Azərbaycandan şəhid Musa Özalkanın vəsiyyətinə dəstək - Türkman eli üçün marafon başlayır

31-01-2018, 15:53           

Məlum olduğu kimi qardaş Türkiyə Ordusu ölkənin cənub sərhədlərinə yaxın - Orta Doğuda on illərdir ki, yerləşdirilmiş müxtəlif terror qruplarına qarşı sülh və təhlükəsizlik naminə “Zeytun budağı” - Afrin hərbi əməliyyatını həyata keçirir. Əməliyyatın gedişində şəhid düşmüş Musa Özalkanın daha əvvəldən sosial şəbəkədə yayınladığı vəsiyyət mesajı “Zeytun budağı” əməliyyatının tarixinə qızıl hərflərlə yazıla biləcək bir örnəkdir.

Belə ki, Musa Özalkan öz mesajında bəyan edib ki, əgər o döyüşdə şəhid olarsa, onun ailəsinə dövlət tərəfindən verilən imtiyazlar və maddi təzminatın İraqın Təlafər şəhərində ağır durumda yaşayan türkman uşaqlar üçün məktəb və ya uşaq bağçası tikilməsinə sərf edilsin.

Şəhid Musa Özalkaın bu təsirli vəsiyyəti nəcib insanlar, həmçinin, Türk Dünyasının problemlərinə, türkmanların durumuna həssas yanaşan qurumlar tərəfindən ciddi mesaj kimi qarşılanıb.

Hazırda, şəhidin bu arzusunun gerçəkləşməsi üçün bir sıra təşəbbüslər gerçəkləşməkdədir.


Azərbaycanda fəaliyyət göstərən “Ortaq Dəyərlər” İctimai Birliyi bu gündən “Şəhid Musa Özalkanın vəsiyyətinə dəstək – Təlafər uşaqları üçün” adlı xeyriyyə marafonuna start verib.

Bununla bağlı İctimai Birliyin yaydığı açıqlamada deyilir:


- Odlar içində yanan, minlərlə günahsız insanın qanının axdığı Orta Doğuda imperialist güclərin marağına xidmət edən terror qruplaşmaları bütün dünya üçün, xüsusilə, Avropa və bizim bölgəmiz üçün ciddi təhlükə mənbəyidir. Əslində təcrübələr göstərir ki, bu gün Türkiyənin qlobal terrorizmə qarşı apardığı mücadilə bütövlükdə dünyamızın və bölgəmizin əmin-amanlığının, sabitliyinin və təhlükəsizliyinin qorunmasına xidmət edir. Zaman-zaman erməni terrorundan və işğalından əziyyət çəkən xalqımız qardaş Türkiyəni və onun bu haqlı mübarizəsini tam dəstəkləyir və tezliklə “Zeytun Budağı” əməliyyatının qəhraman Türk ordusu tərəfindən uğurla tamamlayacağına əmindir.

“Zeytun Budağı” əməliyyatının gedişində şəhid olan qardaşımız Musa Özalkan ölümü ilə tarixə qəhramanlıq yazdı. O, şəhid olmazdan bir neçə gün öncə sosial şəbəkədə paylaşdığı mesajında, “cəbhədə şəhid olaramsa, dövlətin ailəmə ayırdığı bütün təzminatın ağır durumda yaşayan Təlafər türkman uşaqlarına məktəb və ya uşaq bağçası inşa edilsin” vəsiyyəti ilə bütün insanlığa ibrət dərsi verdi. Bu bir daha onu göstərir ki, “Zeytun budağı” - Afrin əməliyyatı dünyanın və bölgənin bütün günahsız insanlarının əmin-amanlığına və Orta Doğuda sülhün bərqərar olunmasına yönəlib.

Sözsüz ki, Orta Doğunun bütün xalqları biz azərbaycalılar üçün doğmadır, lakin bu bölgənin tarixi və daimi sakinlərindən olan türkmanların Türk dünyasında xüsusi yeri vardır. Şəhid Musa Ozalkan qardaşımızın son sözləri təkcə Türkiyə vətəndaşları üçün deyil, bütövlükdə Türk dünyasına verilmiş bir mesajdır.

Yeri gəlmişkən, Azərbaycan xalqının ümummilli lideri, böyük dövlət adamı, Türk Dünyasının görkəmli oğlu Heydər Əliyev öz müsahibələrində Azərbaycan türklərinə ən yaxın bağlılığı olan türk toplumlarından birinin də türkmanlar olduğunu və onların hətta tarixin hansısa dönəmində Azırbaycandan köç etmələri fikrini də xatırlatmaq istərdik.

Bu mənada biz “Ortaq Dəyərlər” İctimai Birliyi və digər bizi dəstəkləyən ictimai qurumlar şəhid Musa Özalkanın mesajına dəstək olaraq türkman qardaşlarımızın uşaqları üçün Təlafərdə məktəb və uşaq bağçasının inşa edilməsi ilə bağlı təşəbbüslərə qoşuluruq. Türk dünyasına, Türkman elinə, ağır durumda olan türkman qardaşlarımızı həssas yanaşan soydaşlarımızı başlatdığımız xeyriyyə marafonuna dəstək verməyə çağırırıq".


Marafonun gedişatı ilə bağlı davamlı olaraq ictimaiyyətə məlumat veriləcək.

Marafona maddi dəstək vermək istəyənlər üçün aşağıdakı bank hesabı açılıb. Hesaba yardım ödəyərkən “Şəhid Musa Özalkanın vəziyyətinə dəstək – Təlafər uşaqları üçün” bildirişi qeyd olunmalıdır.
teref.az













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.