Braziliyada gecə klubunda 14 adamı güllələdilər - səbəbi məlum deyil
28-01-2018, 10:00
Braziliyanın şimal-şərqindəki Fortalez şəhərində naməlum çəxslər gecə klubuna soxularaq atəş açıblar. Hücum zamanı ən azı 14 nəfər ölüb. Onların arasında iki yetkinlik yaşına çatmayan yeniyetmə də var. Bir neçə yaralını, o cümlədən 12 yaşlı oğlanı xəstəxanaya çatdırıblar.
Musavat.com BBC News-a istinadən xəbər verir ki, kluba bu gün səhər saatlarında, içərisində xeyli adamın qaldığı bir vaxtda hücum olunub. Güman olunur ki, hücumçular narkotik maddə alveri ilə məşğul olan yerli cinayətkar qruplaşmanın üzvləridir. Onlar gecə klubuna 3 maşında gəliblər.
Canilərin qətliamı hansı səbəbdən törətdikləri bilinmir. İnsanlara atəş açanlardan heç kim tutulmayıb.
Yerli mətbuat xəbər verir ki, Fortalez şəhərinin daxil olduğu Seara ştatında təkcə 2017-ci ildə 5 mindən artıq qətl hadisəsi törədilib.