“Məhəbbətinizə və etimadınıza görə sağ olun” - Mehriban Əliyeva

28-08-2015, 10:11           
“Məhəbbətinizə və etimadınıza görə sağ olun” - Mehriban Əliyeva
Azərbaycanın birinci xanım Mehriban Əliyeva ad günü münasibətilə onu təbrik edənlərə minnətdarlığını bildirib.

APA-nın xəbərinə görə, M. Əliyeva ad günü münasibətilə KİV-lər, sosial şəbəkələr, Azərbaycanın müxtəlif regionlarından və xarici ölkələrdən məktublar və teleqramlar vasitəsilə aldığı çoxsaylı təbriklər üçün hamıya səmimi qəlbdən təşəkkürünü və minnətdarlığını bildirib.

“Mən sosial şəbəkələrin fəal olmayan istifadəçisiyəm. Amma mənə deyirlər ki, siz mənə nə qədər xeyirxah, xoş və səmimi arzular ünvanlamısınız. Hamınıza “Çox sağ olun” deyirəm! Mən məktublarınızdan çox böyük müsbət enerji aldım. Öz məhəbbətlərini belə sadə, gözəl və səmimi ifadə edən uşaqların təbrikləri məni çox mütəəssir etdi.

Mən sizin diqqətinizi yüksək qiymətləndirirəm və hər birinizə minnətdaram. Sizin arzularınızdan doğan hərarətə, hər bir sözünüzdə hiss etdiyim səmimiyyətə görə minnətdaram. Məhəbbətinizə və etimadınıza görə sağ olun” deyə Birinci xanım qeyd edib.

M. Əliyeva artıq uzun illərdir ki, həyatının ən müxtəlif məqamlarında bu dəstəyi hiss etdiyini də vurğulayıb: “Məhz siz və sizin mənə inamınız məni ruhlandırır və əlavə qüvvə verir. Sözlərin və vədlərin müəyyən müddətdən sonra unudulmaq xüsusiyyəti var. Amma həyata keçirilən ideyaların nəticələri heç vaxt yaddan çıxmır. Sizin təbriklərinizi mənim fəaliyyətimə, mənim zəhmətimə ehtiramın əlaməti kimi dəyərləndirirəm”.

“Hər birinizə ayrılıqda cavab verməyə fiziki imkanım olmadığı üçün bir daha hamınıza xoş münasibətə görə dərin minnətdarlığımı bildirirəm. Hər birinizə, ailələrinizə, doğmalarınıza və yaxınlarınıza möhkəm cansağlığı və xoşbəxtlik, aydınlıq və məhəbbət arzu edirəm” deyə müraciətdə qeyd olunub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.