Nə qədər ki bilik yox, diplom əsas götürüləcək... - PROBLEM

31-01-2018, 14:13           
Nə qədər ki bilik yox, diplom əsas götürüləcək... - PROBLEM
Bu günlərdə Təhsil Nazirliyinin (TN) Ali və orta ixtisas şöbəsinin sektor müdiri Sülhəddin Gözəlov mətbuata açıqlamasında bildirib ki, yaxın qonşu ölkələrin birində ali məktəbə attestatla qəbul olunmuş 15 minə yaxın azərbaycanlı tələbə təhsil alır. S.Gözəlovun sözlərinə görə, xarici ölkələrin ali məktəblərinə attestatla qəbul olunmuş Azərbaycan vətəndaşlarının ölkəmizin ali məktəblərinə köçürülməsi üçün şərtlər olduqca ağırdır: "Onların köçürülməsi üçün ailənin ciddi sosial problemləri, sağlamlıq vəziyyəti kimi əsaslar olmalıdır".

Statistik göstəricilərdən də aydın olur ki, vəziyyət heç də qənaətbəxş deyil. Əksəriyyət sırf diplom xətrinə müxtəlif üsullarla xarici ölkələrdəki heç bir nüfuzu olmayan universitetlərə üz tuturlar. Amma həmin universitetlərin böyük qisminin diplomu burada tanınmır. Bəs görəsən belə halların qarşısını necə ala bilərik? Bunun həlli yolları üçün hansı addımlar atılmalıdır?

Təhsil eksperti Məlahət Mürşüdlü deyir ki, elə ölkələr var ki, orada təhsil alıb qayıdan məzunlarımız həmin ölkənin dövlət dilini bilmirlər: "Həmin ölkələrdə təhsil alıb qayıdan məzunların əksəriyyətinin o diplomu hansı vasitələrlə, necə almaqları məlum deyil. Təhsil Nazirliyi illərdir diplomların qəbul olunması prosesinə nəzarət edir. Amma bu məsələ hələlik tam şəkildə həllini tapmayıb. Təhsil almaq hər bir kəsin hüququdur. Amma valideynlər öz uşaqlarının gələcəyini düşünməlidirlər. Onlar fikirləşməlidirlər ki, övladlarının belə universitetlərdən aldığı diplom onların gələcəkdə heç bir işinə yaramayacaq. Bu gün əmək bazarında böyük rəqabət var. Yetərli bilik olmadan alınan diplomlar ölkədə böyük işsizlər ordusunun yaranmasına səbəb ola bilər. Hesab edirəm ki, məsələnin həlli yolu kimi cəmiyyətdə maarifləndirmə işi aparılmalıdırlar. Bu işdə mətbuatın da üzərinə böyük yük düşür. Təhsil Nazirliyi və ictimai təşkilatlar bu istiqamətdə xeyli iş görüb. Amma bizim valideynlərdə belə bir fikir formalaşıb ki, övladları nə yolla olur-olsun diplom almalıdır. Valideynlərə maraqlı deyil ki, övladı öz ixtisasına yiyələnib, yoxsa yox. Onlar üçün maraqlı olan universitetin diplomudur. Diplom almaq yarışı övladlarımızın gələcək karyerasının üzərindən xətt çəkir. Bəzən tələbələr və məzunlarla söhbət edərkən görürük ki, onlar valideynlərinin təkidi ilə sırf diplom xətrinə universitetdə təhsil alır. Yəni ixtisası üzrə gələcəkdə karyera qurmaq haqqında qəti düşünmür. Bu yaxınlarda Təhsil Nazirliyinin nəzdində Peşə Təhsili Agentliyi yaradılıb. Onların bu barədə geniş planları var. Bildiyiniz kimi, peşə təhsili bizdə uzun müddətdir ki, axsayan sahə olaraq qalmaqda idi. Bu sahədə hələ də ciddi problemlər var. Ümid edirəm ki, bir neçə il ərzində bu agentlik peşə təhsilini həm keyfiyyət, həm də maddi-texniki təminat baxımından inkişaf etdirə biləcək. Eyni zamanda, uşaqları motivasiya etmək üçün müxtəlif layihələr nəzərdə tutulub. Təəssüflər olsun ki, bu gün orta məktəblərlə peşə məktəbləri arasında demək olar ki, əlaqə yoxdur. Motivasiyaedici görüşlər, ekskursiyalar, söhbətlər çox aşağı səviyyədədir. Buna görə də uşaqların bir çoxu peşə təhsilinə meyllənmirlər. Amma peşə təhsili sözügedən problemin həllində xeyli yardımçı ola bilər”.

Təhsil eksperti Nadir İsrafilov deyir ki, müstəqillik qazandıqdan sonra ölkənin bir çox sahəsində olduğu kimi, təhsil sahəsində də müəyyən boşluqlar əmələ gəldi: "Bu boşluqlar xaricdə təhsil məsələsinə də sirayət etdi. Normativ-hüquqi bazanın yaradılması xeyli vaxt tələb edir. Fürsətdən istifadə edən bir sıra qurumlar, fərdi şəxslər bu işlə məşğul olmağa başladılar. Şəhərin bir çox yerlərində cürbəcür cəlbedici reklamlar yerləşdirildi. Daha ucuz qiymətə, sərfəli şərtlərlə xaricdə təhsilə göndərməklə bağlı afişalar yayıldı. İnsanların müəyyən qismi ruhlandılar və həmin qurumların vasitəsilə öz hesablarına bir sıra universitetlərə üz tutdular. Əksəriyyətin diqqətini ödənişin burdakı universitetlərə nisbətən daha az olması, xarici mühit cəlb etdi. Bu xətlə xaricə gedənlərin daxil olduğu universitetlərin nə mənşəyi, nə də statusu müəyyən deyil. Ona görə də ciddi problemlər yaranmağa başladı. Xaricdə bu yolla oxuyub ölkəyə qayıdan yüzlərlə məzunun diplomu təsdiq olunmadı. Bu problemlər hətta o dərəcəyə çatdı ki, məsələ məhkəmə yolu ilə həll olundu. Çünki o, universitetlərin çoxu lazımi bilik vermir və qeydiyyatdan keçməyib. Amma şübhəsiz ki, məsələ məzunlarla nazirlik arasında mübahisə predmetinə çevrildi. Problemdən çıxış yolu kimi Təhsil Nazirliyi bizdə tanınan 500 universitetin siyahısını dərc etdi. Artıq vətəndaşlara aydın oldu ki,hansı universitetləri bitirdikdən sonra onların diplomları tanına bilər. Amma yenə də problemlər qalmaqdadır. Çünki bu, təkcə bizdən asılı olan məsələ deyil. Biz indi Bolonya təhsil sisteminə qoşulsaq da, universitetlərimizdə Bolonya mexanizmi tam olaraq formalaşmayıb. Bolonya prosesinə daxil olan ölkələrin diplomlarının qarşılıqlı tanınması məsələsində problemlər var. Ümumiyyətlə, xaricdə təhsil məsələsinə cəmiyyətdə birmənalı baxış yoxdur. Bəziləri hesab edir ki, bu, insan hüququnun pozulmasıdır, digərləri düşünür ki, belə məqamlar savadsızlığın artmasına səbəb olur. Digər bir qismi isə fikirləşir ki, xaricə beyin və valyuta axını gedir. Bunun qarşısını almaq üçün bakalavr təhsilinə müəyyən məhdudiyyətlər qoyuldu. Çünki bakalavr təhsilini xaricdə alan şəxslər təhsili başa vurduqdan sonra geri qayıtmırlar. Ona görə magistrlara daha çox üstünlük verildi”.

Ekspert deyir ki, problemin həllini tapması üçün vaxt tələb olunur: "Sabiq nazir Mikayıl Cabbarovun belə bir sözü var idi ki, bizdə nə qədər ki, bilik yox, diplom əsas götürüləcək, o vaxta qədər bu problemlər qalacaq. Bir çox valideyn deyir ki, fərqi yoxdur, hara olur-olsun, övladım xaricdə təhsil alsın. Bəziləri diplomu cehiz kimi qəbul edir. Hətta diplomu özünün reytinqi kimi qəbul edənlər də var. Məsələ burasındadır ki, belə universitetlərdə təhsil istənilən effekti vermir. İndi bizim əksər universitetlərimiz həm maddi-texniki baza, həm də digər baxımdan xarici universitetlərlə ayaqlaşa bilir. Xaricə yeni elm sahələri ilə bağlı tələbə göndərmək olar. Amma elə təhsil sahələri var ki, bu ixtisasa yiyələnmək üçün bizim universitetləri bitirmək kifayət edir. Ona görə də məsələnin həlli üçün bizim universitetlərin nüfuzunu və reytinqini qaldırmaq lazımdır. Həmçinin, yüzlərlə tələbəni xaricə göndərməkdənsə, xarici mütəxəssisləri öz ölkəmizə cəlb edə bilərik. Bu problemin müxtəlif həlli yolları var. Təəssüf ki, bir çoxları peşələr arasında fərq qoyur. İndi hamı çalışır ki, hüquqşünas, iqtisadçı, həkim olsun. Nəticədə digər sahələrdə boşluqlar yaranır. Sirr deyil ki, Fransa, Almaniya, Yaponiya kimi ölkələr peşə təhsili ilə dünyanın aparıcı ölkələrinə çevrilə biliblər. Sovet dövründə indiki dövr ilə müqayisədə peşə təhsilinə daha çox əhəmiyyət verilirdi. O vaxt, bu işlərə nəzarət edən Dövlət Texniki Peşə Komitəsi var idi. Müstəqillik illərində peşə təhsili bir qədər arxa plana keçdi. Peşə məktəblərinin bir çoxu bağlandı və maddi-texniki bazaları israf olundu. Nəticədə bir çoxları təhsil almaq üçün xarici universitetlərə üz tutuldu. Ondan sonra başa düşdük ki, peşə təhsili olmadan olmaz. İndi bu məsələyə xüsusi diqqət yetirilir. Peşə Agentliyi yaradılıb. Prezident də gənclərlə görüşü zamanı peşə təhsilinə xüsusi diqqət çəkdi. Bu yaxınlarda Koreya ilə birgə tədris komplekslərinin tikilməsi ilə bağlı xüsusi müqavilə imzalandı. Təhsilə dair indi dövlət strategiyası təsdiq olunub və orada istər texniki peşə, istər xaricdə təhsillə bağlı konkret hədəflər müəyyənləşdirilib. Düşünürəm ki, zaman keçdikcə bu kimi problemlər həllini tapacaq”. \\kaspi.az\\












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.