Prezidentin paradda toxunduğu vacib məqam - Millət vəkili
28-06-2018, 09:19
Bu gün Azərbaycan Ordusu yüksək vəzifələri yerinə yetirməyə qadirdir.
Bu sözləri Axar.az-a Azərbaycan Prezidenti İlham Əliyevin Bakının Azadlıq meydanında keçirilən təntənəli hərbi parad mərasimindəki nitqini şərh edən millət vəkili Aydın Mirzəzadə deyib. Deputat bildirib ki, prezident hərbi paraddakı çıxışında ordu quruculuğu ilə bağlı bir çox vacib məqamlara toxunub:
“Birincisi, hər bir ölkənin ordusu onun müstəqilliyinin və dövlətçiliyinin qarantıdır. Torpaqlarımızın bir hissəsi Ermənistan tərəfindən işğal edilib, ona görə də ordu Azərbaycan üçün daha böyük məna daşıyır. Prezidentin çıxışında göstərildiyi kimi, Azərbaycan ordu quruculuğuna daha da böyük diqqət yetirir. Güclənən iqtisadiyyatımız hesabına bu gün yüksək tələblərə cavab verən Silahlı Qüvvələr yaratmaq mümkün olub. Bu gün müasir silahlarla təchiz edilən Silahlı Qüvvələrimizin peşəkarlıq səviyyəsi kifayət qədər yüksəkdir. Keçirilən təlim-məşq toplantıları Ordumuzun daha da güclənməsinə səbəb olur. Məhz bunun nəticəsidir ki, iki il bundan əvvəl Aprel savaşı və 1 ay bundan öncə Naxçıvanda Şərurun Günnüt kəndi ətrafında keçirilən əməliyyatlar zamanı işğal olunmuş torpaqlarımızın bir hissəsi azad olunub”.
Millət vəkili ordu ilə xalq birliyinin silahlı qüvvələrin nüfuzunun yüksəlməsində mühüm rol oynadığını diqqətə çatdırıb:
“Cənab prezidentin işğal altında torpaqlarımızın mütləq azad olunacağını, ən əsası isə işğaldan azad olunan torpaqlarda dalğalanan Azərbaycan bayrağının Azadlıq meydanına gətiriləcəyini vurğulaması dövlətin öz ordusuna olan inamından irəli gəlir”.