Azərbaycan və İsveçrə arasında məsləhətləşmələr keçirilib
22-03-2018, 09:23
Martın 20-də Azərbaycan Respublikası xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev İsveçrə ilə Azərbaycan arasında yüksək səviyyəli məsləhətləşmələr aparılması üçün İsveçrə Konfederasiyasına rəsmi səfər edib.
Azərbaycanın İsveçrədəki səfirliyindən APA-ya verilən məlumata görə, paytaxt Berndə keçirilən məsləhətləşmələr çərçivəsində Azərbaycan nümayəndə heyəti ilk olaraq İsveçrə Federal Xarici İşlər Departamentində dövlət katibinin müavini Kristina Marti Lanqın başçılıq etdiyi nümayəndə heyəti tərəfindən qəbul edilib. Görüş zamanı tərəflər iki ölkə arasında əlaqələrin hazırkı vəziyyətini təhlil edib və əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıblar. Hər iki tərəf Azərbaycan ilə İsveçrə arasında sıx əməkdaşlıq əlaqələrinin mövcudluğundan, Bretton Vudz institutlarında (Dünya Bankı və Beynəlxalq Valyuta Fondu) əməkdaşlıqdan məmnuniyyətlərini ifadə edib və əlaqələrin müxtəlif sahələrdə daha da inkişafında maraqlı olduqlarını vurğulayıblar. İki ölkə arasında iqtisadi əlaqələrin möhkəmliyi və qarşılıqlı sərmayələr, o cümlədən Holcim və Stadler kimi İsveçrə şirkətlərinin Azərbaycanda, ARDNŞ-nin isə İsveçrədəki fəaliyyəti yüksək dəyərləndirilib, bununla belə, bu əməkdaşlığın, xüsusən də ticarət əlaqələrinin gücləndirilməsi üçün kifayət qədər potensialın mövcud olduğu qeyd edilib. İsveçrə tərəfi Azərbaycan prezidenti İlham Əliyevin Ümumdünya İqtisadi Forumun Davosda keçirilən illik toplantılarında iştirakını yüksək qiymətləndirib və bu praktikanın gələcəkdə də davam etdiriləcəyinə ümid ifadə edib.
Görüşdə Ermənistan-Azərbaycan münaqişəsi, ölkəmizin işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyət, Azərbaycanda iqtisadi islahatların həyata keçirilməsinə İsveçrənin dəstəyi, Azərbaycanın iştirakı ilə həyata keçirilən regional enerji və nəqliyyat layihələrində, o cümlədən Cənubi Qaz Dəhlizi və Bakı-Tbilisi-Qars layihələrində və bu layihələrdə İsveçrə şirkətlərinin iştirakı, kənd təsərrüfatı və dərman preparatları istehsalı sahəsində əməkdaşlıq imkanları, maliyyə bazarlarına nəzarət qurumları arasında əməkdaşlıq məsələləri, Azərbaycan və İsveçrə arasında Hökumətlərarası iqtisadi komissiyanın fəaliyyəti, ölkəmizdə insan hüquqlarının təminatı məsələləri, beynəlxalq təşkilatlar çərçivəsində ölkələr arasında əməkdaşlıq, Azərbaycanın Avropa İttifaqı ilə əlaqələri və qonşuları ilə münasibətləri ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan nümayəndə heyətinin növbəti görüşü İsveçrə Konfederasiyasının İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) İxracata Nəzarət İdarəsinin rəisi, cari ilin iyun ayından etibarən Azərbaycan Respublikası Hökuməti və İsveçrə Konfederasiyası Federal Şurası arasında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın İsveçrə tərəfindən həmsədri kimi fəaliyyətə başlayacaq Ervin Bollinqer ilə olub. Görüş zamanı E.Bollinqer ölkələrimiz arasında iqtisadi əlaqələri çox yaxşı kimi xarakterizə etsə də, bu əlaqələrin daha da inkişaf etriilməsi üçün imkanların olduğunu qeyd edib və buna görə iş adamları arasında təmasların təmin edilməsinin vacib olduğunu bildirib. Nazir müavini öz növbəsində İsveçrə şirkətlərinin ölkəmizin əsasən qeyri-neft sektoruna investiya qoymasını yüksək qiymətləndirib. İkitərəfli iqtisadi münasibətlərin inkişaf etdirilməsində Azərbaycan Respublikası Hökuməti və İsveçrə Konfederasiyası Federal Şurası arasında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın oynadığı mühüm rola diqqət çəkilib, bu komissiyanın növbəti iclasının yeni tarixləri və fəaliyyətinin optimallaşdırılması istiqamətində fikir mübadiləsi aparılıb. Görüşdə, həmçinin kənd təsərrüfatı, o cümlədən fındıq idxalı sahəsində əməkdaşlıq məsələləri, peşə təhsili sahəsində İsveçrənin təcrübəsinin Azərbaycan tərəfindən öyrənilməsi imkanları müzakirə edilib. Bundan əlavə, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) daxil olması istiqamətində aparılan danışıqlar barədə də fikir mübadiləsi aparılıb.
Daha sonra Azərbaycan nümayəndə heyəti ardıcıl olaraq İsveçrənin 16 irimiqyaslı klinikasını özündə birləşdirən “İsveçrə Tibbi Şəbəkəsi” təşkilatının MDB ölkələri idarəsinin rəhbəri Marina Verbitski və İsveçrədə meyvə-tərəvəz ticarəti sahəsində fəaliyyət göstərən 175 şirkəti birləşdirən “SWISSCOFEL” təşkilatının marketinq şöbəsinin müdiri Matias Tsürflüh ilə görüşüb. “İsveçrə Tibbi Şəbəkəsi” ilə görüşdə təşkilatla Azərbaycanın müvafiq qurumları arasında əməkdaşlıq imkanları, o cümlədən İsveçrə tibb müəssisələri ilə Azərbaycanın tibb müəssisələri arasında tərəfdaşlıq, Azərbaycanlı həkimlərin İsveçrə müəssisələrində təcrübə keçməsi imkanları, insan resursları və tibbi sığorta sahəsində əməkdaşlıq perspektivləri müzakirə edilib. “İsveçrə Tibbi Şəbəkəsi”nin təmsilçisi konkret layihələrin müzakirə edilməsi üçün maraqlı tərəflərin iştirakı ilə Bakı və ya Bern şəhərlərində dəyirmi masanın keçirilməsi təklifi ilə çıxış edib. “SWISSCOFEL” təşkilatı ilə görüşdə Azərbaycanın fındıq təsərrüfatı barədə fikir mübadiləsi aparılıb, İsveçrə tərəfi Azərbaycandan fındıq idxalında maraqlı olduğunu bildirib. Nazir müavini Azərbaycanda kənd təsərrüfatı sahəsində aparılan islahatlar, o cümlədən fındıq istehsalının artırılması istiqamətində atılan addımlar barədə məlumat verərək, İsveçrə tərəfinin fındıq idxalına marağını yüksək qiymətləndirib və bunu perspektivli əməkdaşlıq sahəsi kimi xarakterizə edib. Qeyd edilməlidir ki, hal-hazırda təşkilata üzv şirkətlərin meyvə-tərəvəz satışlarının həcmi ildə 4 milyard İsveçrə frankı təşkil edir və İsveçrə üzrə ümumi meyvə-tərəvəz satışlarının 86 faizi bu təşkilata üzv şirkətlər tərəfindən həyata keçirilir.