“Mavi balina”ya görə uşaqların intihar etməsi öz təsdiqini tapmayıb - RƏSMİ

5-12-2017, 12:34           
“Mavi balina”ya görə uşaqların intihar etməsi öz təsdiqini tapmayıb - RƏSMİ
“Mavi balina” oyunu ilə əlaqədar digər ölkələrdə kifayət qədər intihar halları baş versə də, Azərbaycanda hüquq-mühafizə orqanları tərəfindən uşaqların onunla əlaqədar intihar etməsi barədə yayılan məlumatlar öz təsdiqini tapmayıb.

Bunu Trend-ə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq problemləri şöbəsinin böyük məsləhətçisi Pərviz Əliyev deyib.

Belə oyunların uşaqların psixologiyasına zidd olduğunu vurğulayan P.Əliyev hesab edir ki, əslində, “Mavi balina”nı oyun saymaq olmaz: ”Bu, şəbəkə formatındadır və “facebook”, “odnoklassnik” kimi şəbəkələrdə yayılır. Əgər bu, hansısa proqram olsaydı, onu əngəlləmək daha asan olardı. Amma bu, şəbəkə formatındadır. Ona görə də onu əngəlləmək bir qədər çətindir”.

“Mavi balina”nın uşaqları təhlükəli əməllərə sövq etdiyini nəzərə çatdıran P.Əliyev qeyd edib ki, internetdə uşaqlar üçün yalnız “Mavi balina” təhlükəsi yoxdur: “İnternetdə kifayət qədər digər təhlükəli məsələlər də var. İnternetdə elə oyunlar var ki, onun haqqında yazılmır, uşaqlar ondan istifadə etmirlər, amma o, daha təhlükəlidir. Bunlarla bağlı təhlükəsizlik tədbirlərinin görülməsinə ehtiyac var”.

Komitə rəsmisi əlavə edib ki, uşaqlar internet üzərindən gələn istənilən təhlükəyə qarşı daha həssasdırlar: “Nəzərə alaq ki, uşaqlar müasir texnologiyalara daha meyillidirlər. Bu oyunları quranlar da uşaqların psixologiyasını yaxşı anlayırlar. Onlara hansı istiqamətdə təsir etməyin lazım olduğunu çox gözəl bilirlər. Burada əsas məsələ uşaqların gözlənilən təhlükələr barədə maksimum məlumatlandırılmasıdır. Uşaqların davranışı nəzarətdə saxlanıldıqda onun gündəlik fəaliyyəti ilə bağlı təsəvvür yarana bilər. Təbii ki, intihar etmək istəyən uşağın davranışı dəyişir. Buna görə də məktəbdə, evdə, ümumilikdə cəmiyyətdə uşaqlara qarşı diqqətli olmaq lazımdır. Uşaqların bu məsələ ilə bağlı maarifləndirilməsi lazımdır”.

Komitə rəsmisi hesab edir ki, bəzən maarifləndirmə tədbiri sayılan tədbirlərin özü belə əks effekt verə bilər: "Ona görə də belə tədbirlərin keçirilməsində də olduqca ehtiyatlı olmaq lazımdır. O qədər uşaq olur ki, məlumatı oxuyur, oyunun təhlükəli olduğunu bilir, bununla belə, uşaq olduğu üçün oyunun sonunun necə olduğunu öyrənmək üçün yenə də oraya daxil olur. Oyunu da elə adamlar hazırlayırlar ki, psixoloji cəhətdən uşağı ələ ala bilirlər. Narkotiklərlə bağlı hazırlanmış sosial çarx izləmişəm. Orada narkotik necə hazırlanır, şprisə necə yığılır - hər şey ətraflı izah olunur. Guya sosial çarxın mənası odur ki, uşaqları narkotikdən yayındırsın. Amma onu uşaqlara elə göstərirlər ki, bunu hətta reklam kimi də qəbul etmək olar”.

P.Əliyev qeyd edib ki, ona görə də belə məsələlərdə uşaqlarla psixoloqlar işləməlidirlər. Eyni zamanda, hər bir uşaq diqqətdə saxlanılmalı, valideynlər ayıq-sayıq olmalıdırlar.

Qeyd edək ki, son zamanlar internetdə “Mavi balina” adlanan daha bir təhlükəli oyun yayılıb. Bu oyunun şərtlərinə əsasən, iştirakçılar qollarını kəsib şəklini yükləməli, qorxulu videolara baxmalı, hündür yerdə fotosunu çəkib göndərməli və s. qorxunc və təhlükəli tapşırıqlar yerinə yetirməlidir. Türkiyə, Rusiya və digər ölkələrdə bu oyunun təsiri altına düşən xeyli sayda yeniyetmə intihar edib. Bu oyun artıq Azərbaycanda da yayılmağa başlayıb. Yayılan məlumatlara görə, Azərbaycanda da bəzi uşaqlar "Mavi balina" ilə əlaqədar özünü intihar etmək istəyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.