Milli Məclisdə yerli icra orqanları və bələdiyyələrə qarşı sərt ittiham
14-02-2018, 09:23
Deputat: “Bələdiyyələr yerli icra hakimiyyətləri ilə birlikdə cinayət sövdələşməsinə gedib sahibkarların marağına toxunur”; Milli Məclis “Ələt azad iqtisadi zonası haqqında” və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihələrini ilk oxunuşda qəbul etdi
Fevralın 13-də Milli Məclisin növbəti plenar iclası spiker Oqtay Əsədovun sədrliyi ilə keçirildi. İlk olaraq Konstitusiya Məhkəməsi haqqında qanuna əlavə və dəyişikliklə əlaqədar Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verdi.
Sözügedən layihədə Avropa Məhkəməsinə seçilmiş hakimin Konstitusiya Məhkəməsinə seçilmiş hakimin statusuna bərabər tutulmasını özündə ehtiva edən dəyişiklikdən söhbət gedir. Deputatlar yekdilliklə dəyişikliyə səs verdilər.
2005-ci ildən Azərbaycan Respublikasının Ali Məhkəməsinin sədri vəzifəsində çalışan Ramiz Rzayevin yenidən Ali Məhkəmənin hakimi təyin edilməsi haqqında qanun layihəsi də Ə.Hüseynlinin təqdimatından sonra qəbul olundu. R.Rzayev çıxış edərək, prezidentə, parlamentə, Məhkəmə-Hüquq Şurasına təşəkkür etdi, etimadı doğruldacağını bildirdi.
Naxçıvan Muxtar Respublikasının Hərbi Məhkəməsinin sədri Qasım Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi barədə təklif də qəbul olundu.
Daha sonra ədliyyə nazirinin müavini Vilayət Zahirov bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsini təqdim etdi. V.Zahirov bildirdi ki, bəzi bələdiyyələrin fəaliyyətində çox ciddi qanun pozuntuları da müəyyən olunub: “24 belə fakta hüquqi qiymət verilməsi üçün prokurorluğa və digər hüquq mühafizə orqanlarına göndərilib. Bu faktlarla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırmalar aparılıb və 15 fakt üzrə cinayət işi başlanılıb. Qanun pozuntuları torpaq sahəsinin qanunsuz icarəyə verilməsi və icarə haqqının bələdiyyə büdcəsinə keçirilməməsi, təmir-abadlıq işləri ilə bağlı bələdiyyə vəsaitinin qanunsuz, başqa məqsədlər üçün xərclənməsi, ayrı-ayrı bələdiyyələrin sədri tərəfindən təkbaşına qərar qəbul olunmaqla kollegiyalıq prinsipinin pozulması, büdcə vəsaitlərinin qanunsuz silinməsi və digər məsələlərlə bağlı olub”.
Deputat Elmira Axundova bildirdi ki, bölgələrdə bələdiyyə sədri təyin olunan şəxslər əksər vaxtı bu vəzifələri icra etməyə hazır olmur, ona görə də bələdiyyə sədrləri təlimlərə cəlb edilməlidir. E.Axundova dedi ki, bələdiyyələrin problemlərinin başlıca səbəbi onların icra hakimiyyətlərindən asılı olmalarıdır.
Bu zaman sual üçün yazılan Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə söz alaraq narazılığını bildirdi. O dedi ki, ədliyyə nazirinin müavini Vilayət Zahirovun bələdiyyələrlə bağlı məruzəsindən sonra ona söz verilməli idi: “Çünki bu məruzə parlamentin Regional məsələlər komitəsinin müzakirə olunub, müzakirələrlə bağlı məlumat verməli idim. İstəmirsinizsə, ümumiyyətlə, heç danışmayım. Mənim çıxışım yoxdur, sadəcə, bunu demək istəyirdim”.
Parlamentin sədri Oqtay Əsədov isə bildirdi ki, bu şəkildə irad bildirmək lazım deyil: “Siz komitə sədri kimi müzakirələrdə iştirak etmək istəyirdisinizsə, bu barədə əvvəlcədən məlumat verməli idiniz. Nə vaxt istəyirdinizsə, deyərdiniz, çıxış edərdiniz”.
Deputat Qüdrət Həsənquliyev bildirdi ki, hər il müvafiq dövlət qurumu bələdiyyələrlə bağlı keçirilən tədbirlər barədə hesabat verir, lakin onların ölkə həyatındakı rolunun artırılması istiqamətində hökumətdən qanun layihələri parlamentə daxil olmur. O bildirdi ki, ölkə prezidenti kiçik və orta sahibkarlığın inkişafına dəstək verir, lakin bələdiyyələr onların fəaliyyətinə mane olur: “Bəzən sahibkar Bakı ətrafında mazutlu torpaq sahəsini icarəyə götürmək istəyir. Bütün sənədlər hazır olanda bələdiyyə sədri torpağın sonuncu auksion qiymətinə satılacağını deyir. Bələdiyyələr yerli icra hakimiyyətləri ilə birlikdə cinayət sövdələşməsinə gedib sahibkarların marağına toxunurlar. Yaxud bələdiyyə sədrləri ərazidəki sahibkarlardan abadlıq üçün tikinti materialı götürür, lakin sonra o materialların pulu verilmir. Ədliyyə Nazirliyi bu qanunsuzluqların qarşısının alınmasında xüsusi rol oynamalıdır. Çox zaman icra hakimiyyətləri bu qanunsuzluqları bələdiyyələrin əli ilə gördürür”.
Deputat Qənirə Paşayeva isə bildirdi ki, bələdiyyələrin fəaliyyəti ilə bağlı şikayətlərin sayının azalmaması təəssüf doğurur: “Vətəndaşların bələdiyyələrdən gözləntiləri çoxdur, ona görə də bu qurumlara müraciətlər çox edilir. Odur ki, vətəndaşların müraciətlərinə daha çevik baxılması mexanizmlərini müəyyən etmək lazımdır”.
Deputat Çingiz Qənizadə isə dedi ki, məruzəni təqdim edən qurumda son illərdə aparılan işlər birdən-birə sıçrayışla özünü göstərməyə başlayıb: “Biz bir fakta nəzər salsaq görərik ki, 2017-ci ildə inzibati nəzarət qaydasında Ədliyyə Nazirliyinə daxil olmuş 62618 bələdiyyə aktının baxılması, buna qiymət verilməsi bu orqanda nə qədər ağır iş yükünün olması deməkdir. Yəni bunlardan təxminən 60 mininə baxılıb və müsbət dəyərləndirilib. Amma yerdə qalan 740-ı ləğv edilib, 714-ü dəyişdirilib və bir neçəsi isə məhkəməyə göndərilib. 60 min ərizənin bir orqan tərəfindən yoxlanılması ciddi faktdır”.
Müzakirələrdən sonra illik hesabat səsvermə ilə təsdiqləndi.
“Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsi barədə isə vitse-spiker, parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov məlumat verdi.
Spiker Oqtay Əsədov deputatları konkret danışmağa, təkliflər verməyə çağırdı: “Dünyada 3500 azad iqtisadi zona var, ancaq onun 150-si gəlirlə işləyir. Çünki ona normal şərait yaradılmır”.
Müzakirələr zamanı çıxış edən deputat Qüdrət Həsənquliyev iradlarını səsləndirdi: “Biz komitə iclasında da qanun layihəsində əksini tapan və konstitusiya ilə ziddiyyət təşkil edən məqamlara iradlarımızı bildirdik. Ancaq Valeh müəllim, siz yenə eyni qaydada, dəyişiklik aparmadan qanun layihəsini bizə təqdim etdiniz”. Deputat xatırlatdı ki, parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində qanun layihəsinin müzakirəsi zamanı sədr Valeh Ələsgərov onları “vətənpərvər” adlandırıb: “Özümü həqiqi vətənpərvər hesab edirəm. Buna görə də deməliyəm ki, bu qanunda konstitusiyamıza zidd maddələr yenə əks olunub. Az qala hər şey ölkə qanunlarından daha üstün hesab olunur. Bu məqamlar ikinci oxunuş üçün mütləq düzəldilməlidir. Azərbaycan vətəndaşlarının yerli məhkəmələrə, o cümlədən Avropa İnsan Haqları Məhkəməsinə müraciət etmək hüququ var. Bu qanunda isə belə bir imkan onlara yaradılmayıb”.
V.Ələsgərov səslənən fikirlərə münasibət bildirərkən dedi ki, qanun layihəsi hazırlanarkən beynəlxalq təcrübəyə istinad olunub, ən yaxşı qanunun nümunəsi masa üzərinə qoyulub.
Bundan sonra qanun layihəsi ilk oxunuşda qəbul edildi.
“Bu yaxınlarda məlum oldu ki, Azərbaycan pasportu hörmətinə görə dünyada 70-ci yerdədir. Hər halda, dünyanın 200 ölkəsi arasında 70-ci olmaq elə də pis göstərici deyil”.
Bu fikirləri isə deputat Qüdrət Həsənquliyev söylədi. Deputatın sözlərinə görə, Azərbaycanın bu mövqedə qərarlaşmasının səbəbi var: “Bu hörmət onunla müəyyənləşir ki, Azərbaycan vətəndaşları neçə ölkəyə vizasız gedə bilərlər. Biz Avropa Birliyi ilə əməkdaşlığı genişləndirməli, Avropa ölkələrinə vizasız gediş-gəlişə imkan verən sənədin imzalanmasına nail olmalıyıq. Qonşu Gürcüstan artıq buna nail ola bildi. Bizim hökumətimiz çalışmalıdır ki, təkcə diplomatlar deyil, Azərbaycan vətəndaşları başqa ölkələrə vizasız gedib-gələ bilsin”. Q.Həsənquliyev qonşu ölkələrlə viza rejiminin aradan qaldırılmasını da təklif etdi: “İran və Türkiyə ilə də viza rejimi aradan qaldırılmalıdır”.
Deputat Aqil Abbas “Qaz təchizatı haqqında” qanuna dəyişikliklərin müzakirəsində seçicilərinin xahişini çatdırdı: “Cənab sədr, Ağcabədidə yaşayan 10 min adamın şəxsən sizə qaz problemi ilə bağlı müraciəti var. Ağcabədidə 135 min əhali yaşayır, onun 125 mini qazla təmin olunub. Möhtərəm prezident deyib ki, ölkənin 95 faizi qazlaşdırılıb. Ağcabədidə bir Bayat kəndi var. Bu kənd Dədə Qorqudun, Rəşid Behbudovun, Natəvanın, digərlərinin kəndidir. Çox qəridədir, sağında, solunda, Ağdamın, Ağcabədinin bütün kəndlərində qaz var, amma Bayatda qaz yoxdur. Seçicilərim xahiş etdilər siz onlara kömək edəsiniz, o kənd də qazlaşdırılsın”.
Yekunda deputatlar “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanun layihəsini müzakirə etdilər. Layihə barədə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli məruzə etdi. Bildirdi ki, Azərbaycanda fiziki qüsurları olan insanların sayı 620 min nəfərdir: “Bu isə ölkə əhalisinin 6 faizə qədərini təşkil edir”. Onun dediyinə görə, dünyada əlilliyi olan şəxslərin əhali sayı ilə müqayisədə nisbəti 10-12 faiz civarındadır: “Son illər ölkəmizin əhalisinin sayı 1,5 milyon artsa da, bu kateqoriyalı insanların sayı artmayıb. Çünki əlilliyin reabilitasiyası istiqamətində addımlarla bağlıdır”.
H.Rəcəbli qeyd etdi ki, hazırkı qanun 25 il bundan əvvəl qəbul olunub: “Biz 2008-ci ildə biz beynəlxalq konvensiyaya qoşulmuşuq və qanunvericiliyin beynəlxalq standartlara uyğun hazırlanması zəruri olub”.
Deputat Fazil Mustafa əlilliyin artımının müşahidə olunmadığı barədə H.Rəcəblinin sözlərinə reaksiya verdi: “Halbuki nazirlik etiraf etdi ki, bürokratik maneələrlə əlillərin sayının artmasına imkan verilmir. Bizdə çox sayda əlillərin hüquqları tanınmırdı. Amma son iki ildə bu məsələ ilə bağlı maneələr aradan qalxdı”. Deputat əlillərin hüquqlarının qorunması, rahatlığının təmin edilməsi üçün əlavə təkliflər də verdi. Həmçinin televiziyaların fəaliyyətini də tənqid etdi. Bildirdi ki, dövlət büdcəsindən maliyyələşən AzTV və İTV-dəki verilişlərin yayımı zamanı əlillər nəzərə alınmır.
Deputat Tahir Rzayev rayonlara əlillərin sayı ilə bağlı limit qoyulmasını düzgün saymadı.
Deputat Elşən Musayev isə əlillərə qarşı ədalətsizlik edən məmurların ən sərt şəkildə cəzalandırılmasını təklif etdi: “Adam var, yağının yarısı yoxdur. Deyir, məni hər 6 aydan bir çağırırlar komissiyaya. Onun ayağı təzədənmi çıxacaq? Yaxud başqa birisinin barmaqları yoxdur. Deyir, məni reabilitasiyaya göndərirlər ki, sənə əlillik düşmür. Biz əsl əlillərin hüquqlarını qorumalı və onların iş problemi ilə məşğul olmalıyıq”.
Deputat Qənirə Paşayeva dedi ki, əlillərlə bağlı ən vacib məsələlərdən biri onların təhsil almasıdır: “Amma əlillər ümumi imtahan sistemi vasitəsilə imtahan verir və tələb olunan balı toplaya bilmir. Beləliklə, onlar pullu təhsilə düşürlər, bu vəsaiti ödəməyə çətinlik çəkirlər. Əlillərin pulsuz təhsil almaq imkanını nəzərdən keçirsək, çox yaxşı olardı”. Q.Paşayeva əlillərin işlə təmin olunmasına da diqqət yetirməyə çağırdı.
Müzakirələrdən sonra layihə ilk oxunuşda qəbul edildi.
Elşad PAŞASOY,
“Yeni Müsavat”