Asanc iddialı Əliyev və ya niyə məhz Əli Həsənov?

31-01-2018, 14:19           
 Asanc iddialı Əliyev və ya niyə məhz Əli Həsənov?
Məsələdən xəbərim yox idi. Yalnız Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, administrasiyanın eyni adlı şöbəsinin müdiri Prof. Əli Həsənovun “Yeni Müsavat”dakı müsahibəsini oxuduqdan sonra xəbər tutdum.

Xəbər tutdum ki, “Turan” agentliyinin direktoru Mehman Əliyev şəxsən mənim üçün də əcaib sayılacaq iddialar irəli sürüb. İddia edib ki, ötən il onun qısa müddətli də olsa həbs edilməsinin baiskarı Əli Həsənovdur. Adam iddia edib ki, Baş prokuror Zakir Qaralovla Əli Həsənov Prezident İlham Əliyevi inandırıbmış ki, Mehman Əliyevi həbs etmək lazımdır.

Açığı, bu iddialara ciddi yanaşmamaq da olardı. Amma anlaşılan odur ki, belə bir əsassız iddia bəzi insanlarda haqlı və ya haqsız marağa səbəb olduğundan ictimai rəyi bir müddət məşğul edə bilib. Və bu məşğuliyyət ona səbəb olub ki, dəyərli həmkarlarım bu iddianın arxasında nəyin olduğu barədə baş sındırıb hörmətli Əli Həsənovun niyə hədəfə alınması sualına cavab axtarırlar.

Doğrudan da, niyə məhz Əli Həsənov?

Hər şeydən əvvəl Əli Həsənov kimliyinə təkrar nəzər salmaqla sualımızın cavabının daha asan anlaşılmasına yardımçı ola biləcəyimizi düşünürük.

Kimdir Əli Həsənov? Ən çox bilinən tərəfi Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin uzun müddətli, çox təcrübəli rəhbəridir. Son illər isə həm də Prezidentin bu sahə üzrə köməkçisidir.

Əli Həsənov sadə xalqın içindən çıxmış, dişi-dırnağıyla özünü yetişdirmiş, dövlətə və liderinə sonsuz sədaqəti ilə seçilən bir dövlət adamıdır.

Bu dövlət adamı öz siyasi karyerasında heç vaxt şübhəli və əyri trayektoriya üzrə hərəkət etməmiş, hər zaman sistemə, rejimə, liderə sədaqətini ən yüksək səviyyədə qorumuşdur.

Bir dövlət adamı olmaqla yanaşı özünü elm adamı və pedaqoq kimi yetişdirməyi də bacarmış peşəkardır Əli Həsənov.

Əli Həsənov bir zamanlar vətəndaş qarşıdurmaları içində çırpınan, sədaqətli və peşəkar kadr qıtlığından əziyyət çəkən Azərbaycana başçılıq edən ulu öndər Heydər Əliyevin öz komandasına cəlb edib etimad göstərdiyi siyasət adamıdır. Bu şəxs son ana qədər ulu öndərə sədaqətini qorumağı bacarmış, ondan sonra Prezident İlham Əliyevin komandasında da eyni uğurla işinə davam edərək daha da yüksəlmişdir. Çalışqandır, sadiqdir, təcrübəlidir və istənilən ölkənin ən yüksək dövlət qurumunda arzuolunan kadrdır.

Nəticə də göz qabağındadır. Məhz Əli Həsənovun peşəkarlığı, dialoq və uzlaşma nöqtələri tapma bacarığı sayəsində Azərbaycanda onun cavabdeh olduğu sahədəki hərc-mərclik çoxdan arxada qalıb. Bu gün Azərbaycan mediasında, QHT və siyasi partiyalar sistemində bir uzlaşma, anlaşma, münaqişəli durumların mədəni dünyanın qəbul etdiyi yollarla çözümü üçün müstəvi yaranıb.

Əli Həsənov ən radikal jurnalistlər, QHT fəalları və partiya rəhbərləri ilə bir araya gəlib onları dinləməyi, dinlətməyi bacaran, bu yolla da Azərbaycanın bir dialoq dövləti olduğunu dünyaya göstərən dövlət adamıdır.

Yəni bu şəxs Azərbaycan Prezidentinin ona etibar etdiyi sahəni ən peşəkar şəkildə nizamlayır, vətəndaş-hakimiyyət münasibətlərinin normal müstəvidə tutulmasını təmin edir. Özü də olduqca uzun bir müddət ərzində.

Əgər bu gün biz jurnalistlər dərdlərimizi hansısa conlara, semlərə deyil, məhz öz dövlətimizə demək üçün imkanlara sahibiksə, bunun təbii ki, səbəbkarı şəxsən Prezident İlham Əliyev, bir nömrəli vasitəçisi isə Əli Həsənovdur.

QHT-lər və siyasi partiyalar öz problemlərini, istək və diləklərini gerçəkləşdirmək üçün daha əvvəlki kimi şübhəli xarici mərkəzlərə üz tutmalı olmur, öz dövlətinə müraciət edir.

Demək istədiyimiz odur ki, ölkənin ictimai-siyasi mühiti kökündən dəyişib, xalqla hakimiyyət arasında təmas ən yüksək səviyyəyə yüksəlib və cənab Prezidentin yanvarın 23-də Davosda dediyi kimi, daxili risklər demək olar ki, yox edilib.

Bütün bunlar, əlbəttə ki, həm də Əli Həsənovun məsuliyyətini daşıdığı sahəyə peşəkarcasına başçılıq etməsi, Prezidentin bu sahədə ən inanılmış kadrı kimi fəalliyyət göstərməsinin nəticəsidir.

İndi bildinizmi niyə məhz Əli Həsənov? Niyə zaman-zaman Əli Həsənovu gözdən salmaq üçün düyməyə basanlar bu dəfə daha açıq hücuma keçirlər? Özü də kimin vasitəsilə? Mehman Əliyevin.

Mehman Əliyevin məlum iddiasını səsləndirdiyi görüntüləri də tapıb diqqətlə izlədim. Söz yox, dinləyici-tamaşaçını təsir altına almaq üçün peşəkarlıq nümayiş etdirir. Şəxsən tanıdığım və adətən də hörmətlə yanaşdığım bu şəxsin bu dəfə özünü də dolaşdırdığı bəlli olur.

Culian Assanclıq iddiasında olan Mehman Əliyev deyir ki, Əli Həsənov və Zakir Qaralov onun həbsini Prezidentin yanında müzakirə edib razılıq alıblar. Bu haqda bilgini üçüncü tərəf sızdırıb. Elə burdaca sual olunur: doğrudanmı Prezidentin lap burnunun ucunda onun məxfi söhbətlərini Mehman Əliyevə sızdıracaq adamlar var? Kim ola bilər? Ehtimal doğrudursa ən yaxşı halda Prezidentin ən yaxınında olan hansısa başqa köməkçiləri haqqında şübhəyə düşmək olar. Belə ehtimal etmək olar ki, Mehman Əliyev bu iddianı dilə gətirməklə həm Əli Həsənovu gözdən salmağı, həm də administrasiyada çaxnaşma, qarşıdurma olması barədə cəmiyyətdə rəy yaratmağı hədəfləyir. Əslində, onun buradakı hədəfi yalnız Əli Həsənovun özü deyil, Prezident İlham Əliyev və bütövlükdə komandasıdır. Unutmayaq, axı 2018 prezident seçkisi ilidir…

Mehman Əliyev iddia edir ki, Birinci vitse-prezident Mehriban Əliyevanın adamları ondan media sahəsilə bağlı təkliflərini istəyiblərmiş. O, bu təklifləri təqdim etdikdən sonra həbsə atılıbmış. Bu iddia isə həm də Mehriban Əliyeva ilə Prezidentin ən sadiq və peşəkar kadrlarından olan Əli Həsənov arasında siyasi çatların olması haqda görüntüyə hesablanıb.

Çox təəssüfləndiricidir ki, uzun illər Qərbin şübhəli mərkəzlərindən aldığı qrantlar hesabına biznesini, media fəaliyyətini ayaqda tutduğu hər kəsə bəlli olan bu adam öz həmkarlarını dilənçi adlandıraraq aşağılamaqdan da çəkinmir. Kimmiş bu “dilənçilər” və nə “dilənirmişlər”? Bunlar Azərbaycan dövlətinin pulu hesabına tikilib cənab Prezident tərəfindən şəxsən təqdim edilən mənzillərə sahiblənən jurnalistlərdir. Nə az, nə çox, düz 400 nəfər jurnalistdən söhbət gedir. İstər-istəməz sual yaranır: xarici dövlətlərdən və şübhəli mərkəzlərdən pul alıb özünə ev qurmaqmı daha yaxşıdır, yoxsa vətəndaşı olduğun dövlətdənmi?

Mətbuat Şurası haqqında da bəzi fikirlər səsləndirir. Mənim də İdarə Heyətində təmsil olunduğum qurumu yerdən-yerə vurur, bir zamanlar özünün də qurucuları və üzvləri arasında olduğu bir təşkilatda sanki ondan başqa dürüst, sözünü deyən adamın olmadığı görüntüsünü yaratmağa çalışır. Açığı, buna da təəccübləndim. Çünki mən Mehman Əliyevin Mətbuat Şurasını sakitcə tərk etdiyi barədə xəbəri üstündən illər keçdikdən sonra öyrənmişdim. Adama deyərlər ki, narazılığın vardısa, bunu qurumun içində müzakirəyə təqdim edəydin, dinləyən olmayanda ictimailəşdirəydin də. Necə ki, mən etmişəm və edirəm.

Əflatun Amaşovun şəxsi keyfiyyətlərini tənqid edir qəhrəmanımız. Halbuki bugünə qədər yadımdadır ki, Amaşovun Mətbuat Şurasının sədri olması üçün dəridən-qabıqdan çıxanların ön sırasında gedənlərdən biri də bu adam idi 2003-cü ildə. İndi nə oldu? Zamanında uzaqgörənliyiniz yetmədi, deyilmi? Elə isə, indi səsləndirdiyiniz iddialar və şərhlərə mənim kimi adamlar niyə inanmalıdır?

Haşiyə: Mehman Əliyev deyir ki, Əflatun Amaşov ehtiyatlı adamdır. Əgər izn olmasaydı onun həbsinə qarşı fikir söyləməzdi. Yəni Amaşov Əli Həsənovdan izn alaraq Mehman bəyin həbsdən azad edilməsi üçün çağırış edibmiş. Burda da o, ziddiyyətə yol verir. Necə ola bilər ki, Əli Həsənov bu adamı həbs etdirsin, sonra da azad edilməsi üçün aşağıdan təşəbbüslərə dəstək versin? Yeri gəlmişkən, Amaşovun o çağırışından bir neçə saat öncə mən də Mehman Əliyevin azadlığı üçün çağırış etmişdim. Heç kimdən izn almadan, sadəcə öz istəyimlə…

Bütün bunların fonunda Mehman Əliyevin Əli Həsənovu və məhz onun birbaşa məsuliyyət dairəsinə aid olan sahəni belə asıb-kəsməsi bir daha ondan xəbər verir ki, adam əməlli-başlı zərərli bir oyunun içindədir. Özü də elə bir oyunun ki, burada əsas hədəf Prezident İlham Əliyevin özüdür. Həm də ölkənin Birinci vitse-prezidenti Mehriban Əliyeva. Mehman Əliyev hakimiyyəti zəiflətmək üçün əsrlərdir sınanmış və çox zaman da işə yaramış bir metoddan istifadə edir: liderin ətrafını təmizləmək üçün səbəblər uydurur. Uzun vədəli məqsəd hakimiyyətin ən əsas təbliğat-təşviqat işlərinə məsul olan şəxsi – Prof. Əli Həsənovu hədəfə gətirib gözdən salmaq, sonra da komanda içində çaxnaşmalara rəvac verməkdir. Bu iş üçün komandanın ən uğurlu, ən təcrübəli, ən gərəkli və ən sadiq üzvünü – Əli Həsənovu seçməsi də onun həmin məqsədindən xəbər verir.

Sözardı: Bir neçə il öncə ATƏT-in media azadlığı üzrə nümayəndəliyinin Güney Qafqaz konfransında iştirak üçün Tiflisdəydik. Mehman Əliyev də ordaydı. Özü də məruzəçi qismində. Toplantı başlar-başlamaz o, söz alıb məlumat verdi ki, blogger Mehman Hüseynov da Tiflisə gələrkən Bakı hava limanında saxlanılıb, ölkədən çıxışına izn verilməyib. Özü də Hüseynov məhz konfransın başlamasına bir saatdan da az qalmış bir vaxtda Bakıdan uçmalıymış. Halbuki onun ölkədən çıxışına qoyulmuş qadağanı özü də bilirdi, Mehman Əliyev də. Dərhal anlaşıldı ki, bu iki Mehman məqsədli şəkildə bu oyunu düzənləyib ki, Azərbaycan dövlətinin media siyasətini bir daha gözdən salsınlar. Təbii ki, bu siyasətə məsul olan Əli Həsənovu da. Lakin onların oyunu sonadək işə yaramadı. Çünki Əli Həsənovun konfransda iştirak edən nümayəndəsi məsələnin mahiyyətini yetərincə izah edə bildi…

Sözardına sözardı: Şəxsən mən media ilə bağlı beynəlxalq tədbirlərdə tez-tez iştirak edərkən bir halı davamlı müşahidə etmişəm. Əli Həsənovun məsul olduğu bu sahəylə bağlı gözlənilməz hallar baş verib həmişə. Biz, getdiyimiz tədbirdə Azərbaycan adına xoş sözlər səsləndirməyə hazarlaşarkən Bakıdan hansısa jurnalistin həbs edilməsi, döyülməsi xəbəri gəlib və əlimiz zəifləyib. Yəni Əli Həsənovun məsul olduğu sahəyə aid məsələdir bu. Təbii ki, bu dövlət məmurunun belə məsul anlarda öz sahəsində problem yaratmaq istəmədiyini balaca uşaq da yaxşı anlayır…
Azər HƏSRƏT












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.