Sərdar Cəlaloğlunun konfederasiya təklifi qalmaqal yaratdı

14-06-2018, 09:22           
Sərdar Cəlaloğlunun konfederasiya təklifi qalmaqal yaratdı
ADP sədri: “Mən bəhanəyəm, bu adamlar Türkiyə-Azərbaycan əlaqələrini vururlar”
ADP sədri Sərdar Cəlaloğlunun Türkiyə-Azərbaycan konfederasiyası yaradılması təklifi yenidən gündəmə gəlib. Partiya sədri prezident seçkiləri ərəfəsində belə bir təkliflə çıxış etmişdi.

ADP rəhbərinin konfederasiya təklifi daha çox tənqid olunur. Öncə eks-prezident Ayaz Mütəllibov bu məsələyə sərt münasibət sərgiləyərək, siyasətçi barəsində ağır ifadələr işlədib.

Sitat: “Bu cür məsələlərin ortaya atılmasına heç bir lüzum yoxdur. Azərbaycan müstəqil dövlətdir. Bu müstəqilliyi qan bahasına əldə etmişik. Konfederasiyaya gedən ölkələr az keçmir ki, müstəqillik üçün həsəd aparırlar. Mən bu cür təkliflərin qəti əleyhinəyəm. Ümumiyyətlə, müxalifət adını daşıyan siyasətçilər bu cür məsələlərə baş qoşmamalıdır. Müxalifət nümayəndələri, o cümlədən Sərdar Cəlaloğlu Allaha şükür etsin ki, onlar müstəqil Azərbaycan dövlətində yaşayırlar. Bu, qudurğanlıqdır. Mən bu cür təklifləri qeyri-ciddi hesab edirəm... Vaxtilə prezident olanda, mənə qarşı bir neçə cəbhə açılmışdı. Onlardan biri də Sərdar Cəlaloğlunun yer aldığı cəbhə idi. Xalq Cəbhəsinin nümayəndəsi kimi Sərdar Cəlaloğlu mənə qarşı çıxışlar edirdi. Sərdar Cəlaloğlunu və onun qardaşı Qurban Məmmədovu tanıyıram. İndi onun qardaşı da xaricdən Azərbaycan əleyhinə elə çıxışlar edir ki, adam mat qalır. Başqa hakimiyyət olsaydı, Sərdar Cəlaloğlu və qardaşı kimi adamlara bu qədər humanist olmazdı. Bu hakimiyyət onun çox hərəkətlərinə dözümlü yanaşır.

Heç kəsə imkan vermək olmaz ki, çıxıb Azərbaycan əleyhinə danışsın. Mən də uzun müddət mühacirətdə yaşamışam. Ancaq bir nəfər belə deyə bilməz ki, nə vaxtsa çıxıb ölkəmin əleyhinə danışmışam. Hesab edirəm ki, iqtidar nümayəndələri də onun bu cür çıxışlarına irad tutmalıdır".


Ardınca AMİP lideri Etibar Məmmədov da müzakirələrə qoşularaq, S.Cəlaloğlunun bu təklifinin dövlətçiliyə zidd olduğunu bildirib: “Bu gün Sərdar Cəlaloğlu belə deyəndə, başqaları da ”Rusiyaya, İrana birləşək" deyəcək. Azərbaycan müstəqil dövlətdir və əsl siyasətçilərin də vəzifəsi bu dövlətin müstəqilliyinin qorunmasında iştirak etməkdir. Sərdar Cəlaloğlunun bu təklifi çox zərərlidir, dövlət buna imkan verməməlidir. Biz siyasətçilər bu dövlətin müstəqilliyinin qorunması və inkişaf etdirilməsinə çalışmalıyıq. Daha harasa birləşmək haqqında fikirləşməməliyik".


Vəhdət Partiyasının sədri, deputat Tahir Kərimli də konfederasiya təklifinə münasibət bildirərək, A.Mütəllibovun fikirlərini dəstəkləyib: “Mən bu məsələ ilə bağlı Ayaz Mütəllibovun fikirlərini tam dəstəkləyirəm. Vaxtilə Sərdar Cəlaloğlu və digərləri Ayaz Mütəllibovu müstəqilliyimizə qarşı olmaqda ittiham edirdi. Amma indi Ayaz Mütəllibov həmin adamları haqlı olaraq ittiham edir. Azərbaycanın suverenliyini zəiflətmək yolverilməzdir. Türkiyə nə qədər qardaşımız, dostumuz da olsa, bu cür addımlar atmaq doğru olmaz. Sərdar Cəlaloğlunu bu cür hərəkətlərdən daşınmağa çağırıram”.

Deputat Tahir Rzayev isə ADP sədrini “təxribatçı” adlandırıb.

S.Cəlaloğlu barəsindəki fikirlərlə bağlı “Yeni Müsavat”a açıqlamasında həmin fikrin sahiblərini Rusiyanın əlaltısı olmaqda ittiham etdi: “Bu təklifi 3 ay öncə səsləndirmişdim. İndi nə baş verir? Nədən Ayaz Mütəllibov, Tahir Kərimli, Etibar Məmmədov üç ay susdular, son üç gündə bir-birilərinin ardınca reaksiya verməyə başlayıblar? Bunun çox incə bir səbəbi var. Son üç gündə baş verən mühüm bir hadisəyə nəzər salaq. Prezident İlham Əliyev Türkiyəyə gedib, orada TANAP-ın açılışında iştirak edib, Azərbaycan-Türkiyə qardaşlığı dünyaya bir daha bəyan edilib. Heç kəsdə şübhə doğurmur ki, TANAP-ın açılışı, bu qardaşlıq münasibəti Rusiyanın maraqlarına ziddir. Ona görə də ruspərəst qüvvələr, hakimiyyətdə Rusiyanın maraqlarını ifadə edənlər prezidentin Türkiyədə verdiyi bəyanatların sosial sifariş olmadığı, hakimiyyətdəkilərin hamısının belə düşünmədiyi görüntüsünü yaratmaq üçün xüsusi bir kampaniya təşkil ediblər. Hədəf kimi məni götürüblər, amma Türkiyə-Azərbaycan əlaqələrini vururlar. Etibar Məmmədov deyir ki, Sərdar Cəlaloğlu belə deyirsə, sabah başqa birisi Rusiya və İrana birləşməyi deyəcək. Əvvəla, Rusiya ilə bağlı Qüdrət Həsənquliyev uzun illərdir deyir ki, biz Avrasiya, Gömrük İttifaqına getməliyik. Digər ruspərəst qüvvələr də açıq şəkildə Rusiya mövqelərini ifadə edirlər. Deputat Arif Rəhimzadə yaxınlarda dedi ki, Azərbaycan dövlətini Rusiya yaradıb, ona borcluyuq. Etibar Məmmədova görə, Türkiyə ilə Azərbaycan ərazilərini işğal edən Rusiya və Ermənistanla əlaqələr quran İran eynidir. Bu şəxs Türkiyənin bizə görə ermənilərlə əlaqələri kəsdiyini, dünyada qınağa məruz qaldığını sanki unudub. Etibar Məmmədov üçün Türkiyə, Rusiya və İran eynidir. O fikri yeritməyə çalışır ki, Türkiyə ilə belə bir ittifaq qurularsa, Rusiya və İranla da qurulmalıdır”.

ADP sədri onu da qeyd etdi ki, təklifinə qarşı çıxanlar bu konfederasiyanın nə olduğunu anlamırlar: “Konfederasiya müstəqil dövlətlərin birliyidir. Məsələn, Avropa Birliyi konfederasiyadır. İndi birlik ölkələri müstəqilliklərini itiriblər? Etibar Məmmədov hər şeyi yaxşı bilir və anlayır ki, Türkiyə-Azərbaycan konfederasiyası yaradılsa belə, kimsə İranla da belə bir ittifaqın yaradılması təklifi ilə çıxış etməyəcək. Bizim qardaş ölkə ilə belə bir konfederasiya yaratmağımız üçün kifayət qədər əsaslar var. Təklifim yeni deyil. Bunu Məhəmməd Əmin Rəsulzadə də, Seyid Cəfər Pişəvəri də istəyib. Vaxtilə Ayaz Mütəllibov deyirdi ki, Azərbaycan Rusiyanın bir quberniyası olmalıdır. İndi məni şəxs müstəqilliyin əleyhinə olmaqda ittiham edir. 20 Yanvar qırğınını törədib, rus qoşunlarını Bakıya dəvət edərək müstəqilliyimizin qarşısını almaq istəyən Ayaz Mütəllibov indi məni bu cür tənqid edir. Görün nə qədər gülünc bir vəziyyətdir. Aydın məsələdir ki, bu şəxslərin hamısı Rusiyaya bağlıdır. Azərbaycan-Türkiyə əlaqələrinə zərbə vurmaq istəyirlər. Mənə qarşı hücum edənlər siyasi maskalardır. Faktiki mənim fonumda Azərbaycan-Türkiyə əlaqələrinə qarşı çıxırlar. Təklifimə üç ay sonra ayılaraq reaksiya vermələri bunu göstərir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.