Prezidentdən "diplomatik" fərman: Elmar Məmmədyarovun səlahiyyətləri əlindən alındı
1-02-2018, 00:47
XİN-ə "qulaqburması"
İki gün əvvəl əldə etdiyimiz məlumatda bildirilirdi ki, Xarici İşlər Nazirliyinin sərhəd keçidlərindəki məntəqələrində əcnəbi vətəndaşlardan qeyri qanuni yığılan qanunsuz “viza haqqı” ölkə rəhbərliyinin ciddi narazılığına səbəb olub. Səbəb isə ölkəmizin xaricdən ilk görünən siması olan sərhədlərdəki bu şıdırğı rüşvət bazarlığının Azərbaycanın diplomatik imicini zədələməsi və diplomatiyamız barəsində yaratdığı yanlış qənaət imiş.
İlk baxışdan kiçik kimi görünməsinə baxmayaraq, sözügedən korrupsiya faktı xaricdə ciddi problemlərə yol açırmış. Azərbaycan diplomatiyasının pulla ələ alına biləcəyi barədə yaranan qənaət xarici ölkələrdəki rəsmi nümayəndələrimizi də çətin vəziyyətə qoyurmuş. Xüsusilə bu qənaətlə hərəkət edən xarici kəşfiyyat təşkilatları səfirlərimizi və səfirlik əməkdaşlarımızı öz toruna salmağa cəhd göstərirmişlər.
Üstəlik, sərhədlərdəki bu xoşagəlməz vəziyyət Azərbaycanın qeyri-neft sektoruna, o cümlədən turizm sektoruna zərər vurur, ölkəmizə pul yatırmaq istəyən xarici investorların elə qapımızın ağzında peşmanlığına yol açırmış.
Bütün bu neqativ halları nəzərə alan Azərbaycan hakimiyyətinın sərhədlərdəki viza kontorlarında insan amilini heçə endirmək üçün bir sıra addımlar atdığı bildirilirdi. Bu addımlardan biri də “ASAN Viza” xidmətinin yaradılması imiş.
Maraqlıdır ki, Azərbaycan siyasi iradəsinin bu təşəbbüsləri heç bir nəticə verməyib. XİN, əməli işlə ona ən yüksək səviyyədə göndərilən mesaja əhəmiyyət vermədən, yenə də öz şıdırğı alverini davam etdirirmiş. Ölkə rəhbərliyi isə incə nüansları anlamaz diplomatlarımızı qulaqburmasıyla başa salmaq qərarına gəlib. DTX bir gün tam gizli şəkildə Beynəlxalq hava limanında əməliyyat keçirib. Əməliyyat nəticəsində “Bakı şəhəri Beynəlxalq Hava Limanında ölkəyə gələn əcnəbilərin vizasının rəsmiləşdirilməsi zamanı müəyyən edilmiş ödəmələrdən artıq məbləğdə pul almış” viza şöbəsinin 3-cü katibi Xəlilli Elton Zakir oğlunu cinayət üstündə yaxalanıb və bu fakt rəsmi informasiya agentlikləri vasitəsilə ictimaiyyətə çatdırılıb.
Diplomatiyamızın qara imicini təmizləmə əməliyyatı - DTX XİN-ni niyə ifşa etdi? sərlövhəli yazımızda onu da iddia etmişdik ki, bu əməliyyatdan sonra bir sıra addımlar atılacaq və XİN-dəki viza korrupsiyası şəbəkəsi tam zərərsizləşdiriləcək. Bu şəbəkəyə isə nazir müavinlərindən tutmuş müxtəlif şöbə rəhbərlərinə və əməkdaşlarına qədər çox adam daxildir.
Bu gün Prezidentin imzaladığı bir fərman iddialarımızın əsassız olmadığını, artıq ilk addımın atıldığını təsdiqləyir. Belə ki, Prezidentin imzaladığı fərmanla sərhədlərdəki viza kontorları tamamilə XİN-nin əlindən alındı. Artıq bundan sonra həmin iş yalnız Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyə və bu agentliyin nəzdində yaradılan “ASAN Viza”-ya həvalə olunacaq.
Prezidentin sözügedən fərmanını təqdim edirik:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında viza verilməsi prosedurunu təkmilləşdirmək, bu sahədə müasir informasiya texnologiyalarını tətbiq etməklə operativliyi və şəffaflığı təmin etmək məqsədi ilə qərara alıram:
Müəyyən edilsin ki, Azərbaycan Respublikasının qanunlarında, Azərbaycan Respublikası Prezidentinin aktlarında və Azərbaycan Respublikasının dövlətlərarası və ya hökumətlərarası müqavilələrində nəzərdə tutulmuş hallarda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında viza verilməsi “ASAN Viza” sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında vizaların “ASAN Viza” sistemi vasitəsilə verilməsini, habelə viza ilə əlaqədar ödənişlərin “ASAN ödəniş” sistemi vasitəsilə həyata keçirilməsini təmin etsin.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi:
3.1. Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında yerləşən xidmət məntəqələrinin Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə təhvil verilməsini mərhələli şəkildə həyata keçirsin;
3.2. Azərbaycan Respublikasının dövlətlərarası və ya hökumətlərarası müqavilələrinə əsasən vətəndaşlarına Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında viza verilməsi nəzərdə tutulmuş ölkələrin siyahısını Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə təqdim etsin;
3.3. Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında viza verilməsi prosedurunda edilmiş dəyişikliklər barədə məlumatın Nazirliyin, habelə Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirliklərinin və konsulluqlarının internet informasiya ehtiyatlarında yerləşdirilməsi və müvafiq ölkələrin diplomatik nümayəndəliklərinin məlumatlandırılması üçün tədbirlər görsün.
“Azərbaycan Respublikasına gələn əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə vizaların rəsmiləşdirilməsi ilə bağlı bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 sentyabr tarixli 326 nömrəli Fərmanının 2-ci hissəsində nəzərdə tutulmuş hallarda aidiyyəti dövlət qurumları Azərbaycan Respublikasına gələn əcnəbi və vətəndaşlığı olmayan şəxslər barədə müvafiq məlumatların Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə göndərilməsini təmin etsinlər.
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti beynəlxalq sərnişindaşımaları həyata keçirən xarici və yerli aviasiya şirkətləri tərəfindən Azərbaycan Respublikasına gətirilən sərnişinlər barədə əldə etdiyi məlumatların real vaxt rejimində “ASAN Viza” sisteminə göndərilməsini təmin etsin.
Azərbaycan Respublikasının Nazirlər Kabineti:
6.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
6.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
6.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
6.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
Bu Fərman 2018-ci il mayın 15-dən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 31 yanvar 2018-ci il”.