Tərcüməçi ilə bağlı problem yarandıqda nə etməli? – Almaniyadan sığınacaq istəyənlər oxusun

15-02-2018, 17:10           

Almaniyada dinləmədə iştirak edən tərcüməçilər, onların etdikləri tərcümələrin keyfiyyəti, eləcə də bəzi tərcüməçilərin ifadə verən şəxsin işlərinə əsassız müdaxilələri haqqında müraciətlər daxil olur. Bəzən yazılı tərcümələrin də yanlış olduğu bildirilir və vəkillərin, hakimlərin tərcümənin mətnini başa düşmədiyini qeyd edənlər, bu halda ödənişin necə geri alınacağını öyrənmək istəyənlər də var. Odur ki, tərcüməçi ilə bağlı bəzi məsələlərə aydınlıq gətirmək üçün əvvəllər paylaşdığımız yazını müəyyən dəyişikliklə yenidən diqqətinizə çatdırmaq istəyirəm.

Almaniyada qaçqın statusu üçün müraciət etmiş şəxs tərcüməçi xidmətlərindən pulsuz istifadə etmək hüququna malikdir. Bu, onu başqa tərcüməçi tutmaq hüququndan məhrum etmir.

Bir neçə dinləmə protokolunu sığınacaq axtaran şəxslə müzakirə edən zaman müəyyən olunmuşdu ki, idarələrin, təşkilatların, qanunların adları, bəzən şəxs adları və s. tamamilə yanlış tərcümə olunub. Mövcud vəziyyətlə müqayisədə bu vəziyyətə etiraz edən, əlavətərcüməçi tələb edən, dinləmə protokolunu imza etməkdən imtina edən soydaşlarımızın sayıisə olduqca azdır.

Tərcümə insanlar arasında ünsiyyət vasitəsidir və tərcüməçi hər iki tərəfi dəqiq başa düşdüyü halda tərəflər arasında ünsiyyət vasitəsinə çevrilə bilər.

Tərcümə xidmətində əsas problem Azərbaycan Respublikasında doğulmuş, Azərbaycanda böyümüş, Azərbaycan dilində təhsil almış şəxslərlə yanaşı Cənubi Azərbaycanda doğulmuş və fars dilində təhsil almış, Türkiyədə doğulmuş və türk dilində təhsil almış, İraqda doğulmuş və ərəb dilində təhsil almış və s. şəxslərin də dinləmələrdə tərcüməçi kimi təyin edilməsidir. Başqa ölkələrdən olan tərcüməçilər yuxarıdakı bənddə göstərilənlərdən başqa Azərbaycanın hüquq mühafizə orqanlarının və onların idarələrinin, hüquq mühafizə orqanlarının qəbul etdikləri qərarların, hətta bəzi hallarda ali təhsil müəsisələrinin, hətta ixtisasların adlarını belə dəqiq tərcümə edə bilmir. Bunlar isə təbii ki, dinləmə zamanı verilən ayrı-ayrı sualların məzmununa, sonda isə dinləmə üzrə obyektiv qərarın qəbul olunmasına mənfi təsir göstərir. Həmin tərcüməçilər Azərbaycanın idarəçilik sisteminə bələd olmadığından hətta Azərbaycanda eyni idarənin adını hər dəfə fərqli deməklə və ya ictimai təşkilatın adını dövlət orqanının adı kimi təqdim etməklə suallara verilən cavabların obyektivliyinə heç bir əsas olmadan kölgə salır.

Unutmayın ki, sizin tərcüməçiyə etiraz etmək hüququnuz var. Dinləmə başlamazdan əvvəl tərcüməçi ilə söhbət edin, onun Azərbaycan dilini hansı səviyyədə bildiyini dəqiqləşdirin. Ona yazılı sənəd təqdim edin və normal oxuyub başa düşdüyünü dəqiqləşdirin. Bu, sizin hüququnuzdur və tərəddüd etmədən Azərbaycan Respublikasında təhsil almış tərcüməçi tələb edə bilərsiniz.

Azərbaycandan olan tərcüməçilərin sizin danışdıqlarınızı, təqib olunmanız haqqında verdiyiniz məlumatları (ümumiyyətlə ifadəniz haqqında məlumatları) Azərbaycanınhakimiyyətdə olan məmurlarına çatdırması barədə yayılanlar həqiqətə uyğun deyil, uydurmadır. Tərcüməçi məlumatların məxfiliyinə məsuliyyət daşıyır, həm də peşə etikasına görə bu kimi hallara yol verilə bilməz. Gələcəkdə tərcüməçi ilə bağlı problemləriniz olmasın deyə hər kəsin aşağıda qeyd olunanlara əməl etməsini zəruri hesab edirik.

Bir daha qanunla müəyyən edilmiş hüquq və vəzifələrinizi nəzərinizə çatdırırıq.

Almaniyanın Miqrasiya və Qaçqınlar üzrə Federal idarəsində (BAMF) keçirilən dinləmə zamanı ərizəçilərin hüquqları:

Müsahibədən əvvəl:
• Sığınacaq almaqla bağlı qaydalarla tanış olmaq, hüquqi yardım almaq;
• əgər mümkündüsə, vəkilinizlə birlikdə müsahibəyə girmək;
• müsahibədən əvvəl daha yaxşı başa düşdüyünüz dili seçib bu barədə məmuru məlumatlandırmaq;
• qadınsınızsa, qadın tərcüməçi tələb etmək;
• vəkildən əlavə güvəndiyiniz digər bir tərcüməçini də müsahibəyə gətirmək;
• gətirəcəyiniz şəxs barəsində BAMF- a əvvəlcədən xəbər vermək;

Müsahibə vaxtı:
• tərcüməçinin düzgün tərcümə etmədiyini barəsində şübhəniz olduğu təqdirdə bunun protokolda qeyd olunmasını tələb etmək və müsahibənin başqa tərcüməçi ilə başqa günə təxirə salınmasını tələb etmək;
• müsahibə zamanı protokollaşdırma alman dilində aparılır. Lakin sizinlə təkrar olaraq oxunmuş, yəni hazır protokolun alman dilindən azərbaycan dilinə tərcümə olunmuş protokol da tanış edilir. Nə qədər yorğun olsanız da, protokolu yalnız dediklərinizin hamısının qeyd olunduğuna əmin olduqdan sonra imzalayın.Buna əmin olmadıqda protokola qeyd edin.
• Müsahibədə söhbət sizin həyatınızdan, gələcək taleyinizdən və sizin tarixçənizdən gedir. Odur ki, müsahibənin müddətinə siz qərar verirsiniz. Sizə lazım olan məlumatların hamisini deməmisinizsə, dinləmənin (müsahibənin) başa çatmasına imkan verməyin.
• əgər tərcüməçi sizi tələsdirərsə və siz demək istədiklərinizi deyə bilməsəsniz və ya sualınızı verə bilməsəniz ya protokolu imzalamayın, ya da protokolda demək istədiklərinizi öz dilinizdə və ya müsahibə verdiyiniz dildə protokola qeyd edin.
• Protokolda səhv və ya əksiklik aşkar edərsəniz düzəldilməsini tələb edin. Etmədikdə bu barədə qeyd aparın.

Dinləmədən (müsahibədən) sonra:
• əgər dinləmə zamanı uyğunsuzluq hiss etsəniz, bunu yaddaş protokoluna qeyd edin. Vəkiliniz varsa ona verin, yoxdursa yeni vəkil tutun və ona verin.
• vəkiliniz yoxdursa və siz neqativ cavab almısınızsa, ən qısa müddətdə vəkillə təmin olunmaq üçün bizə müraciət edə bilərsiniz.

Sizə təqdim olunan protokolu Azərbaycan dilinə tərcümə etdirin, verdiyiniz ifadənin tam düzgün qeyd olunduğuna əmin olun.

Dinləmə zamanı tərcüməçi ilə bağlı problem yaşamısınızsa və ya bu haqda daha dolğun informasiya almaq istəyirsinizsə, bizə – Legat İnteqrasiya Mərkəzinə müraciət edin.

Bizim ödənişsiz məsləhətlərimizdən hər zaman faydalana bilərsiniz.

Qeyd olunanlardan başqa sizin tərcüməçidən şikayət etmək hüququnuz var. Tərcümçininsığınacaq axtaran şəxslərin ifadələrinə müdaxiləsi, şəxslərin ifadələrinə “düzəliş“ etməsi, təqdim olunan sübuta rəy bildirməsi, verilən ifadənin ağla batan olub-olmamasını ifadə etməsi, ifadə verən şəxsin dediklərini lağ obyektinə, yaxud gülüş hədəfinə çevirməsi və s. kimi hallar yolverilməzdir. Həmin tərcüməçi haqqında hüquqi tədbirlərin görülməsinə əsasdır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.