Deputat kasıb ailələrdə övlad artımına ehtiyac görmür: “Qız uşaqlarının adına heç bir vəsait köçürülməyəcək”

22-03-2018, 01:02           

Deputat kasıb ailələrdə övlad artımına ehtiyac görmür
İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) sədri Vüqar Bayramov mətbuata açıqlamasında bildirib ki, ailələrdə ikinci qız uşaqlarının və növbəti qız uşaqlarının adına hesab açılacaq: "Həmin hesaba 10 min manat vəsait köçürüləcək. 2015-2020-ci illər üçün nəzərdə tutulmuş Demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramında qız uşaqlarının sayının artırılması məsələsi öz əksini tapıb. Hazırda Azərbaycanda hər 100 doğulan qıza 116 oğlan uşağı düşür. Ancaq ölkədə bioloji norma göstəricisi 105-dir. Bu onu göstərir ki, müəyyən müddətdən sonra qızların sayında azalma müşahidə olunacaq".

V.Bayramovun sözlərinə görə, bu proses yalnız demoqrafik baxımdan deyil, həm də iqtisadi baxımdan arzuolunmayandır: "Məhz buna görə, təklif edirik ki, qız uşaqlarının sayının artırılması üçün stimullaşdırıcı metodlar həyata keçirilsin. İnzibati metodlarla qız uşaqlarının ana bətnində öldürülməsinin qarşısını almaq mümkün deyil. Çox təəssüf ki, bu, heç bir səmərə vermir. Məhz buna görə ailələrdə ikinci qız uşaqlarının və növbəti qız uşaqlarının adına hesab açılacaq. Həmin hesaba 10 min manat vəsait köçürüləcək. Bu təklifimiz Dövlət Proqramına daxil edilib. Həmin vəsait qız uşaqlarının hesabına hissə-hissə köçürüləcək. Bu vəsaiti məktəb xərcləri üçün istifadə etmək mümkün olacaq. Təklif hazırda müəyyən yaş həddində olan ikinci qız uşaqlarına da şamil olunacaq".

"Bunlar boş söhbətdir və sosial informasiyadır"

Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli isə deyib ki, Azərbaycanda ailələrdə ikinci qız uşaqlarının və növbəti qız uşaqlarının adına hesab açılacağı və onların hesabına 10 min manat vəsaitin köçürüləcəyi ilə bağlı yayılan xəbərlər əsassızdır: "Bunlar boş söhbətdir və sosial informasiyadır. Necə ola bilər ki, məbləği qıza vermək olar, oğlana olmaz? Bu gün də sosial informasiyalar qədər narahat, cəmiyyəti tərpədən informasiyalar yoxdur".

Dünyada başqa bir təcrübənin olduğunu da bildirən komitə sədri vurğulayıb ki, demoqrafik təhlükəsi olan bəzi ölkələrdə problemi aradan qaldırmaq üçün iki uşağı olan ailələrə üçüncü uşaq olduqda əlavə vəsait verirlər: "Azərbaycanda isə uşaqların orta sayı artır. İldə təbii artım 125-130 mindir. 18 ildən sonra ona yer, ev, iş tapmalıyıq, yemək verməliyik. Bunun əlavə, həvəsləndirməsi də olsa, kasıbın, imkansızın, əlilin uşağı daha çox olacaq. Əslində isə biz deməliyik ki, kimin pulu varsa, onun uşağı çox olsun. Evdə 4 it saxlayır, amma 1 uşağı var. Belə hallar ayıbdır".

Hazırda hər 100 doğulan qıza 116 oğlan düşür

Azərbaycanda 2003-cü ildən başlayaraq doğum səviyyəsi tədricən yüksəlib. "Azərbaycan Respublikasında əhali sakinliyi və demoqrafik inkişaf sahəsində Dövlət Proqramı"nda (2014-2025-ci illər) qeyd olunub ki, bu dövr ərzində ümumi nəsilvermə əmsalı 1.9 səviyyəsindən yüksələrək 2013-cü ildə 2.2 təşkil edib. Bununla yanaşı, diri doğulanların cins strukturunda 1990-cı illərin əvvəllərindən oğlan uşaqlarının artımı müşahidə olunur və hazırda hər 100 doğulan qıza 116 oğlan düşür (bioloji norma göstəricisi 105-107 təşkil edir).
Qeyd olunanlar ilk növbədə valideynlər tərəfindən uşağın cinsinin seçimi ilə bağlı verdiyi qərar və tədbirlərlə (selektiv abortlar) izah oluna bilər. Ölkədə diri doğulanların ümumi sayında rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların payı 1990-cı ildə 2.6 faiz, 2003-cü ildə 10.5 faiz, 2013-cü ildə isə 14.5 faiz təşkil edib.

"Oğlanların sayı qızların sayından həddindən artıq çoxdur"

Qadın Krizis Mərkəzinin məsləhətçi həkimi Təranə Həsənova açıqlamasında bildirdi ki, ölkəmizdə selektiv abortlar həqiqətən var və geniş vüsət almaqdadır. Onun sözlərinə görə, selektiv abortları ölkəmizin adət-ənənəsi ilə əlaqələndirmək olmaz: "Statistika illər ərzində daim dəyişilir. Selektiv abort yalnız bizə aid olan bir şey deyil. Yəni Azərbaycan dünya ölkələri arasında selektiv abortlara görə heç də birinci yerdə durmur. Statistikada Çin ilkin sıralarda gəlir. Orda başa düşmək olar ki, dünyaya gələn uşaqların sayına məhdudiyyət qoyulub. Bunu bir kənara qoyaq. Qonşu ölkə olan Gürcüstan selektiv abortlarda ən öndə gedir. Yəni bunun müsəlmançılığa, adət-ənənəyə heç bir aidiyyatı yoxdur. O ki qaldı yerdə qalan xüsusiyyətlərə, bilirsiniz ki, ailələr hazırda iki uşaqlı ailə modelinə daha çox üstünlük verirlər. İkincisi, ailələrin uşaqları böyütməklə bağlı maddi cəhətdən problemləri olur. Ailələr istəyirlər ki, uşaqların sayı onların istəyinə uyğun olsun. Qısası onlar bunu tənzim edib, çox uşağın olmasına icazə vermirlər".

T.Həsənova qadınların abortları daha çox uşaq böyütmək, onun çətinliyi ilə əlaqələndirdiyini deyir: "Şəxsən mənim özüm üçün maraqlı olur. Ona görə də selektiv aborta gələn qadınlara bu sualı verirəm. Onlar hamısı bu cavabı verirlər. Onlar deyirlər ki, "ailədə iki uşağın olmasını istəyirik". Onlar da həmin uşağın hökmən oğlan olmasını istəyirlər. Oğlan uşaqlarının çoxluğu ilə bağlı rəsmi statistika var. Ancaq mən qeyri-rəsmi statistikanı demək istəyirəm. Məktəblərdə siniflərə diqqət edin. Hazırda məktəblərdə siniflərdəki oğlanların sayı qızların sayından ciddi şəkildə çoxdur".

Selektiv abortların qarşısı alınmasa...

T.Həsənovanın fikrincə, bu prosesin qarşısını almaq məsələsi də var. Onun sözlərinə görə, təbii seçim olmalıdır: "Bunun üçün ən azı ailələrin ümumi vəziyyəti yaxşılaşmalıdır. Burda da dövlət proqramı olmalıdır. O proqram ciddi şəkildə işləməlidir və onun işləməsinə dövlət özü güclü nəzarət etməlidir. Yəni ailələrə müxtəlif formada güzəştlər olmalıdır. Bunun üçün qonşu ölkələrin təcrübələrindən faydalanmaq olar. Ölkənin gəlirindən asılı olaraq həmin proqrama yeni nələrsə əlavə etmək olar. Layihə hazırlanmalıdır və işlənməlidir. Əgər dövlət özü ailələrin arxasında dayanmasa, bu proses artan tendensiya ilə davam edəcək".

Sosioloq Cavid İmamoğlu Bizimyol.info-ya açıqlamasında bildirdi ki, Azərbaycan reallığında selektiv abortların sayı çox olduğundan bu kimi üsullar effektiv olacaq. Selektiv abort cinsə görə aparılan abortdur: "Ultrasəs müayinəsindən sonra valideynlər müəyyənləşdirir ki, uşaq qız və ya oğlan olacaq. Müşahidələr göstərir ki, uşağın cinsiyyəti qız olan zaman valideynlər abort etdirməyə meylli olurlar. Bu baxımdan maddi cəhətdən təşviq edilən tədbirlər selektiv abortların qarşısını almağa kömək edəcək. Valideynlər bu dəfə qız uşaqlarına qarşı daha həssas olacaqlar. Ümumiyyətlə, Azərbaycan Respublikasının qanunvericiliyində cinsə görə ayrı-seçkilik yoxdur. Hətta ən son 2011-ci ildə nikah yaşı da oğlan və qızlar arasında bərabərləşdirildi. Ancaq qanunvericiliyin bərabər yanaşma ortaya qoymasına baxmayaraq, cəmiyyətin düşüncəsində, stereotipli düşüncələrdə qız uşaqlarına qarşı oğlan uşaqlarından fərqli yanaşma var. Bu səbəbdən də hökumətin, hər hansı başqa təşkilatların proqram irəli sürməsi, dünyaya gələn qız uşaqlarına görə 10 min manat məbləğində yardım etmələri həqiqəqətən də bu prosesə müsbət təsir göstərəcək".

C.İmamoğlu deyir ki, dünyanın bir çox ölkələrində, xüsusi ilə də Avropa məkanında uşaq dünyaya gətirməyi təbliğ etmək üçün bir dəfəlik pul müavinəti və ya uzunmüddətli müavinətlər nəzərdə tutulub: "Estoniya, Hollandiya, İsveç və bütün Qərbi Avropa ölkələrinin hökumətini misal göstərə bilərik. Onlar demoqrafik gərginliyi aradan qaldırmaq üçün bu cür maddi rifah vəd edirlər. Azərbaycanda da əgər qız uşaqlarının dünyaya gəlməsində selektiv abortların qarşısı alınmasa, gələcəkdə demoqrafik gərginliyə səbəb ola bilər. Ona görə belə addımların atılması çox müsbətdir".//bizimyol.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.