Əhməd Məmmədov: “Rza Zərrabın ittiham işində adı çəkilən şəxs mən deyiləm”
6-12-2017, 15:09
ABŞ-da mühakimə olunan Azərbaycan əsilli iş adamı Rza Zərrabın ittiham sənədində Azərbaycanda işləyən 3 iş adamının da adı çəkilib. Dünən medianın bu barədə yaydığı xəbərlərdə həmin şəxslərdən birinin “Azər Türk Bank” ASC-nin mərkəz filialının müdiri Əhməd Məmmədov olduğu iddia edilib. Ə.Məmmədov isə bu məlumatı təkzib edib.
Müsavat.com-a açıqlamasında o, Rza Zərrabla və qeyd edilən ittiham işi ilə hər hansı əlaqəsinin olmadığını deyib və haqqında bu cür dəqiqləşdirilməmiş xəbərlərin yayılmasına görə təəssüf hissi keçirdiyini bildirib.
Qeyd edək ki, Rza Zərraba qarşı internet resurslarında da yerləşdirilmiş ittiham sənədində Vitali Bədəlov (Vidali Badalov), Əhməd Məmmədov (Ahmad Mammadov) və Şamil Məmmədov (Shamil Mammadov) adlı üç Azərbaycan iş adamının adı çəkilir. Ad-soyad oxşarlığının eyniyyətini nəzərə alaraq mətbuat onlardan birinin məhz “Azər Türk Bank” ASC-nin mərkəz filialının müdiri Əhməd Məmmədov olduğunu güman edib. Bankir isə bu ad və soyadın ölkəmizdə geniş yayıldığını xatırladaraq, bu ittiham aktına hər hansı aidiyyətinin olmadığını qeyd edib.
Rza Zərrabın ittiham işi ilə bu linkdən tanış olmaq mümkündür: http://t24.com.tr/files/20171128164434_x1x359-us-v-atilla.pdf