Dollar kreditləri ilə bağlı yeni gəlişmə: Hökümət güzəştə hazırlaşır?

22-03-2018, 00:11           

Azərbaycanda problemli kreditlərlə bağlı müzakirələr yenidən qızışıb. Buna səbəb Milli Məclisin əhalinin 2006-cı il yanvarın 1-dən etibarən yaranmış və indiyədək ödənilməmiş icbari dövlət sosial sığortası borclarının və 2015-ci il yanvarın 1-dək formalaşmış maliyyə sanksiyalarının silinməsi haqqında qanun qəbul edilməsi idi. Sənəd bu il aprelin 1-də qüvvəyə minəcək.

Dövlət pensiya üzrə 182 milyon manat məbləğində borcu silmək niyyətindədir. Sığorta amnistiyası cəmiyyətdə ödənilməyən kreditlər probleminin həlli ümidlərini bərpa etdi.

Deputat Vahid Əhmədov bu fikrin perspektivli olduğunu düşünür və hesab edir ki, devalvasiyadan sonra ölkədə iqtisadi gərginlik zəifləyib, işgüzar aktivlik artıb, manatın məzənnəsi nisbətən sabitləşib. Buna görə də “pis” kreditlər ilə ciddi məşğul olub, onların həlli üçün mexanizmlər hazırlanmalıdır. Bu, çox mühüm problemdir. Onsuz ciddi şəkildə sarsılan milli bank sisteminin bərpasına başlamaq mümkün deyil. Bu gün bir çox bank zərərlə işləyir, likvidliklə bağlı çətinlik yaşayır.

Xatırladaq ki, Mərkəzi Bankın məlumatına görə, bu il fevralın 1-i üçün Azərbaycanda vaxtı keçmiş kreditlərin ümumi məbləği 1 695,9 milyon manat təşkil edib. Bu kreditlərin həcmi ilin əvvəli ilə müqayisədə 69,2 milyon manat və ya 4,25 faiz artıb. Kredit portfelində problemli kreditlərin payı 14,5% -ə çatıb. Bu göstərici ilin əvvəlində 13,8%, ötən ilin yanvar ayının sonunda isə 9,8% təşkil edirdi.

Yeri gəlmişkən, bəzi müstəqil ekspertlər başqa rəqəmlər gətirir və qeyd edirlər ki, kredit portfelində problemli kreditlərin payı 16%-ə çatır. Beynəlxalq reytinq agentliklərinin məlumatlarına görə, bu göstərici 25-30% səviyyəsindədir. Bu, beynəlxalq səviyyədə qəbul edilmiş standartdan 4-5 dəfə yüksəkdir. Xarici təcrübədə bu rəqəm 5%-dən çox deyil, inkişaf etmiş ölkələrdə isə təxminən 3% təşkil edir.

Eyni zamanda, İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov problemli kreditlər probleiminin həlli üçün bir mexanizm təklif edib. Təklifin mahiyyəti kredit borclarının məbləğini dövlət, banklar və borcalan arasında bərabər paylarda bölməkdir.

“Əgər dollar krediti 0.78 manat məzənnə ilə götürülübsə, devalvasiyadan əvvəl 10 min dollar 7800 manata bərabər idi. İndi 10 min dollar təxminən 17 min manata bərabərdir. Beləliklə, 9,200 manat məbləğində fərq üç tərəf arasında bərabər – hərəyə 3000 manat olmaqla bölünməlidir. Problemli kreditlərin həllindən, ilk növbədə, bank sektoru faydalanacaq. İndi həm kredit, həm də depozit portfelində azalma var. Banklar depozitləri cəlb etmək istəmirlər, çünki pul vəsaitlərinin yerləşdirilməsində çətinliklər var”, – deyə Bayramov bildirib.

Lakin müstəqil ekspert Natiq Cəfərli Turan-a müsahibəsində bu mexanizmin perspektivlərinə şübhə ilə yanaşıb.

Onun sözlərinə görə, bu, hətta qəbul edildiyi təqdirdə gecikmiş bir həll yoludur və təsiri zəif olacaq. Bu seçim ümumi kredit portfelindəki problemli kreditlərin payı 9% ikən, ikinci devalvasiya dalğasından dərhal sonra məqbul idi. Bu gün o, 15%-ə yaxınlaşır.

“Bu günə qədər böyük həcmdə kredit faizləri yığılıb. Onlar borcun əsas məbləği ilə birlikdə xeyli ödənilməyən məbləğ təşkil edir. Məsələni həll etmək üçün ilk növbədə maliyyə mənbələrini tapmaq lazımdır. Və ya banklar müştərilərin borcunun məbləğinə bərabər vəsait ayırmalıdır. Ya da bu strukturlara vergi güzəştləri tətbiq etmək lazımdır. Ancaq başqa bir vacib məsələ var – borcalanın mövcud inflyasiya şəraitində ödəmə qabiliyyəti. İndi insanların maddi vəziyyəti çətindir. Əgər borc məbləği 3 bərabər paya bölünsə, hətta belə bir formulda vətəndaşlar borcun bir hissəsini ödəyə bilməyəcək. Kreditlə bağlı bu mexanizmi başlamaq üçün maliyyə mənbələri tapmaq lazımdır”, – deyə Cəfərli qeyd edib. (Turan.az)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.