Büdcə dəyişikliyi gündəmdə - hökumətə tənqidlər var

15-06-2018, 10:10           
Büdcə dəyişikliyi gündəmdə - hökumətə tənqidlər var
Ekspert: “Hökumət iki təhlükəli məqamı nəzərə almalıdır”

Xəbər verdiyimiz kimi, 2018-ci ilin dövlət büdcəsinə dəyişikliklər paketi Milli Məclisə daxil olub. Paketdən aydın olur ki, büdcə gəlirlərində artımların əsas hissəsi Dövlət Neft Fondundan transfertin payına düşür - 1 milyard 750 min manat.

Büdcəyə artıq daxil olacaq vəsaitləri hökumət dövlət və ictimai büdcələrin gəlir və xərclərinin tarazlaşdırılmasına, dövlətin müdafiə və təhlükəsizliyinin daha da artırılmasına, ölkə əhalisinin həssas sosial qruplarının müdafiəsinin gücləndirilməsinə (Pensiya və sosial müavinətlərin, ünvanlı sosial yardımın, təqaüdlərin, dövlət büdcəsinin maliyyələşən təşkilatlarda çalışan işçilərin əmək haqlarının artırılması və digər sosial tədbirlərin maliyyə təminatı) sərf edəcəyini bildirir.

Büdcəyə dəyişikliyin əsas səbəbi isə Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən bəzi neft yataqları (“Ümid”, “Qarabağ” və “Babək” yataqları) üzrə həyata keçirilən qazma işlərinin aparılması məqsədilə dövlət dəstəyi olaraq şirkətin nizamnamə kapitalının artırılması, idxal olunan təbii qazın “Azerenerji” Açıq Səhmdar Cəmiyyətinə müqavilə dəyərindən aşağı qiymətə satışına görə yaranmış zərərin örtülməsi, kənd təsərrüfatı, su təchizatı, meliorasiya və irriqasiya tədbirlərinin, ölkədə turizmin inkişafı, yol infrastrukturlarının tikintisi və yenidənqurulması, həmçinin onlara xidmətlə bağlı xərclərin tənzimlənməsi, bəzi infrastruktur və sosial layihələrin maliyyələşdirilməsi və digər zəruri dövlət vəzifələrinin yerinə yetirilməsi ilə bağlı əlavə maliyyə təminatının formalaşdırılması üçün yaranan ehtiyaclardır.

Büdcəyə nəzərdə tutulan dəyişiklikləri “Yeni Müsavat”a şərh edən iqtisadçı-ekspert Pərviz Heydərov deyir ki, qəbul olunandan cəmi 6 ay sonra baş maliyyə sənədinə dəyişikliyin olunması düzgün addım deyil: “Büdcəyə o zaman dəyişiklik edilir ki, buna ciddi zərurət yaradan hansısa fövqəladə hadisə baş versin: yəni təbii fəlakət üzündən dağıntılar olsun və bu, külli miqdarda vəsait tələb etsin. Yaxud təcili olaraq ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi zərurəti ortaya çıxsın. Elə şəraitlərdə, bəli, dövlət büdcəsinə, onun gəlirlər və xərclər hissəsinə dəyişiklik etmək mümkündür. Amma əvvəlki illərin təcrübələrini də nəzərə alanda görürük ki, bizdə bu, ənənə halını alıb. Altı ay əvvəl qəbul olunmuş layihəyə yenidən baxılır, gəlirlər-xərclər artırılır”.

Ekspertə görə, büdcə dəyişikliyinin əsas səbəbi neftin dünya bazar qiymətinin büdcədə fiksə olunandan yuxarı olması nəticəsində əlavə gəlirlərin əldə olunmasıdır: “Neftin qiymətinin yüksək olması əlavə gəlirlər gətirir. Hökumət də dərhal həmin gəlirləri xərcləmək üçün büdcəyə dəyişiklik edir. Həmişə də Dövlət Neft Fondundan büdcəyə transfertin məbləği artırılır. Yalnız ötən il belə olmadı. 2017-ci ildə büdcəyə yenidən baxılan zaman fonddan nəzərdə tutulan məbləğ artırılmadı. Hətta böhran ili olan 2016-cı ildə də büdcəyə yenidən baxılıb - fevral ayında. Onda büdcə xərclərini təmin etmək üçün Neft Fondundan 2 milyard manat əlavə vəsait cəlb edildi. Yəni həm büdcəyə dəyişikliyinin özü, həm də bunun Neft Fondu vəsaitlərinin daha çox xərclənməsi hesabına edilməsi mənfi tendensiyadır”.

P.Heydərovun fikrincə, artırılan gəlirlərin iri dövlət şirkətlərinə yönəldilməsi builki büdcə dəyişikliyinin daha bir mənfi tərəfidir: “Ola bilsin ki, o şirkətlərin təsərrüfat fəaliyyətlərinin icrası üçün vəsaitə ehtiyacları həqiqətən var. Lakin aydın məsələdir ki, bu ehtiyaclar ilin ortasında yaranmayıb, onları büdcə hazırlanarkən də nəzərə almaq mümkün idi. Yəni bilavasitə ilin ortasında fövqəladə hadisə baş vermədiyi təqdirdə o şirkətlərin ehtiyaclarını büdcə dəyişikliyi üçün əsas gətirmək elə də məntiqi görünmür. Əgər büdcənin artan gəlirləri böhran dövründə qeyri-neft sektorunun inkişafı üçün qurulan planların, hazırlanan tədbirlərin icrasına yönələcəksə, onu alqışlamaq olar. Builki dəyişikliyin mahiyyətində bu dayanmalıdır”.

Müsahibimiz deyir ki, büdcə xərclərinin artırılması Azərbaycanda inflyasiyanı artıra bilər: “Dövriyyəyə əlavə pulun daxil olması makroiqtisadi sabitliyə təhlükə yarada bilər. Digər tərəfdən, dünya bazarında neftin qiymətinə o qədər də bel bağlamaq olmaz. Nəzərə almaq lazımdır ki, hazırkı qiymətləri formalaşdıran əsasən siyasi amillərdir və onların da davamlı olacağı ciddi sual altındadır. Yəni iki təhlükəli məqam var ki, bunlar nəzərə alınmalıdır. Birincisi, xarici risklərin hələ də mövcud olması, biz onlardan sığortalanmamışıq. İkincisi, büdcə xərclərinin, dövlət investisiyalarının artırılmasının bir sıra makroiqtisadi göstəriciləri - inflyasiya və manatın məzənnəsinə mənfi təsiridir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.