ABŞ İranın şah damarını kəsir: partlayış gözlənilir - Ekspert

30-06-2018, 10:27           

ABŞ-ın Tehrana qarşı sanksiyalarının dərinləşməsi ilə paralel olaraq İranın daxildəki proseslərin sürəti də artıb.

Bu sözləri Axar.az-a son günlər İranda iqtisadi vəziyyətin ağırlaşması fonunda hökumət əleyhinə etirazlarla bağlı bəzi suallara aydınlıq gətirən siyasi ekspert Natiq Cəfərli deyib. O, İranda baş verən proseslərin çox maraqlı bir məcraya daxil olduğunu deyib:

“İran sanksiyalar altında yaşamağa öyrəşib, ancaq indi ortaya daha böyük bir problem çıxıb. Belə ki, ABŞ noyabrın 4-dən sonra İrandan neft alan şirkət və dövlətlərə sanksiyalar tətbiq edəcək. İranın şahdamar sistemi, bel sütunu məhz neft-qaz sektorudur və oradan gələn gəlirlər ölkənin ayaqda qalmasına və iqtisadi vəziyyətinə çox ciddi təsir göstərir. İran təqribən gündə 2.9 milyon barrel neft satır və bu da indiki qiymətlərlə gündəlik təqribən 40 milyon dollara yaxın rəqəm edir. Noyabrdan sonra dünyaya neft sata bilməyəcəyi halda İran iqtisadiyyatında çox ciddi təlatümlər yaşanacaq. Bu da İranda iqtisadi vəziyyətin daha da dərinləşməsinə gətirib çıxaracaq. Bu fonda əhalinin hökumətə qarşı münasibəti də pisləşəcək, iqtisadi vəziyyətin ağırlığından doğan etirazlar daha da artacaq”.

N.Cəfərli İranda inqilab ehtimalını gücləndirən proseslərin baş verdiyini bildirib:

“İran rialı kəskin ucuzlaşır. Bundan başqa, dollar satışına ciddi məhdudiyyətlər var. Banklar heç bir şirkətə və fiziki şəxsə 10 mindən çox dollar satmır, bir çoxu isə bu prosesi tamamilə dayandırıb. Bu həm cəmiyyətdə ajiotajı artırır, həm də İranın iş adamları və sadə vətəndaşlarının xarici əlaqələrinə, iqtisadi münasibətlərinə ciddi zərbə vurur. Ölkədə iqtisadi vəziyyətin ağırlaşması sosial, siyasi gərginliyi daha da artıracaq. Bir maraqlı nüans da ondan ibarətdir ki, ABŞ başda olmaqla, bəzi Qərb dövlətləri İrana qarşı nə qədər sərt addımlar atırlarsa, ölkə daxilindəki mühafizəkar kəsim hökumətin ətrafında bir o qədər sıx birləşə bilir. Bu, çox incə bir məsələdir. Qərb ölkələri bunu mütləq nəzərə almalıdır”.

Ekspert qeyd edib ki, İranda gedən ən maraqlı hadisələrdən biri son 40 ildə yeni və fərqli nəslin formalaşmasıdır:

“Əhalinin 65 faizindən yuxarısının yaş həddi 35-dən aşağı, İran inqilabından sonra doğulmuş insanlardır. Bu gənclərin əksəriyyəti xaricdə təhsil alıb ölkələrinə qayıdıblar. Son 30-35 ildə xaricdə təhsil alan İran vətəndaşlarının sayı 1milyona yaxındır. Bu, çox ciddi göstəricidir. Həmin gənclər İranda dəyişiklik, yeni rejim və demokratik seçkilər tələb edirlər. Bu yeni nəslin tələblərinin qarşısında artıq hökumət də geri addım atır. Hökumət anlayır ki, yeni nəslin tələblərinin yerinə yetirilməməsi daha böyük sosial partlayışlara gətirib çıxara bilər”.

Ekspertin sözlərinə görə, bu proseslərin bölgəyə də ciddi təsirləri ola bilər:

“Ümid edirəm ki, bu vəziyyət silahlı müharibəyə çevrilməz. Çünki İranla Qərbin, ABŞ və İsrailin müharibəsi bölgəni tamamilə parçalaya bilər. Bu, Azərbaycan üçün də çox böyük problemlər yaradar, çünki İranla böyük sərhəd xəttimiz var. Müharibəni heç kim arzulamır, ancaq münaqişənin getdikcə sərtləşməsi ehtimalı yüksəkdir. Bu sərtləşmə artdıqca və İranda iqtisadi vəziyyət gərginləşdikcə, əhali arasında dəyişiklik istəyənlərin sayı da artacaq. Bu nöqteyi-nəzərdən orada yaşayan azərbaycanlıların tutumu vacib faktorlardan birinə çevriləcək. Çünki İranda böyük türk kimliyini daşıyan insanlar yaşayır. Azərbaycan dilində müraciətin olması da məhz buna xidmət edir və onu göstərir ki, türk toplumu İranda gedən proseslərdə əsas rol oynayacaq. Bu fonda hesab edirəm ki, İranın gələcək taleyi məhz türklərin qərarından asılı olacaq”.

Qeyd edək ki, son günlər ABŞ sanksiyaları və rialın devalvasiyası fonunda İranda iqtisadi vəziyyət ağırlaşıb. Artıq Tehran bazarı bağlanıb və silsilə etirazlar müşahidə olunmaqdadır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.