Putinin Bakı və İrəvan gedişi - diplomatik “düyün” kəsiləcək, yoxsa açılacaq...
15-02-2018, 13:07
Rusiyanın Azərbaycandakı səfiri postu artıq 3 aydır ki, boş qalır. “Yeni Müsavat” xatırladır ki, sonuncu səfir Vladimir Doroxinin səlahiyyət müddəti hələ keçən il noyabrın 27-də prezident Vladimir Putinin verdiyi sərəncamla bitib. Doroxin qədərindən (5 il) artıq müddətdə - 9 il idi ki, Azərbaycanda fövqəladə səfir missiyasını yerinə yetirirdi.
Qeyd edək k, Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova ötən ilin sonunda keçirdiyi brifinqlərin birində 2018-ci ilin yanvarda Azərbaycana yeni səfir təyinatının anonsunu versə də, təyinat indiyədək gecikir. Belə görünür, Bakı Rusiya XİN-in Kadrlar Departamentinin direktor müavini vəzifəsində çalışan ermənipərəst Georgi Zuyevə aqreman verməkdən imtina etdikdən sonra bu məsələ böyüyüb və uzanıb. Hərçənd Rusiya Bakının haqlı imtinasının ikitərəfli münasibətlərdə neqativ iz saxlamadığını iddia edir, fakt budur ki, Moskva səfir təyinatı ilə bağlı “siyasi sükut”a qərq olub və hələ də fikirləşir.
Bunu da yada salaq ki, Rusiya xarici işlər naziri Sergey Lavrov aradakı gərginliyi ört-basdır etmək və özünü sığortalamaqdan ötrü öz yaxın adamı Georgi Zuyev üçün Moskvanın guya Bakıdan aqreman xahiş eləmədiyini bildirmişdi. Halbuki Zuyevin təyinatı ilə bağlı rəsmi informasiya hələ keçən ilin iyul aylında Rusiya Xarici İşlər Nazirliyinin saytında yerləşdirilmişdi.
Beləcə, ölkəmizə səfir təyinatı uzanır. Bir daha qənaət hasil olur ki, Sergey Lavrovun söylədikləri səmimi deyil. Yəni Rusiya insidentin fərqində və götür-qoydadır...
*****
Bu arada bəlli olub ki, Rusiyanın Ermənistandakı səfiri İvan Volınkinın də öz postundan getməyə hazırlaşdığı məlum olub. Rus səfirin 5 illik diplomatik missiyası martın 22-də başa çatır. Bununla bağlı srağagün prezident Serj Sərkisyanla keçirdiyi görüşdə diplomat “ölkənizi böyük təəssüflə, lakin unudulmaz və parlaq təəssüratlarla tərk edirəm” deyib. Ancaq məsələ də elə ondadır ki, Rusiya-Ermənistan münasibətlərinin ən qəliz dönəmi məhz hazırkı səfirin fəaliyyəti dövrünə təsadüf edir.
Məhz Volınkinin səfir olduğu dövründə Ermənistanda anti-Rusiya ovqatı pik həddə çatıb, hətta səfirlik binası önündə erməni nümayişçilər prezident Vladimir Putinin şəklini yandırıblar, “İvan, evinə get!” (İvan Volınkin yox, ruslar nəzərdə tutulur - red.) kimi Rusiya əleyhinə şüarlar səsləndiriblər. Bu anti-Rusiya dalğası da daha çox Gümrüdəki 102 saylı Rusiya hərbi bazasının əsgərinin bir erməni ailəsinin 7 üzvünü güllələməsinə, habelə 4 günlük aprel müharibəsində müttəfiq Rusiyanın “laqeyd qalmasına” və Rusiyanın Azərbaycana vaxtaşırı böyük partiya silah-sursat verməsinə görə yaşanıb və indi də davam edir.
Söz düşmüşkən, rusiyalı səfir Moskvanın Bakı ilə silah ticarətinə həmişə və açıq formada haqq qazandırıb, verdiyi bəyanatlarda Azərbaycan hərbi-texniki əməkdaşlığını Kremlin kommersiya maraqları ilə əlaqələndirib və nəticədə zaman-zaman erməni siyasi və ekspert dairələrinin, hətta rəsmi şəxslərinin qəzəbinə tuş gəlib. İndi bunun üstündən cənab Volınkinin “ölkənizi unudulmaz, parlaq təəssüratlarla tərk edirəm” söyləməsi, yumşaq desək, vəziyyətə, bütövlükdə Rusiya-Ermənistan münasibətlərinin hazırkı durumuna adekvat görünmür. Ya da səfir bu sözləri sarkazmla söyləyib.
*****
Böyük ehtimalla, Rusiya və Ermənistandakı prezident seçkilərindən az sonra Volınkinin İrəvana gələcək xələfini daha qəliz dönəm gözləyir. Hər halda, Dağlıq Qarabağ, status-kvo (işğal) məsələlərində real dönüş, müharibə perspektivi və Qarabağ bölgəsində rus sülhməramlılarının olub-olmayacağına məhz yeni səfirin dövründə, qarşıdakı illərdə aydınlıq gəlməlidir. Deməli, Azərbaycandakı yeni səfirinin kim olacağı da Kreml üçün az önəm kəsb eləmir.
Suallardan biri də budur ki, görəsən, Moskva eyni vaxtda Azərbaycana da səfir göndərəcəkmi? Əgər Ermənistana səfir təyinatı Azərbaycanı qabaqlasa, o halda qənaət hasil ola bilər ki, Bakı-Moskva münasibətlərində diplomatik diskomfort aradan qalxmayıb. Hərçənd buna da şübhə yox ki, Azərbaycan kimi strateji, Ermənistandan qat-qat böyük önəm kəsb edən bir ölkədə səfirin olmaması daha çox Rusiyanın maraqlarına cavab vermir.
Rusiya və Azərbaycanın “Şimal-Cənub” nəqliyyat dəhlizi kimi böyük layihə ortaqları olması və tezliklə Moskvada 3 ölkənin - Rusiya, İran və Azərbaycan prezidentlərinin planlaşdırılan növbəti üçlü görüşü də bu xüsusda az şey demir. Ehtimal ki, uzağı, həmin görüşədək Kreml Bakıya sonuncunu qane edəcək səfir göndərəcək və bununla da tərəflər arasında diplomatik diskomfort aradan qalxacaq, diplomatik “düyün” fəsadsız açılacaq, nəinki kəsiləcək.
Hər halda, artıq şübhə etmirik ki, Zuyev olayından sonra məsələ şəxsən Putinin nəzarətindədir və Rusiya XİN-in başında duran erməni Lavrov-Kalantarovun Moskva-Bakı əməkdaşlığını pozmağa yönəlik növbəti avantürasi, öz yaxın adamını Azərbaycana səfir göndərmək sevdası heç vaxt reallaşmayacaq - 18 mart prezident seçkisindən sonra Lavrovun Putin komandasında qalacağı deyilsə də...
“Yeni Müsavat”