Sosial mənzillər də bahalı çıxdı: Maaşın 90 faizini alacaq
27-01-2018, 11:30
Sosial mənzillərin qiymətləri açıqlanıb. Belə ki, güzəştli ipoteka üzrə 30 illik kreditlə birotaqlı mənzil üçün aylıq ödəniş təqribən 130-150 manat, ikiotaqlı mənzil üçün 200-250 manat, üçotaqlı mənzil üçünsə 300-350 manat nəzərdə tutulub.
Sosial mənzillər üçün təklif olunan aylıq ödəniş kifayət qədər yüksəkdir.
Cebhe.info-ya açıqlama verən iqtisadçı-ekspert Fuad İbrahimov da qiymətlərin yüksək olduğunu söyləyir:
"Sosial mənzillər yalnız aztəminatlı ailələr üçün nəzərdə tutulmayıb. Eyni zamanda dövlət qulluğunda çalışan müəyyən şəxslər də şamil edilib. Şübhəsiz ki, aylıq 3 otaqlı ev üçün 300-350 ödəmək həmin imtiyazlı şəxsin ən yaxşı halda maaşının 50, ən pis halda isə əmək haqqısının 85-90 faizi də ola bilər. Bu səbəbdən də aztəminatlı ailələr daha çox 1 və 2 otaqlı mənzilləri almağa maraq göstərəcəklər. Bir otaqlı mənzil üçün aylıq xərclənə pul da şəxsin maaşının 30-70 faizini təşkil edəcək”.
F.İbrahimov bütün bu problemlərin komitələr arasında əlaqələrin olmamasından qaynaqlandığını deyir:
"Sovet dövründə mənzillərin verilməsi, maaşların hesablanması üçün elmi-tədqiqat inistitutları qərbdə belə olmayan model hazırlamışdır. Bu modellə vətəndaşın istehlak səbəti daha dolğun təsvir edilirdi. Hazırda hökumət orqanları arasında inteqrasiya itib, onlar birgə işləmirlər. Onlar bir modeli birgə hazırlayaraq işləməlidirlər ki, gələcəkdə hansısa problem yaranmasın. 20-25 il bu yükü üzərində daşıyan şəxs yalnız evin pulunu necə verəcəyini düşünəcək. Bu zaman insan şəxsi həyatını qurban verəcək, övladları, ailəsi, dostları ilə istədiyi kimi asudə vaxt keçirtməyəcək. Beləcə həmin şəxsin həyatında bir çox şeylər, o cümlədən də normal istirahət hüququ da məhdudlaşır. Vətəndaşa imkan yaradılmalı idi ki, 3 otaqlı ev üçün aylıq 150 manat ödəsin. Belə halda müştəri bazası yüksələr, vətəndaşın ödəmə qabiliyyəti yüksələrdi. Ən azından insanların üzündə təbəssüm də görə bilərdik. Təəssüflər olsun ki, təqdim olunan bu rəqəmlər kifayət qədər maksimaldır. Amma buna ehtiyacı olan insnalarməcburən belə evləri alacaq, bununla da həyatlarını daha da çətinləşdirəcəklər”.
Sosial mənzillərin sahəsi də açıqlanıb. 1 otaqlı evlərin sahəsi 31-33 kvadratmetr, ikiotaqlı mənzillərin sahəsi 50-58, üçotaqlı mənzillərin sahəsi isə təqribən 70 kvadratmetrdir.