Prezidentliyə namizəd olacağını deyən tərcüməçi 20 Yanvar qurbanlarına “dil uzatdı”: "Onların “şəhid" adlandırılması düzgün deyil”

29-01-2018, 16:46           

“1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakı küçələrində qəddarcasına öldürülən insanların "şəhid" adlandırılması düzgün deyil. Çünki "şəhid" islam dini yolunda savaşaraq həlak olan insanlara verilən tituldur. Doğrudur, sonradan vətən, xalq yolunda vuruşaraq canını fəda edənlərə də bu ad verilib, ancaq yanvarın 20-ə keçən gecə baş verənlərdə bunların heç biri olmayıb”.

Cebhe.info xəbər verir ki, bu sözləri bu il Azərbaycanda keçiriləcək prezident seçkilərində namizəd kimi iştirak edəcəyini açıqlamış tərcüməçi-yazar Nadir Qocabəyli deyib.


O qeyd edib ki, öldürülən insanların bir qismi aldadılıb, tankların qarşısına göndərilənlər idi: “Onlara "Əsgərlər sizə atəş açmayacaq, güllələr "xolostoy" olacaq" deyilib. Onlardan biri də mənəm. Aldadıldığımı yalnız yanımda Şərafəddin adlı küçəni keçən təsadüfi şəxsin güllələndiyini gördükdən sonra başa düşmüşəm. Bir qısmi də Şərafəddin, İlham, Larisa və başqaları kimi dinc qurbanlardır. 20 yanvara keçən gecə Bakıda təxribat və xalqa xəyanət baş verib. Yanlış siyasət nəticəsində ölkəni xaosa gətirib çıxaran Sovet rəhbərliyi dövlətin ideoloji xəttinə qarşı çıxan, hətta dini şüarlar səsləndirən, sərhədləri sökən təxribat qruplarını, eyni zamanda, onlara uyaraq mitinqlərə çıxan sadəlövh kütləni cəzalandırmaq üçün sovet ordusunun xüsusi cəza dəstələrini Bakıya göndərib.

Şəhərə girən ordu aldadılmış və təsadüfi insanlara atəş açıb. Çünki təxribat qruplarının heç bir təmsilçisi o anda küçədə olmayıb. Ona görə ki, nə olacağını bilirdilər. Doğrudur, 20 yanvar ərəfəsində Bakıda izdihamlı mitinqlər vardı, imperiya əleyhinə şüarlar vardı, ancaq gecə ordu şəhərə girəndə bu mitinqləri təşkil edənlərin, orada çıxış edənlərin, insanları səfərbər edənlərin heç biri küçədə deyildi və həlak olmadı. Odur ki, həmin gecə həlak olanlara "xəyanət qurbanları" demək daha doğru olardı”.

Nadir Qocabəyli vurğulayıb ki, həlak olanlara "şəhid" adı verilməsi KQB-nin Azərbaycandakı hadisələrə dini xarakter vermə cəhdinin tərkib hissələrindən biridir: “Çünki o gecə Mərkəzi Komitənin (indiki prezident aparatı) qarşısındakı tribunadan gəncləri barrikadalara səsləyən professor Vəkil Hacıyev məhz "mücahid" sözündən istifadə edirdi. Deyirdi ki, Salyan kazarmasına 50 mücahid lazımdır, XI Qızıl Ordu meydanındakı postu möhkəmlətmək üçün 60 mücahid lazımdır və s. "Mücahid" - "cihad edən", yəni din yolunda savaşan deməkdir. "Şəhid" adı da beləcə əvvəlcədən düşünülmüşdü. Çünki "şəhid" elə ölü "mücahid" deməkdir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.