Gözlər prezidentdə: seçkilərlə bağlı sərəncam və siyahı...
28-08-2015, 09:27
Milli Məclisə seçkilərə rəsmi start verilir; Dövlət başçısı İlham Əliyevin V çağırış Milli Məclisə seçkilərin hazırlanması və keçirilməsi ilə bağlı sərəncamı bu gün elan edilə bilər; YAP-ın böyük maraqla gözlənilən namizədlər siyahısı da açıqlanmalıdır; iqtidar rəsmisi “hakimiyyətə söz gətirə biləcək əməllərdən” çəkinməyə çağırıb və saxtakarlıq təsdiqləndiyi halda komissiya üzvlərinin sərt cəzalandırılacağını bildirib
Noyabrda Milli Məclisə keçiriləcək seçkilərə bu gün rəsmi start verilə bilər. Azərbaycan Konstitusiyasının 84-cü maddəsinin II hissəsinə və 109-cu maddəsinin 1-ci bəndinə uyğun olaraq deputat seçkiləri gününü prezident təyin edir.
“Yeni Müsavat”ın əldə etdiyi məlumatda deyilir ki, böyük ehtimalla bu gün Azərbaycan prezidenti İlham Əliyevin V çağırış Milli Məclisə seçkilərin hazırlanması və keçirilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər barədə sərəncamı elan edilə bilər.
Gözlənilir ki, sərəncamla həm Prezident Administrasiyasına, həm MSK-ya və Daxili İşlər Nazirliyinə seçki ilə bağlı bütün vacib prosedurların başlanması və əməl edilməsi, o cümlədən siyasi partiyalara, siyasi partiyaların bloklarına və deputatlığa namizədlərə müəyyən olunmuş yerlərdə seçkiqabağı təşviqatın keçirilməsi üçün bütün zəruri şəraiti yaradılması tapşırılacaq. Mənbəmiz deyib ki, bu gün YAP böyük maraqla gözlənilən namizədlər siyahısını da açıqlamalıdır.
Qeyd edək ki, bir neçə gün əvvəl MSK sədri Məzahir Pənahov avqust ayının sonuna doğru parlament seçkiləri ilə bağlı kampaniyaya start veriləcəyini deyib. Sərəncamla bağlı maraqlı məqamlardan bir də seçki günü ilə bağlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 84-cü maddəsinin 2-ci bəndinə əsasən, Milli Məclisin hər çağırışının seçkiləri noyabr ayının birinci bazar günü keçirilir.
2015-ci ilin noyabrın ilk bazar günü ayın 1-nə təsadüf edir. Buna görə də seçkilərin noyabrın 1-də keçirilməsi gözlənilir. Amma istisna deyil ki, Türkiyədə də təkrar parlament seçkiləri noyabrın 1-nə təyin edildiyi üçün Azərbaycanda seçkilər noyabrın 8-də keçirilsin. Hər halda, bu vaxtadək nə MSK, nə Prezident Administrasiyası seçkilərin məhz noyabrın 1-də keçiriləcəyi barədə bir söz deməyiblər.
Qeyd edək ki, aşağı seçki komissiyalarının üzvlərinin Milli Məclisə seçkilərlə bağlı müxtəlif istiqamətlərdə maarifləndirilməsi məqsədi ilə avqustun 24-dən 26-dək ölkə ərazisindəki bütün dairə seçki komissiyalarının katibləri, üzvləri və məntəqə seçki komissiyalarının sədrlərini əhatə etməklə, seçki hüququ üzrə ixtisaslaşdırılmış kursları tamamlayıb. Ümumilikdə 6000-dən çox seçki rəsmisini əhatə edən irimiqyaslı layihə aşağı seçki komissiyaları üzvlərinin seçki prosesi ilə bağlı məlumatlandırılmasına xidmət edib.
İddialara görə, keçirilən təlimatlarda seçki komissiyası üzvlərinə xəbərdarlıq edilib ki, bu dəfə seçkidə nəzarət ciddi olacaq, 1000-dən çox məntəqə isə canlı yayınla izlənəcək. Onlara xüsusilə müxalifət namizədləri ilə diqqətli olmaq, narazılıq yaradacaq hallara yol verməmək tapşırılıb. Məlumata görə, seçki komissiyaları üzvlərinə heç bir halda YAP və ya hakimiyyətə yaxın partiya namizədləri ilə kontakt qurmamaq göstərişi verilib.
Prezident Administrasiyası rəhbərinin müavini Zeynal Nağdəliyev də ötən həftə MSK-da keçirilən geniş toplantıda xəbərlərə görə, hamını “hakimiyyətə söz gətirə biləcək əməllərdən” çəkinməyə çağırıb və saxtakarlıq təsdiqləndiyi halda komissiya üzvlərinin, dairə-məntəqə sədrlərinin sərt cəzalandırılacağını bildirib.
Gözlər prezidentdə...