Böyük güclərin “nifaq alması” - Azərbaycan, yoxsa Ermənistan...
29-01-2018, 10:40
ABŞ və Rusiyanın daha bir “müştərək” rəqabət meydanı; İki fövqəlgücün çəkişməsi işğalçının deyil, ölkəmizin önəmini artırmaqdadır; İrəvan üçün ən kədərli fakt; “top” həmişə Bakının meydanındadır; erməni şərhçi: “Amerika konqresmenlərinin məktub-müraciəti bizim üçün siqnal olmalıdır...”
Ötən həftə ABŞ-ın Dağlıq Qarabağla bağlı siyasətində Azərbaycanla bağlı bəzi neqativ gəlişmələrdən ətraflı yazmışdıq. “Yeni Müsavat” bir daha xatırladır ki, söhbət:
ABŞ tərəfindən maliyyələşən “HALO Trust” adlı şirkətin işğal altındakı ərazilərimizdə mina təmizləmək adı ilə apardığı qeyri-şəffaf, icazəsiz və qanunsuz fəaliyyətindən, öz fəaliyyətinin nəticəsi barədə hesabat verməməsindən, yaydığı hesabatlarda isə ərazi bütövlüyümüz əleyhinə təhrifedici ifadələrin, separatçı rejimin legitimləşməsinə yönəlik cəhdlərin yer almasından, habelə Dağlıq Qarabağ ermənilərinin ABŞ-ın İrəvandakı səfirliyindən separatçı rejimin “sənədləri” əsasında viza almasından, nəhayət, ermənipərəst konqresmen Frenk Pallonenin Konqres nümayəndələrinə “ABŞ-Artsax: səfərlər və təmaslar” adlı sənəd paylayaraq, həmin sənədlə Vaşinqtonu Dağlıq Qarabağı rəsmən tanımağa və separatçılarla birbaşa təmas qurmağa çağırmasından, ümumiyyətlə, bir sıra konqresmenlərin vaxtaşırı Qarabağa qanunsuz səfərlər eləməsindən və cəzasız qalmasından gedir.
Hələ ki, Bakıdakı ABŞ səfirliyindən bu faktlarla bağlı rəsmi açıqlama gəlməyib. Bu azmış kimi, ötən həftəsonu bəlli olub ki, bir qrup ermənipərəst konqresmen işğalçı ölkəyə daha bir yaxşılıq eləmək üçün hərəkətə keçiblər. Belə ki, konqresmenlər - Devid Valadao və Bred Şerman Ermənistanı ikiqat vergi ödəməsinə məruz qoyan köhnə müqavilənin ləğvi üçün hazırladıqları məktub-müraciətə həmkarlarının imzalarını toplamağa başlayıblar. Məktubda qeyd olunur ki, “sovet dövründən qalma bu müqavilə qloballaşan dünyanın artan mürəkkəbliklərini və Amerika və erməni xalqlarının dostluğunu əks etdirmir”.
*****
Bu yerdə erməni tərəfinə dəstək olaraq Azərbaycana qarşı qəbul olunmuş və hələ də tam ləğv olunmamış bədnam “907-ci düzəlişi” yada salmaq da olardı. İstənilən halda, təəssüf doğurucudur ki, Qarabağ məsələsində ədalətli vasitəçiliyə iddia edən ABŞ, xüsusən də Rusiya bacardığı qədər işğalçını himayə edir - əsasən də xristian təəssübkeşliyi səbəbi ilə. Bununla da özlərinin dürüst, qərəzsiz arbitr olmadıqlarını nümayiş etdirmiş olurlar.
Situasiyanın unikallığı isə iki paytaxtın - Moskva və Vaşinqtonun hazırda bir-biri ilə sərt geosiyasi rəqabətdə, hətta “soyuq müharibə” dövrünün münasibətlərində olmasıdır. Yeri gəlmişkən, yanvarın 24-də ABŞ-ın Maliyyə Nazirliyi Rusiyaya qarşı sanksiyalar siyahısına salınan yeni fiziki şəxslərin və şirkətlərin adlarını açıqlayıb. Sənəd yanvarın 29-dan gec olmayaraq Konqresə təqdim olunmalıdır.
Bu, əslində Azərbaycana Qarabağ məsələsində əlavə manevr imkanları, yeni perspektiv açır. Hər necə olmasa, işğalçı Ermənistanın iki havadarının bir-biri ilə didişməsi daha çox İrəvanın maraqlarına cavab vermir. Ən azı o səbəbə ki, getdikcə daha da sərtləşən sanksiyaların altını birbaşa və dolaysıyla işğalçı ölkə də çəkir və çəkəcək. Biz hələ Kreml vassalının iki fövqəlgüc arasında seçim qarşısında qalma ehtimalını demirik. Bu perspektivi erməni təhlilçiləri də təsdiq və etiraf edirlər.
*****
“Əgər Ermənistan hakimiyyəti iqtisadiyyatda struktur dəyişikliklərinə və iqtisadi əlaqələri şaxələndirməyə hazır deyilsə, o zaman konqresmenlərin təşəbbüsü və hətta Ermənistana qarşı ikiqat vergi ödəməsi barədə köhnəlmiş müqavilənin ləğvi Ermənistana heç nə verməyəcək”. “Yeni Müsavat” xəbər verir ki, bunu 1 in.am saytının şərhçisi Sərkis Arsruni öz məqaləsində yazıb.
Onun sözlərinə görə, hazırda “top” Ermənistanın meydanındadır və vəziyyətdən çıxış yolu da siyasi səviyyədə tapılmalıdır: “Məsələ ondadır ki, Rusiyanın korrupsiyalaşmış sisteminə inteqrasiya etmiş Ermənistan iqtisadiyyatı rəqabət qabiliyyətli və xarici investorlar üçün cəlbedici ola bilməz. Belə vəziyyətdə isə Vaşinqtonda təbii ki, Ermənistan üçün güzəştli şərtlər yaratmaq istəyi olmayacaq. Başqa yandan, problemin siyasi tərəfi də vacibdir.
Ona görə ki, erməni-ABŞ iqtisadi əlaqələri bir anlayış olaraq mövcud deyil. Bir az da səmimi olsaq, ümumiyyətlə, məzmunlu Ermənistan-ABŞ gündəmi yoxdur. Ən böyük problem də budur və bu müstəvidə rəsmi İrəvan hələ çox iş görməlidir. Ələlxüsus, Amerika konqresmenlərinin məktubu bizim iqtidara təşəbbüskar siyasət üçün siqnal olmalıdır. Qazaxıstan da Avrasiya Birliyinin üzvüdür. Lakin 10 gün öncə ABŞ-da səfərdə olan Nursultan Nazarbayev Amerika ilə strateji tərəfdaşlıq əlaqələri qurmağın formulunu verdi. Yəni mümkün olmayan şey yoxdur. O cümlədən Avrasiya Birliyinə üzvlük əngəl ola bilməz, əgər əsaslandırılmış, effektli xarici siyasət varsa”.
*****
Erməni təhlilçi, əlbəttə ki, bu yerdə “blef” edir. Çünki MDB ölkələri arşında Ermənistan Rusiyadan sonra yeganə işğalçı dövlətdir. Bu da ona nə regionda, nə də dünyada balanslı xarici siyasət aparmağa ciddi əngəldir. Lakin Sərkis Arsruninin suverenliyi kağız üstündə olan öz “dövlətini” Avrasiya Birliyinin digər üzvü Qazaxıstanla müqayisədə daha az manevr qabiliyyətli olmasını etiraf eləməsi diqqət çəkir və ibrətamizdir - ilk növbədə də ermənilərdən ötrü.
Ancaq fikrimizcə, Ermənistan indilikdə yalnız “nifaq alması” olaraq ABŞ və Rusiyadan ötrü maraq kəsb edə bilər. Yəni müvəqqəti. Nədən ki, heç bir ciddi təbii resursu olmayan, iqtisadi, coğrafi, energetik önəm kəsb etməyən, dünya okeanına, iri çaylara çıxışdan məhrum, hələ də iqtisadiyyatı sovet dövrünün rüşeym səviyyəsində qalan, böyük nəqliyyat və enerji dəhlizlərindən kənarda saxlanmış və saxlanmaqda davam edən Ermənistan birmənalı Qərbin yanında olsa belə, yenə əsas hədəfinə çata, Azərbaycan ərazilərinin işğalını rəsmiləşdirə bilməyəcək. Təkcə ona görə yox ki, bu dəfə Rusiya imkan verməyəcək, eləcə də Azərbaycanın, qardaş Türkiyənin Qərb üçün, Rusiya üçün daşıdığı dəyərə görə bu, mümkünsüz olacaq.
İki supergüc arasında güclənən rəqabət, şübhəsiz ki, işğalçının yox, ölkəmizin önəmini artırır və artıracaq - bu da ermənilər üçün başqa vazkeçilməz və sərt reallıq. Odur ki, sərkislər və sərksiyanlar nə qədər tez mifik hərbi qələbə “şarında” qalxdıqları göylərdən yerə tez ensələr, bir o qədər erməni xalqının rifahı və real təhlükəsizliyi əlçatan olar.
*****
“20 il əvvəl ABŞ Dövlət Departamentində bu məsələ üzərində (Dağlıq Qarabağ problemi - red.) çalışarkən Ermənistanın prezidenti çox ciddi dövlət xadimi Levon Ter-Petrosyan idi və hesab edirəm ki, o, həqiqətən sülh müqaviləsinə nail olmaq istəyirdi. Ermənistanın radikal qüvvələri və diaspordakı radikallar ona Azərbaycanla saziş imzalamağa imkan vermədilər və onu öz postunu tərk etməyə məcbur etdilər. Hesab edirəm ki, bu, çox kədərli bir faktdır. Ermənilər Dağlıq Qarabağ münaqişəsində radikal mövqe nümayiş etdirməklə özlərini olduqca xoşagəlməz bir reallıqla üzləşdirİb, öz gələcəklərini məhdudlaşdırıblar”.
Bunu ABŞ-ın Ukraynadakı və Özbəkistandakı sabiq səfiri, tanınmış diplomat Con Herbst deyib. Əslində, bununla o, Qarabağ məsələsində “top”un kimin tərəfində olduğuna işarə vurub. Bu, hər halda, Rusiyanın forpostu Ermənistan deyil. Çünki müstəmləkə xalqlar söz sahibi ola bilməz - ələlxüsus da könüllü şəkildə qapazaltı olmağa razılıq verənlər...
“Yeni Müsavat”ın analitik xidməti