyük qəlbi yara gündən.
Durna gözlü bulaqların sərin suyu zəhər oldu.
Nə gün doğdu üstümüzə, nə gecələr səhər oldu.
Anaların göz yaşları topladığı bəhər oldu.
Həddi aşdı azğınlığın, kim dil açdı sus! - dedilər.
Daş torpağı casus qoyub, ürəkləri pus! – dedilər.
Ana vətən yaxşı bilir kim oynatdı at elimdə,
Evlər yıxdı, qanlar içdi, doymadı, qat-qat elimdə,
Taladılar kəndlərimi düşdü çat-ha-çat elimdə,
Dağıtdılar dönə-dönə Şəmkirimi, Şirvanımı
Mən o gündən tanımışam, öz dostumu, düşmənimi.
Türklər bizə qardaş deyib elimizi talayanda,
Müsavat hər ingilisin ayağını yalayanda,
Nemeslərin ac sürüsü, rast gələni dalayanda.
Rus xalqının qardaş əli sıxdı bizim əlimizi,
Doğdu günəş o gün bizim işıqlatdı elimizi.
Sən o günün şahidisən ey elimin xilaskarı!
Sən vermisən ölkəmizə bu gülşəni, bu baharı.
Həyat gülür üzümüzə, sındırıldı qəm hasarı,
Çəkiləndə böyük adın xalqın deyir var ol ata.
Sən yetirdin ellərimi bu gündüzə, bu həyata.
Yadınızda qalır böyük həyatının varaqları,
Qamçılarkən sahilləri dalğaların göy qatarı.
Titrəyirdi yumruğundan daş məhbəsin daş divarı,
Orda İlliç buxtasının ulduzları yanrı indi.
O keçmişdən yoxdur əsər köhnə Bayıl hanı indi.
Bir də dönməz keçən günlər, vətənimiz batmaz yasa,
Qoymarıq ki, yadlar bizim torpaqlara ayaq basa.,
Azad olmuş xalqımızın bu xoş gündə nəyi varsa,
Sən vermisən onu bizə ey elimizin xilaskarı,
İndi açıb hər tərəfdə azad xalqın ilk baharı.
Fərəh dolu günümüzdən bir parçadır bu gördüyün.
Xalqımızın görülməmiş bayramıdır bu şanlı gün.
Stalin tək bir atan var, öyün, xoşbəxt xalqım öyün!
Ömür güldü bu ellərə, qızıl günəş axdı gəldi.
Tərlan təbim nə durmusan qanadlanmaq vaxtı gəldi.
Salam sənə böyük insan, xalqımızdan salam sənə!
Bir mehriban oğul kimi atılaydım qucağına,
Gülüstana çevrilibdir tanıdığın bax elimiz,
Salam sənə xalqımızdan bizim köhnə bakılımız!
Rəsul Rza
Təqdim etdi: Rəşad Sahil